Selektiv abortların qarşısını necə almaq olar? - ARAŞDIRMA

"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”na görə, keçən il doğulan 112 min 620 körpənin 59 814-ü oğlan, 52 806-sı qızdır.
Hesabata görə, cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir.
Ötən il BMT-nin Əhali Fonduun baş müşaviri Fərid Babayev deyib ki, Azərbaycan 2 ildir ardıcıl selektiv abortlara görə, dünyada birinci yeri tutur.
Selektiv abortların artmasının səbəbi nədir və qarşısını necə almaq olar?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, selektiv abortların qarşısını almaq üçün normativ hüquqi baza təkmiləşdirilməli və dölün cinsiyyətinin müəyyən edilməsinə qadağa qoyulmalıdır.
"Beynəlxalq təcrübələri nəzərə alsaq, bu kimi halların qarşısını almaq üçün normativ bazada konkret olaraq cinsiyyətin müəyyən edilməsi ilə bağlı qadağa qoyulmalıdır. Digər ölkələrin, əsas da Koreya təcrübəsinin öyrənilməsi istiqamətində aparılan araşdırmalar göstərir ki, ulturasəs müayinədə (USM) cinsin müəyyən olunması qadağan olunmalıdır. USM-nin əsas istiqaməti ana bətnində olan uşağın sağlamlığının qorunması, yoxlanılması, izlənilməsidir. Lakin valideynlər burada cinsiyyətin müəyyən olunmasını prioritet olaraq seçirlər. Həkimlərə dölün cinsinin müəyyən edilərək valideynlərə bildirilməməsi tövsiyə xarakteri daşıyır. Əgər USM müayinəsi aparan həkimlərə dölün cinsinin müəyyən edilməsinə qadağa qoyulsa, bu həm selektiv abortlarının yayılmasına qarşısının alınmasına həm də cins nisbətinin stabiləşdirilməsinə kömək edə bilər”, - baş məsləhətçi deyib.
O bildirib ki, həkimlər tərəfindən doldurulan qeydiyyat vərəqəsində abort olunmuş dölün cinsiyyəti göstərilərsə, abortun daha çox hansı cinsə qarşı olduğunu müəyyən etmək olar.
"12-ci həftəyə qədər abortlara rəsmi olaraq icazə verilir, dölün cinsiyyəti isə 12-ci həftədən sonra bəlli olur. 12-ci həftədən 22-ci həftəyə qədər abort yalnız tibbi göstərişlərə və ya sosial səbəblərə görə aparıla bilər. Həkimlər tərəfindən doldurulan qeydiyyat vərəqəsində (anketdə) abort olunmuş dölün cinsiyyəti göstərilmir. Qeydiyyat vərəqəsində abort olunmuş dölün cinsiyyəti müəyyən olunub göstərilsə, biz bilərik ki, abort daha çox hansı dölə qarşıdır. Bu zaman abortların real olaraq hansı səbəblərə görə baş verdiyini öyrənmək olar”, - Mahmudov əlavə edib.
Baş məsləhətçi "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunmasının bu halların qarşısını almağa kömək edəcəyini vurğulayıb.
"Reproduktiv sağlamlıq haqqında” qanun hazırda müzakirə edilir, bu qanun layihəsi qəbul olunsa, bu kimi halların qarşısının alınmasına köməklik edəcək”, - o söyləyib.
Onun sözlərinə görə, oğlan uşaqlarına üstünlük verilməsi daha çox keçmişdən qalmış stereotiplər ilə bağlı yaranan fikirlərdir.
"Bu abortların baş verməsinin bir digər səbəbi də kənar şəxslərin müdaxiləsidir. Gənc ailədə valideynlər ilk uşağın oğlan olmasına görə, xanımlara psixoloji zorakılıq tətbiq edirlər ki, bu da yolverilməzdir. Çünki, abortun da mənfi fəsadları var, bu qadınların həyatını təhlükəyə qoya bilər. Selektiv abortların qarşısının alınması məqsədilə biz daha çox maarifləndirmə işlərinə üstünlük veririk. Gender bərabərliyi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması kimi mövzularda gənclər, gənc ailələr ilə görüşlər keçirilir, maarifləndirmə işləri aparılır”, - Mahmudov qeyd edib.
Deputat Siyavuş Novruzov bildirib ki, "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi Azərbaycanın milli mentalitetinə uyğun deyil.
"Bu qanun layihəsi Azərbaycanın milli mentalitetinə, o cümlədən Azərbaycan əxlaqına uyğun deyil. 10 ildə artıqdır ki, bu məsələ müzakirəyə çıxır və mən hər zaman da buna etiraz etmişəm. Azərbaycanda bu cür qanun qəbul etmək olmaz”, - deputat söyləyib.
O vurğulayıb ki, selektiv abortların qarşısını almaq üçün uşağın cinsinin müəyyənləşdirilməsini ləğv etmək lazımdır.
"Səhiyyə qanunvericiliyi ilə uşaqların cinsinin müəyyənləşməsini ləğv etməklə selektiv abortların qarşısını almaq olar. Çin kimi bir ölkədə qadınların hamiləlik zamanı USM getməsi qadağandır. Bununla bağlı Səhiyyə Nazirliyi müəyyən təlimatlar verə bilər, Nazirlə Kabinetinin qərarı ola bilər”, - Novruzov deyib.
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, selektiv abortların sayının artmasının əsas səbəbi çoxuşaqlı ailələrin azalmasıdır.
"Selektiv abortların artmasının əsas səbəblərindən biri ailələrdə az uşaq doğulmasıdır. Çünki ailədə əvvəl 4, 5, 6 uşaq doğulurdusa, qız uşaqlarını abort etmirdilər, fikirləşirdilər ki, sonra bir oğlan da olacaq. Amma indi 1-2 uşaqlı ailələrin sayı artır, onlar da fikirləşir ki, bir uşaq olacaqsa, o da oğlan olsun”, - o deyib.
Sosioloq bildirib ki, Azərbaycanda 3 uşaqlı ailə modelini təbliğ etmək lazımdır.
"Dövlət mütləq bunun qeydinə qalmalıdır, çünki uşaq təkcə ata, ananın deyil həm də dövlətindir. Zamanı çatanda orduya aparır, işləyir, dövlətin möhkəmlənməsində onlar iştirak edir. Dövlətin borcudur ki, şərait yaratsın hər ailə 3 uşaq böyüsün. Uşaq az doğulanda ölkədə əhali sayı azalır. Ölkədə əhali sayının azalması yaxşı hal deyil. Çünki ölkədə işçi qüvvəsinə ehtiyac olanda hər hansı ölkədən işçi qüvvəsi üçün insan gətiməli olursan. Ölkədə etnik tərkibin dəyişməsi ölkənin gələcəyi üçün təhlükəli haldır”, - Qəşəmoğlu söyləyib.
Onun sözlərinə görə, oğlan uşaqlarının çox doğulması demoqrafik cəhətdən yaxşı, lakin psixoloji-mənəvi cəhətdən pisdir.
"İndiki halda oğlan uşaqlarının çox doğulması demoqrafik cəhətdən yaxşıdır, bu psixoloji-mənəvi cəhətdən pisdir. Qızlar 18 yaşına çatır, oğlanlar o vaxtda ölkədən çıxıb gedirlər. Ölkədə qızla oğlan sayı eyni olanda soyuq qızlar çoxluğu yaranır. Necə ki, 70-ci illərin ortalarında yaranmışdı. Qarımış qızlar artır, ailə qura bilməyən qızlar üçün ayrı bir problemlər yaranır”, - sosioloq vurğulayıb.
Qəşəmoğlunun fikirlərinə görə, psixolojik cəhətdən selektiv abort ana, ataya uşağının qatili olma hökmünü verir.
"Bu məsələlərin hamısı elmi mərkəzlərdə təhlil olunmalı, fəaliyyət planı qurulmalıdır. Bu işlər görülməldir, amma ölkədə görülmür. Bizim problemimiz buradadır. Boşananların sayının çoxalmasını hər gün elan edirik. Amma boşanmanın qarşısını almaq üçün olan elmi metodlardan istifadə edilmir. Azərbaycanın ən böyük problemi sosial proseslərin idarə olunmasında elmin köməyindən istifadə etməməkdir”, - o əlavə edib.
Gender məsələləri üzrə ekspert Aynur Veysəlova bildirib ki, gender əsaslı ayrı seçkilik dinamikasını araşdırma lazımdır.
"Cins nisbətində əvvəlki illərlə müqayisədə azalma var, ancaq yenə də gender əsaslı ayrı seçkilik hiss olunur. Bu dinamikanı müşahidə edirik. Burada araşdırmalara ehtiyac var. Baxmaq lazımdır ki, bu səbəblər steroitiplər iləmi bağlıdır, yanlış düşüncəninmi məhsuludur, yanlış təfəkkür tərzinin mövzusudurmu? Bu istiqamətdə kifayət qədər təhlillər aparmaq lazımdır. Burada problemin nüvəsini, özəyini aşkar etmək lazımdır. Lazım olan digər mühüm məsələ aparılmış araşdırmanın nəticələrini düzgün təhlili və onun əsasında təklif, tövsiyyələrin hazırlanmasıdır. Digər tərəfdən də davamlı olaraq maarifləndirmə işləri aparılmaldır. Bunu daha da gücləndirilməlidir. Burada müxtəlif yaş kateqoriyasından olan insanlar arasında maarifləndirmə üçün treyninqlərin keçirilməsi yaxşı olar. Azərbaycanda atalar və qızlar festivalının keçirilməsi, atalar məktəbinin təsis olunması mühüm layihələrdir, biz görürük ki, bu yavaş-yavaş düşüncələri dəyişir. Amma yenə də araşdırmaya ehtiyac var. Biz araşdırmalıyıq ki, Azərbaycanın hansı bölgəsində doğulan uşaqlar arasında cins nisbəti pozulur, qadınlar daha çox abortlar edir, abortların məqsədi nədir. Araşdırmanın nəticəsində hədəflər müəyyən etməliyik ki, məhz hansı bölgədə bu işlərin aparılmasını gücləndirmək olar.
Bu həm də oğlan və qız uşağına olan yanaşmanın dəyişməsidir. Bu gün biz övladlara münasibətdə ayrı seçkiliyi aradan qaldırmalıyıq. Valideynlər bilməlidir ki, onların oğlan və ya qız olması yox, sağlam doğulması, sağlam mühitdə böyüməsi, düzgün təlimi, təhsili, cəmiyyətə faydalı şəxsiyyət kimi yetişməsi vacibdir”, - ekspert vurğulayıb.
Ötən il-cü ildə 112 min 620 körpənin doğumu qeydə alınıb, bu da əvvəlki illə müqayisədə 8,3% çoxdur.
"Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”na görə, ötən il abortların sayı 21,4% və ya 15 817 abort artaraq 73 816 olub. 15 - 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.
Dövlət Statistika Komitəsinin 2022-ci il hesabatına görə, Azərbaycanda abort edənlərin sayı 57 999 olub. Bu rəqəm 2021-ci il 46 877 təşkil edib. Bu da 1 il ərzində abort edənlərin 11 112 artım olduğunu göstərir.
İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























