• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli avtobuslarının qiyməti ilə bağlı təkliflər sosial ədaləti pozur - Kamran Əsədov

Məktəbli avtobuslarının qiyməti ilə bağlı təkliflər sosial ədaləti pozur - Kamran Əsədov
29.08.2025 18:00

İctimaiyyətə təqdim edilən ilkin məlumatlara əsasən, məktəbli avtobuslarının aylıq ödənişinin 70-200 manat aralığında olması nəzərdə tutulur ki, bu da ölkənin orta gəlirli ailələri üçün ciddi maliyyə yükü yaradır. Bunu Anews.az-a  təhsil mütəxəssisi Kamran Əsədov bildirib. 

"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə orta aylıq əməkhaqqı 948 manat təşkil edir. İki övladı məktəbə gedən ailə yalnız bu nəqliyyat xidmətinə görə 400 manata yaxın vəsait ödəməlidir ki, bu da onların gəlirinin 40%-ə qədərini təşkil edir. Belə bir vəsaiti hər ay ödəmək, xüsusilə aztəminatlı və orta təbəqəyə aid ailələr üçün qeyri-mümkündür. Bu halda dövlətin təhsil siyasətində əsas götürdüyü sosial ədalət prinsipi pozulur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6.1-ci maddəsində qeyd edilir ki, dövlət təhsilin əlçatanlığını və bərabərliyini təmin edir. Həmçinin 19.1-ci maddədə təhsilalanların sosial müdafiəsi, təhlükəsizliyi və rifahı dövlətin öhdəliklərindən biri kimi göstərilir. Mövcud qiymət mexanizmi isə bu öhdəliklərin pozulması kimi qiymətləndirilə bilər. Əgər bu xidmət yalnız imkanı olan ailələrin övladları üçün əlçatan olacaqsa, nəticədə təhsil sistemində təbəqələşmə daha da dərinləşəcək. Eyni məktəbdə oxuyan, lakin biri məktəbli avtobusu ilə, digəri isə ictimai nəqliyyatla gələn şagirdlər arasında sosial fərqlər yaranacaq, bu da psixoloji və sosial ayrı-seçkiliyə səbəb olacaq',- Əsədov bildirib.

Onun sözlərinə görə, dünya təcrübəsi tamam fərqli yanaşmanı əsas götürür.

"ABŞ-da məktəbli avtobusları tamamilə dövlət tərəfindən maliyyələşdirilir və hər bir şagirdə bərabər əsaslarla təqdim olunur. Almaniyada bələdiyyələr tərəfindən maliyyələşən xüsusi “Schülerfahrkarte” sistemi mövcuddur və bu sistemlə hər bir şagird üçün rəmzi ödənişlə məktəbə nəqliyyat imkanı yaradılır. Finlandiyada isə məktəbdən 5 km-dən uzaqda yaşayan bütün şagirdlərə dövlət hesabına nəqliyyat xidməti təqdim olunur. Bu ölkələrdə məqsəd gələcək nəslin təhlükəsiz, bərabər və davamlı təhsil imkanları ilə təmin edilməsidir. Bu da təhsil siyasətində sosial inklüzivliyin əsas göstəricisidir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi bu məsələdə sosial öhdəliyini yerinə yetirmir. Nə xidmətin qiymət siyasəti ilə bağlı əsaslandırılmış iqtisadi analiz açıqlanıb, nə də aztəminatlı ailələrə güzəşt mexanizmləri müəyyən edilib. Nazirliyin bu təşəbbüs üzrə nə kommunikasiya strategiyası var, nə ictimai rəy sorğuları aparılıb, nə də pilot layihələrin nəticələri ictimailəşdirilib. Bu isə onu göstərir ki, layihə strateji əsaslar və sosial təhlil olmadan həyata keçirilməkdədir. Nazirlik yalnız texniki sifarişçidir, amma ictimai siyasətin daşıyıcısı və tənzimləyicisi rolunu yerinə yetirmir",  -  Əsədov vurğulayıb.

Onun fikrincə, əgər bu təşəbbüs real sosial təsir gücünə malik layihəyə çevriləcəksə, dövlət tərəfindən maliyyələşdirilməli, ən azı subsidiyalaşdırılmalı və müəyyən güzəşt kateqoriyaları üçün (şəhid ailələri, aztəminatlı ailələr, çoxuşaqlı ailələr və s.) tam ödənişsiz olmalıdır.

Əsədov həmçinin qeyd edib ki, bələdiyyələr və özəl sektor bu layihəyə cəlb edilməli, dövlət-özəl tərəfdaşlıq mexanizmləri qurulmalıdır. Qiymət siyasəti ailənin gəlir səviyyəsinə əsasən tənzimlənməli və bunun üçün şəffaf qeydiyyat sistemi yaradılmalıdır.

"Əks halda, bu təşəbbüs ictimai yükə, sosial narazılığa və təhsil sistemində dərinləşən bərabərsizliklərə yol açacaq. Dövlət başçısının təhsilə göstərdiyi diqqət, təhsilalanların təhlükəsizliyinə və sosial rifahına dair möhkəm iradəsi yalnız icra mexanizmləri düzgün qurulduqda öz nəticəsini verəcək. Elm və Təhsil Nazirliyi isə bu sahədə üzərinə düşən funksiyanı yerinə yetirməli, strategiyasız və plansız fəaliyyətini dərhal dayandırmalı, ictimai maraq və sosial ədalət əsasında yeni yanaşma formalaşdırmalıdır. Yalnız bu halda məktəbli avtobusları ölkədə nəqliyyat mədəniyyətinin, sosial inklüzivliyin və təhsildə bərabərliyin simvoluna çevrilə bilər. Hazırkı vəziyyət isə bu məqsədlərdən çox uzaqdır. Şagirdlərin məktəbə təhlükəsiz və nizamlı şəkildə çatdırılması, şəhər daxilində nəqliyyat sıxlığının azaldılması, valideynlərin gündəlik yüklərinin yüngülləşdirilməsi bu təşəbbüsün əsas məqsədlərindəndir. Lakin məsələ yalnız ideya olaraq deyil, tətbiq modeli ilə qiymətləndirilməlidir'",-  təhsil mütəxəssisi bildirib.

Deputat Ceyhun Məmmədov isə Kamran Əsədov ilə razılaşmır.

Onun fikrincə, məktəbli avtobusların yaradılması ideyası çox yaxşıdır. 

“Məktəblinin avtobusunun olmaması həm sıxlıq yaradır, həm də valideynlər üçün bir sıra problemlər yaradır. Ən önəmlisi ciddi tıxac aradan qalxacaq.  Hər bir valideyn aylıq təxminın bu civarda xərc çəkir. Bu təşəbbüsü avtobuslar yerinə yetirsə ən azından tıxac problemi azalar. Bu dünya praktikasında da var",  - Məmmədov bildirib.

O həmçinin, təklif olunan qiymətlərin də ədalətli və sosial baxımdan uyğun olduğunu vurğulayıb. 

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol