Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb- Yenilənib

Baş nazir Əli Əsədov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gedib.
11:50
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
11:39
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Neft Emalı Zavodunun ərazisindəki yanğını zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırıb. Bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
11:26
Fövqəlada hallar naziri Kəmaləddin Heydərov və Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov yanğın olan əraziyə gedib.
11:08
Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb. Bu barədə nazirlikdən məlumat verilib.
10:30
Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
"Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür", - məlumatda deyilir.
10:16
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
























