“Tərtər işi”ndə işgəncələrə rəhbərlik edənlərin rütbələri, vəzifələri artırılıb - Müttəhimlər

2017-ci ilin mayında Tərtərdəki və
Mingəçevirdəki hərbi hissələrdə, Tərtərin Şıxarx kəndindəki köhnə qərargah
binasında, Sarıcalıdakı və Bakıdakı hərbi hospitallarda hərbçilərə kütləvi şəkildə
işgəncə verməkdə ittiham olunan keçmiş hərbçilərin məhkəməsi Bakı Hərbi Məhkəməsində
davam edir.
Bu iş üzrə ötən il ayrı-ayrılıqda dörd qrupun məhkəməsi başlamışdı,
iki qrupun məhkəməsi başa çatıb. Barələrində hökm çıxarılmış keçmiş hərbçilər
apellyasiya şikayəti veriblər. Bakı Hərbi Məhkəməsində məhkəməsi davam edən digər
iki qrupdan birində - "Maşıyevgilin işi”ndə təqsirləndirilən şəxslər ifadə
verir, digərində - "Fuad Ağayevgilin işi”ndə isə sənədlər tətdiq olunur.
Sonuncu məhkəmə iclası "Maşıyevgilin
işi” üzrə olub. Bu qrup dörd nəfərdən ibarətdir.
Ruslan Mikayılov həmin dövrdə
Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı
qrupunun komandiri olub. Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyevsə gizir
rütbəsində xidmət edib. Onlar 2017-ci ilin may-iyununda 180-dən çox hərbçiyə
işgəncə verməkdə, onlardan bir neçəsini işgəncə ilə öldürməkdə, yaxud da
intihara vadar etməkdə ittiham olunur. Bu şəxslər bundan əvvəl də Tərtər işgəncələrinə
görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci
(qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin
olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 6 il
həbs cəzası verilib. Bu cəzanın da bir hissəsini çəkib, azadlığa buraxılıblar.
2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin
sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və
medallarla mükafatlandırılıblar. Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə
icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə
onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.
Sonuncu məhkəmə iclasında Ruslan
Mikayılov sərbəst ifadə verib. Ruslan Mikayılov həmin vaxt 1-ci Korpusun rəhbəri
general Hikmət Həsənovun yaxın qohumu Məhərrəm Həsənovun komandiri olduğu Tərtərdəki
N saylı hərbi hissədə bölük komandiri olub. İfadəsində göstərib ki, 2017-ci il
mayın 4-də İsmayılbəyli meşəsindəki təlimdən qayıtdıqdan sonra – günün ikinci
yarısı kapitan Anar Ramazanov hərbi hissə komandiri Məhərrəm Həsənovun əmrini
ona çatıdrıb. Həmin əmrlə xüsusi təyinatlı bölükdən hərəsində 12 nəfər olmaqla
üç qrup Tərtərin Şıxarx kəndindəki köhnə qərargahın binasını mühafizə etməyə
yollanıb. Orada vətənə xəyanətdə şübhəli bilinən yüzlərlə hərbçiyə işgəncə
verildiyini görüb. İşgəncələrə Hikmət Həsənovun hüquqi işlər üzrə köməkçisi
Fuad Ağayevin (məhkəməsi davam edən digər qrupdadır) rəhbərlik etdiyinin şahidi
olub.
"Gedən kimi binanın ikinci mərtəbəsində korpusun komandiri Hikmət Həsənovun
köməkçisi Fuad Ağayevlə görüşdük. Dedi ki, Tərtərin hərbi prokurorluğunun müstəntiqləri
burada vətənə xəyanət etməkdə şübhəli bilinən hərbi qulluqçular dindirir. Hər
şey ona həvalə olunmuşdu. Bizə binanı mühafizə etməyi tapşırdı. Mən binanın
giriş qapısına öz qrupumdan olan iki hərbçi qoydum, qalanlarına da mühafizəni təmin
etmək üçün tapşırıqlarımı verdim. Həmin gecə işgəncə yox idi. Sabahı gün
binadakı qapısı bağlı olan otaqlardan gələn qışqırıq, yalvarış səslərindən
bilirdim ki, adamlara işgəncə verilir. Otaqların qapısı açıq olanda üzü divara
dayanmış, əlləri, gözləri bağlı hərbçiləri görmüşəm. İşgəncəni konkret kimlər
verib, onu da görməmişəm”, - Mikayılov deyib.
Ruslan Mikayılov ifadəsində göstərib
ki, sonradan işgəncədən ölən hərbçi Mehman Hüseynovu orada görüb.
"Müstəntiqlər
üçün ayrılmış otaqda yerdə bir küncə sığınıb oturmuşdu. Pis gündəydi.
Yalvarırdı ki, mənə kömək elə. Dedim, axı mən sənə necə kömək edim?”, - o bildirib.
Bu qrupa verilən ittihamlardan biri hərbçi
Elxan Ağazadənin ölümüylə bağlıdır. Ruslan Mikayılov məhkəməyə bildirib ki,
onlar işgəncə yerində olduqları müddətdə ölüm hadisəsi baş verməyib.
"Orada işgəncə
verən SAT hərbçiləri olub. Elxan Ağazadənin ölüm tarixini də qəsdən
saxtalaşdırıblar ki, SAT-ın üstündən getsin, bizim boynumuza qalsın. Mənim
bildiyim odur ki, Elxan Ağazadə hələ biz ora göndərilməmişdən əvvəl özünü
binadan atmışdı, ancaq sağ qalmışdı. Biz orada cəmi iki gün olmuşuq. Dediyim
kimi, mayın 4-də axşam getmişik, mayın 5-də günorta istirahət üçün oradan
ayrılmışıq, mayın 6-da ora gələndə toplayıb deyiblər ki, mühafizəni təhvil
verin, hərbi hissənizə qayıdın. Mən orda nə Elxan Ağazadə görmüşəm, nə də ölüm
hadisəsi. İttiham verilib ki, guya 180 nəfərə işgəncə vermişəm, mənim orada
olduğum çox qısa müddətdə 180 nəfərə işgəncə verməyim ümumiyyətlə, nə vaxt, nə fiziki baxımdan mümkün deyil.
SAT-ın elədiklərini bizim boynumuza qoyublar”, - Mikayılov deyib.
Mikayılovun ifadəsinə görə, o, hərbi
hissə komandirinin tapşırığıyla işgəncə
yerinə bir də mayın 28-də qayıdıb. SAT hərbçiləri işgəncə görənləri onlara təhvil
verib.
"Biz ora gedəndə SAT yığışıb çıxıb gedirdi. SAT-ış təxminən 200-300 hərbçisi
sıraya düzülmüşdü. Biz binanı və işgəncə görənləri təhvil aldıq. Bizə verilən
tapşırıq işgəncədən çıxmış hərbçilərə sonrakı nəzarəti həyata keçirmək idi”, - o vurğulayıb.
Elə məhkəmənin və zərərçəkənlərin sualları da əsasən həmin mərhələdə baş verənlərlə bağlı idi. İttihama görə, Ruslan Mikayılov da işgəncədən çıxmış hərbçiləri ağır idman növləriylə yükləməklə onlara növbəti dəfə işgəncə veriblər.
Prokuror: Zərərçəkənlər ifadələrində göstəriblər ki, işgəncələrdən sonra siz onları qaçmağa, çətin idman hərəkətləri etməyə məcbur etmisiz, başlarını qırxmısız, qazyerişi yeriməyə məcbur etmisiz.
Müttəhim: Mən əmrə tabe olan hərbi qulluqçu idim. Nə əmr verilirdisə, onu icra edirdim. İdmana gəlincə, özüm hərbi xidmətdə hansı idman normativlərini yerinə yetirirdimsə, tabeliyimə verilmiş həmin hərbçilərdən də onu tələb etmişəm.
Prokuror: - O normativə hansı idman hərəkətləri daxil idi?
Müttəhim: - 10 kilometr o tərəfə, 10 kilometr bu tərəfə qaçmaq, qazyerişi yerimək, bir-birimizi belimizə alıb qaçmaq...
Prokuror: - Ağır işgəncə görmüş adamlara bunu tətbiq edə bilərdinizmi?
Müttəhim: - Deyirəm axı, mən əmrə tabe olan adamam. Mənə nə əmr ediblərsə, tabeliyimə verilənlərə də onu tətbiq etmişəm.
Məhkəmə salonunda əyləşmiş zərərçəkənlər
bildiriblər ki, Mikayılov rütbəcə ondan yüksək hərbçilərlə əmrlər verməklə
qanunazidd davranıb və onları aşağılayıb. Mikayılovsa bildirib ki, həmin hərbçilər
onun tabeliyində olub, rütbəsindən asılı olmayaraq tabeliyinə verilən hər bir hərbçiylə
komandir kimi davrana bilərmiş.
Sual vermək növbəsi zərərçəkənlərə
çatanda onlar hakimə bildiriblər ki, Mikayılov yalan danışır, özü hərbçilərə
birbaşa işgəncədə iştirak edib.
Məsələn zərərçəkən İzzət Cəfərov Mikayılovu işgəncə verməkdə suşlayıb.
"Birbaşa
işgəncədə iştirak edirdin. Yəqin ki, yaxşı yadındadır, qara maykalı bir hərbçini
gətirdilər, Hikmət Həsənov sənə dedi ki, bunu suda boğ, sən də yazığın başını
soxdun suya, boğdun. Sonra bir gənc
oğlan gətirdilər, avtomatın lüləyini yazığın ağzına soxdun. O uşaq sonra 2020-ci ildə İkinci Qarabağ Müharibəsində şəhid
oldu", - Cəfərov bildirib.
Digər zərərçəkmiş Tofiq Əhmədov da Mikayılovun işgəncələrdə iştirak etdiyini bildirib.
"Elə ifadə verirsən ki, sanki heç nədən xəbərin yoxdur. Şəxsən mənim
qollarımı bağladın, guya "sanitarkaya” aparırsan, sonra geri qaytardın, ağzıma
yaş "marli” soxduz, bədənimə "tok” verdiz", - Əhmədov deyib.
Ruslan Mikayılov isə bütün bu işləri rəhbərliyin tapşırığı ilə etdiyini bildirib.
"Burada elə danışırlar ki,
elə bil mən özbaşına olmuşam. 7 ildir istintaq gedir, ittihamı elə yazıblar ki,
sanki bütün bunları törədən elə 5-6 nəfər biz olmuşuq. Aprel döyüşlərində
iştirak edəndə yaxşı oğlan idim, İkinci Qarabağ Müharibəsində döyüşüb
yaralananda yaxşı oğlan idim, bədənimdə 22 qəlpə var, kontuziya almışam,
Prezident o qədər medal verib mənə, necə oldu ki, döyüşdən qayıdandan ilyarım
sonra yenə pis oğlan oldum, tutub atdılar məni həbsə?.. Adımızı mütəşəkkil dəstənin
üzvləri qoyublar, bəs bu dəstəni yaradan hanı? Bu boyda yüzlərlə insana işgəncəni
elə 5-6 nəfər verib? Hikmət Həsənov tez-tez Fuad Ağayevin otağına gəlib
gedirdi. İşgəncə yerlərində hərbi prokuror Xanlar Vəliyevi, o vaxt baş
prokurorun birinci müavini olan Rüstəm Usubovu, Müdafiə Nazirliyinin vəzifəli şəxsi
Zakir Ağayevi görmüşəm. Hər şey rəhbərlik səviyyəsində təşkil olunmuşdu, indi
5-6 yetimi tutub atıblar həbsə, bütün elədiklərini bizim üstümüzdə bağlamaq istəyirlər. Hanı Teymir Məmmədov? Hərbi hissə komandiri
idi, işgəncələr onun hərbi hissəsində verilib, ancaq özü azadlıqda gəzir,
orduda işinə davam edir", - Mikayılov deyib.
Prokuror : - Burda adlar çəkirsiz,
bundan əvvəl də Tərtər Hərbi Məhkəməsi tərəfindən mühakimə olunmusunuz. Orda da
bu adları çəkirdiz?
Ruslan Mikayılov hakimin, prokurorun, vəkillərin və zərərçəkmişlərin suallarını cavablandırandan sonra hakim növbəti məhkəmə iclasını aprelin 9-na təyin edib.
Erməni hərbçilərlə döyüş postunda
olan əsgər Turan İbrahimlinin 2017-ci aprelin 29-da tabeliyindəki silahla yoxa
çıxması, sonradan neytral zonadan tapılması faktına görə başlanmış cinatəy
işinin istintaqı zamanı yüzlərlə hərbçi vətənə xəyanət şübhəsiylə saxlanılaraq
işgəncəyə məruz qalıb. İşgəncələr nəticəsində həyatını itirən hərbçilər də var.
İşgəncə verməkdə təqsirləndirilən şəxslərin məhkəməsi 1 ildən çoxdur ki, davam
edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























