Unibank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

“Unibank” KB ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq
haqqında memorandum imzalanıb. “Unibank”ın İdarə heyətinin sədri Fərid Abuşovla UNEC
rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum bankla universitet
arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya
fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya
texnologiyalarının tətbiqi, birgə seminar, treyninq, konfrans və digər tədbirlərin təşkili,
bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və digər
istiqamətləri nəzərdə tutur.
Əməkdaşlıq memorandumunu yüksək qiymətləndirən Unibank sədri Fərid Abuşov, UNEC-
lə əməkdaşlığın perspektivlərini qeyd edərək, bankın universitet tələbələrinin peşəkar
mütəxəssis kimi yetişməsində, bank əməkdaşı bacarıqlarının öyrədilməsində dəstək olacağını
qeyd edib. Fərid Abuşov bildirib ki, ölkə bank sektorunda ən yaxşı bank məktəbləri sırasında
olan Unibank, peşəkar bank əməkdaşlarının yetişdirilməsində uzun illərə dayanan təcrübəyə
malikdir. Əməkdaşlıq memorandumu UNEC tələbələrinin öz təhsil biliklərini bu dəyərli
təcrübə əsasında daha da dərinləşdirməyə imkan yaradacaq.
UNEC haqqında ətraflı məlumat verən rektor Ədalət Muradov, universitetdə son illərdə
həyata keçirilən yeniliklərdən, universitetin hədəflərindən söz açıb. Real sektorla birbaşa
ünsiyyətin əmək bazarının öyrənilməsi və təhsilin bu tələblərə uyğunlaşdırılması baxımından
vacibliyini vurğulayan rektor, bu əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsirinin
olacağına inandığını bildirib. “Unibank”la əməkdaşlığın genişləndirilməsindən
məmnunluğunu ifadə edən rektor, maliyyə sektoru ilə universitetin uzun müddətdir davam
edən sıx əməkdaşlıqları və bu istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Görüşdə gələcəkdə həyata keçirilməsi mümkün olan birgə layihələrdən də danışılıb.

























