• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlər "evdə təhsil" proqramından yayınır - ŞİKAYƏT /ŞƏRH

Müəllimlər "evdə təhsil" proqramından yayınır - ŞİKAYƏT /ŞƏRH
18.01.2024 16:37
2023-2024-cü tədris ilində Bakı şəhər Təhsil İdarəsinin tabeliyində olan  məktəblərin 3 800-ə yaxın şagirdi  evdə təhsil alır. Bu məlumat anews.az-a Bakı şəhər Təhsil İdarəsindən sorğuya yazılı cavab olaraq daxil olub. 
 
Cavaba görə, 1900-ə yaxın müəllim sağlamlıq imkanları məhdud şagirdlərə evdə təhsil verir.  
 
"Evdə təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçimində könüllülük prinsipinə əməl olunur. Son illərdə evdə təhsillə bağlı işinə xitam verilən müəllim olmayıb”, - cavabda vurğulanıb.
 
Dövlət Statistika Komutəsi anews.az-ın sorğusuna cavabında bildirib ki,  2023-2024-cü tədris ilinin əvvəlinə ölkə ərazisində evdə təhsil alan şagirdlərin sayı 6 000 nəfər olub.
 
"2023-2024-cü tədris ilinin əvvəlinə ölkədə 16 xüsusi ümumitəhsil məktəbi və internat tipli xüsusi ümumitəhsil məktəbi (sağlamlıq imkanları məhdud uşaqlar üçün) fəaliyyət göstərib. Onlarda da 5,5 min şagird təhsil alıb”, - cavabda bildirilib.
 
Anews.az-a adının açıqlanmasını istəməyən valideyn şikayətində qeyd edib ki, evdə təhsil alan uşaqlara dərs deyən müəllimlərə nəzarət edən yoxdur.
 
Onun sözlərinə görə, nitq qüsurlu övladı üçün evə gələn müəllim öz işinə məsuliyyətsiz yanaşır.
 
"Övladım nitq qüsurludur, buna görə evdə təhsil alır. Lakin evə gələn müəllim çox məsuliyyətsizdir. Gah dərsə vaxtında gəlmir, gah da ümumiyyətlə dərsləri buraxır.  Bununla bağlı şikayət edib bir neçə dəfə müəllimi dəyişmişik. Amma yenə də vəziyyət eynidir. Bu müəllimlərə nəzarət edən yoxdur. Müəllim uşağımın yerinə özü yazısını yazır, uşaq yazmış kimi mənə göstərir. Bu yaxınlarda müəllimlərin telefonuna nəzarət üçün GPS qoşulacağını eşidən müəllim GPS qoşulduqdan sonra işləməyəcəyini dedi”, - valideyn şikayətində qeyd edib.
 
Deputat Etibar Əliyev hesab edir ki, evdə təhsilə ciddi nəzarət olmalıdır.
 
"Evdə təhsillə bağlı vaxtilə bir proqram var idi. Ona xeyli vəsait xərcləndi. Bu proqrama De-instutlaşma deyilirdir. O özünü doğrultmadığı üçün digər layihələr kimi bunu da dayandırdılar. İnternat tipli məktəblərdə, evdə təhsildə çox ciddi nəzarət olmalıdır. Anadan gəlmə və ya sonradan yaranan qüsurları olan uşaqlar üçün təhsil vacibdir. Onları hər hansı vasitə  - oyunlar, əyləncəli proseslər və s. ilə həyata sevgisini qaytarmaq lazımdır. Bu mənada məncə buna çox ciddi nəzarət olmalıdır. Bu sahə üzrə işləyən müəllimlərin əməkhaqqında da müəyyən artımlar var. Onlar həmin uşaqlara öz övladları kimi yaxınlaşmalıdır. Bundan suistifadə etməməlidirlər”, - deputat əlavə edib.
 
Deputatın sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən evdə təhsilə cəlb olunan müəllimlərə nəzarət mexanizmi hazırlanmalıdır.
 
"Deputat kimi mən çağırış edirəm ki, sahəyə diqqət artırsınlar. Bilmirəm ki, onların neçə mütəxəssisi var, onlar bu işi bilirlərmi? Bunun heç təbliği də yoxdur. Onlar öz səhifələrində, internet səhifələrində geniş məlumat verməldir. Onların sayı neçədir, hansı kateqoriyalara bölünürlər, müəllimlərin ixtisası uyğun gəlirmi? Bu həm də dərin psixoloji məsələdir. həmin müəllimlər psixologiya elmini yaxşı bilməlidilər. Bakı Şəhər Təhsil idarəsi də başqa işlərin öhdəsindən gəldiyi kimi bunun da öhdəsindən gəlməlidir”, - Əliyev vurğulayıb.
 
Təhsil eksperti Elmin Nuri hesab edir ki, evdə təhsillə bağlı hazırlanmış proqramın faydalılığı və səmərəliliyindən danışmaq çətindir.
 
"Evdə təhsillə bağlı xüsusi proqram qanunvericiliklə qəbul edilib. Artıq bu bir neçə ildir ki, həyata keçirilir. Burada məqsəd fiziki əngəlli, bəzən də əqli qüsurlu məktəbyaşlı uşaqların təhsildən kənarda qalmamasıdır. Xüsusi proqrama əsasən evdə təhsilin təşkili qaydaları, hüquqi, metodiki aspektləri işlənərək təhsil prosesinə təqdim edilib. Amma bu necə həyata keçirilir? Onun faydalılığı səmərəliliyi nə dərəcədədir? Bununla bağlı birmənalı danışmaq çətindir. Bu istiqamət hər hansı problemin və yaxud perspektivin olduğunu deməkdən ötəri monitorinqlərə və datalara ehtiyac var. Ailələr var ki, onlar evdə təhsilə cəlb olunan müəllimlərdən çox razıdırlar, o müəllimlər həmin ailənin bir parçası olub. Uşağa can yandırmaqla onu həyata qaytarmaq, təhsil vasitəsilə onda özünə inam yaradır. Lakin elələri də var ki, nə valideyn, nə də ki, evdə təhsilə cəlb olunan uşaq tərəfindən müsbət qarşılanmır”, - ekspert əlavə edib.
 
Ekspertin sözlərinə görə, evdə təhsilə cəlb olunan uşağın təhsilinə yalnız ona təhkim olunan müəllim cavabdeh deyil.
 
"Onun oxuduğu sinifin rəhbəri də uşağın təhsilindən məsuliyyət daşıyır, o uşağın təhsilinə laqeyd qala bilməz. Onun təhsili ilə maraqlanmalıdır. Uşağın qeydiyyatda olduğu məktəbin təlim tərbiyə üzrə direktor müavini mütəmmadi uşaqlarla maraqlanmalıdır. Ən nəhayət direktorun özü.Bu üçlü evdə təhsilə cəlb olunan şagirdə və müəllimə nəzarəti gücləndirməlidir”, - o söyləyib.
 
Nuri bildirir ki, evdə təhsillə bağlı məsələnin ən vacibi işin metodikasını bilməkdir.
 
"Evdə təhsil, inkulizif təhsil bunlar ayrıca şaxələrdir, təhsilin ayrıca qollarıdır, çox spesifik əlamətlərdir. Həddindən artıq psixolojik hazırlıq, əsəblərə hakimlik tələb edən işdir. Bu ixtisas ali təhsil müəssisələrində var, amma həmin ixtisaslara tələb və diqqət daha da artırılmalıdır. Həyatdır, heç kim heç nədən sığortalanmayıb. Sağlam ailələrdə belə sağlam olmayan uşaqların doğulduğunu görə bilirik. Sağlam doğulsa belə, sonradan aldığı travmalardan, keçirdiyi qəza hadisələrindən sonra öz sağlamlığını itirə bilər. Təbii ki, onları təhsildən uzaqlaşdırmamaqdan ötəri işlər görülməlidir. Məncə, evdə təhsil gələcəkdə inkişaf edəcək. Keyfiyyət etibarı ilə olmasa da, kəmiyyət etibarı ilə inkişaf edəcək. Biz elə etməliyik ki, həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə inkişaf etsin. Həm sinif rəhbəri, həm direktor müavini, həm direktor, həm evdə təhsilə cəlb olunan müəllim, həm də ki, valideyn - bu beşlik uşağın gələcəyi ilə bağlı daha həssas olmalıdır”, - ekspert vurğulayıb.
 
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının qanununa görə, xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərı zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət verdiyinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin etməkdən ibarətdir.
Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir. Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkil qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş qərarına görə, evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlər əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar. Həmin şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur. Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarətdir. Dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir. Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz. 
 
Bir çox ölkədə evdə təhsil qanunidir. Evdə təhsilin ən çox yayıldığı ölkələrə Avstraliya , Kanada , Yeni Zelandiya , Böyük Britaniya və ABŞ daxildir Bəzi ölkələrdə icbari məktəb sisteminin genişləndirilməsi kimi yüksək səviyyədə tənzimlənən evdə təhsil proqramları var.
 
Almaniya kimi bir neçə başqa ölkə bunu tamamilə qanundan kənarlaşdırıb. 
 
Almaniyada ailələrin uşaqlarını evdə oxutmasına mane olan ciddi icbari təhsil qanunları mövcuddur. Almaniya bu qanunları ciddi şəkildə tətbiq edir, ailələrin övladlarını dövlət məktəblərindən uzaqlaşdırmaq həvəsinə az əhəmiyyət verir.
 
Əgər övladlarınızın Türkiyə vətəndaşlığı varsa, onlar evdə təhsili seçə bilməyəcəklər, çünki milli təhsil qanunları bütün uşaqların təhsilini özəl və ya dövlət məktəblərində almasını məcbur edir.
Almaniya "uşaqların sosiallaşmasında məktəb əsaslı təhsilin oynadığı mühüm rolu” hesab edir.
 
İsveçdə təhsil orqanları öz arqumentlərini uşaqların "peşəkar müəllimlər tərəfindən öyrədilməsi, obyektiv və elmə əsaslanan kurikulum” hüququ ilə əsaslandırıblar. 
 
İsveçrənin 26 kantonundan 16-da buna icazə verilir, lakin məhdudiyyətlər tətbiq olunur, ona görə də ailələrə müraciət etməzdən əvvəl bunu hərtərəfli araşdırmaları lazım gəlir. 
 
Yaponiyada orta məktəb yaşına qədər rezident uşaqlar üçün əsas təhsil məcburidir, yəni ölkədə ibtidai və orta məktəb məcburidir. Bununla belə, orta məktəb isteğe bağlı olduğu üçün uşağı 14 yaşına çatdıqdan sonra evdə təhsil qanuni və əlverişli seçimə çevrilir.
 
Finlandiyada məktəbə davamiyyət deyil, təhsil məcburi olduğundan, evdə təhsil uşaqları öyrətməyin qanuni yoludur . Bunun üçün icazə tələb olunmur, yalnız qanuni qəyyumun/qəyyumun bələdiyyənin məktəb rəhbərliyinə yazılı bildirişi tələb olunur.
 
ABŞ-da evdə təhsil bütün əlli ştatda qanunidir. ABŞ Ali Məhkəməsi heç vaxt evdə təhsillə bağlı xüsusi qərar verməyib.
 
Belçikada altı yaşından 18 yaşa qədər olan uşaqlar üçün təhsil məcburidir. Evdə təhsil tamamilə qanunidir və bəzi ailələr üçün bu, müxtəlif səbəblərə görə onların üstünlük verdiyi seçimdir.
 
 Aygün Mirakif
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol