Şeyx Şamilin nəvəsi: Müstəqillik - Qafqaz dağlılarının yeganə çıxış yoludur

Şeyx Şamilin nəvəsi – Məhəmməd Səid bəy (1901 – 1981) İstambulda doğulub və nüfuzlu Qalatasaray liseyini qurtarıb. Doğma avar dilindən başqa, türk, ərəb, fransız, ingilis və rus dillərinə də yüksək səviyyədə yiyələnib.
Səidin atasına – Şeyx Şamilin kiçik oğlu, Kaluqada doğulmuş Məhəmməd Kamil bəyə (1863 – 1951) doğma Dağıstan torpaqlarını görmək qismət olmadı. Baxmayaraq ki, o, Türkiyədə yaşayıb türk ordusunun generalı rütbəsinə qədər qalxa bilmişdi.
Səid bəyin taleyi başa cür oldu. Onun gənclik illəri Osmanlı İmperiyasının, həm də Dağıstanın dönüş dövrünə təsadüf elədi. 1920-ci il mayın 11-də çeçen kəndi Kapşidə dağlıların qurultayı keçirildi, həmin qurultayda milli-azadlıq hərəkətinin rəhbəri kimi Məhəmməd Kamilin seçilməsi təklifi səsləndi. Məhəmməd Kamil 19 yaşlı xəstə oğlunu öz nümayəndəsi kimi Qafqaza göndərdi. Səid bəy Şamilin siyasi fəaliyyəti belə başladı. 1920-ci ilin sentyabrında Dağıstana gələn Səid bəy N. Qosinski ilə birlikdə bolşeviklərə qarşı böyük üsyan təşkil etməyi bacardı. Üsyançılar Vedeno qalası da daxil olmaqla, Dağıstanın və Çeçenistan Respublikasının əsas dağlıq rayonlarını tutdular. Ancaq 1921-ci ilin yazında üsyanı yatırtmaq mümkün oldu.
Şimali Qafqazın işğalından sonra bolşeviklərin ağır yaraladığı Səid bəy vətəni tərk etmək məcburiyyətində qalır və Gürcüstan vasitəsilə İstambula gəlib çıxıb. Burada o, öz anti-bolşevik fəaliyyətinə davam etdirir. Düzdü, tezliklə Səid bəy Şamil prezident Atatürkün təşəbbüsü ilə başqa Qafqaz siyasi mühacirləriylə (onların əksəriyyəti türk vətəndaşlığından məhrum edilmişdilər) birlikdə Türkiyənin hüdudlarından çıxarılır və Varşavada məskən salırlar.
Şimali Qafqaz Dağlılarının Xalq Partiyasının rəhbəri olaraq Səid bəy Şamil 1926-cı ildə Qafqazın müstəqilliyinin komitə sədrlərindən və banilərindən biri oldu. Hərəkat çərçivəsində o, Azərbaycan siyasi mühacirləriylə və ilk növbədə M.Ə. Rəsulzadə ilə sıx əməkdaşlıq edirdi.
Səid bəy Şamil bir çox məqalələrin, həmçinin kitabların müəllifidir – "Sosializm və xarici türklər" və "Fələstin problemi". Şeyx Şamilin nəvəsi Səid bəyin göstərilən məqalələri 1929-cu ildə Parisdə çıxan "Les montagnards du Caucase" («Qafqaz Dağlıları») jurnalının 4-5-ci saylarında dərc edilib.
ANN.Az həmin məqalələrdən birini oxucuların diqqətinə təqdim edir:
11 MAY - QAFQAZ DAĞLILARININ MÜSTƏQİLLİYİNİN İL DÖNÜMÜ
"Bu gündə 3,5 milyon Qafqaz dağlısı bütün sivil dünyanın gözü önündə öz dövlət müstəqilliyini elan etdi. Amma tale bu kiçik, şanlı xalqa mərhəmətli davranmadı. Yüzilliklərlə öz müqəddəs torpağını və öz əsrlik ənənələrini müdafiə etmiş Şimali Qafqaz xalqları imperator Rusiyasının zülmünün altından güclə çıxıb, yenidən rus imperializminin qurbanı oldu. 1917-ci il inqilabı xalqları çarizmdən azad etdi, arada yalnız kiçik fasilə oldu.
Budur artıq doqquz ildir, bizim Müstəqillik Günümüz, Milli bayramımız 11 mayda matəm günü kimi qeyd olunur. Biz bu günün onunci ildönümünün necə olacağını nə qabaqcadan xəbər verə, nə də qabaqcadan görə bilərik. Amma kim ki indiki Rusiyanın daxili vəziyyətiylə yaxından tanışdır, kim ki bu ölkədə siyasi və iqtisadi böhranların gedişatını diqqətlə izləyir, onlar ən böyük ümidlə və inamla gələcək ildönümünü gözləməkdə haqlıdırlar. Sovet Rusiyası həm iqtisadi, həm də siyasi cəhətdən dalana dirənib. Xalq hansısa bir mənəvi xəstəlik vəziyyətindədir.
Sovet administrasiyası sanki sağlam həyatiliyin bütün əlamətlərini itirib. Qırmızı ordu - "xalqın yetişdirməsi" - Sovet hakimiyyətinin gücünün yalnız xarici dekorasiyasıdır. Partiya - rejimin tək dayağıdır, özü ittifaqın dağılmasının təhlükəli xəstəliyini yaşayır. Onda hazırda bütün nüanslar, bütün tendensiyalar müşahidə olunur və sovet mərkəzindən periferiyaya uzaqlaşdırma müddətində daha çox milli separatizm tendensiyası hiss edilir. Bu son şərait bizə nəinki orda baş verənlərə diqqətlə qulaq asmağı diktə edir, həmçinin Ukraynada, Qafqazda və Türkistanda yaranan partiya güclərinin təşkilatına kömək etmək məsələsini qarşımıza qoyur. Güclərimizin və səylərin birləşdirilməsi - işimizin müvəffəqiyyətli olmasının rəhni, bizim milli müstəqilliyimizin ideyasının təntənəsinin yeni təminatıdır.
Bizim milli müstəqillik hüququmuz uğrunda mübarizədə əhəmiyyətli mənaya malik başqa şərait də var.
Bizim üçün bu faciəli illər ərzində dünya Rusiyanın həqiqi vəziyyətiylə tanış olmağa imkan tapdı. İndi hamı bilir ki, Avropanın və Asiyanın yarısını əhatə edən Rusiya yalnız rus xalqıyla məskunlaşmayıb, həm də mədəni cəhətdən ona bərabər və onunla eyni sayda olan xalqlarla məskunlaşıb. Dünya anladı ki, 35 milyon ukraynalı, 15 milyon türküstanlı, 12 milyon Qafqaz xalqı - etnik və mədəni cəhətdən rus xalqından fərqlidir. Dünya yalnız bu faktı bilmədi, həm də onu bildi ki, indiyə qədər ruslar tərəfindən əzilmiş bütün bu xalqlar dövlətlər ailəsində bərabər hüquqlu üzv olmağa tamamilə layiqdirlər. Öz tərəfimizdən biz də bilirik ki, bu, aşkar məsələdir, amma indiyə qədər kölgədə qalmış reallıq daha böyük reallıq kəsb edir, nəinki Rusiya tərəfindən Avropa və Asiyanın təhlükəsizliyinin təhdid edilməsi.
Sivilizasiyanı və bütün dünyanı, istər xəyalpərəst panslavizm, istərsə də inqilabçı bolşevizmin döyüş bayrağı altında olsun, rus basqınından qorumağın yeganə yolu - rus sovet zülmünün altında inildəyən xalqların müstəqillik hüququnun tanınmasıdır.
Həqiqətən də məgər Avropa öz əmin-amanlığına və orada hökm sürən sülhə görə, rus hökmranlığından azad edilmiş Finlandiyaya, Estoniyaya, Latviyaya, Litvaya və Polşaya borclu deyilmi?
O fikirlə barışmaq mümkün deyil ki, yad zülmün altında inləyən bizim dünənki qardaşlarımız olan bu xalqlar tərəfindən tanınmış hüquqlar olmanın ümumi bədbəxtliyi Qafqazın Ukrayna, Türkistan xalqları üçün tanınmayacaq.
Dünyada sülhün və əmin-amanlığın təmin olunmasının yeganə vasitəsi xalqların milli müstəqilliyinin tanınmasıdır. Sülh və xalqların azadlığı dünya iqtisadi inkişafını şərtləndirən əsas amillərdəndir.
Buna görə biz əminik ki, öz işimizi, milli azadlığımızı müdafiə edərək, biz eyni zamanda ümumbəşəri dəyələri, sivilizasiyanı müdafiə etmiş oluruq və özümüzün azad olmağımız üçün bizim mübarizəmiz həmçinin dünya və bütün dünyanın əmin-amanlığı üçün mübarizədir. Bax, bu əminlik bizim inamımızı möhkəmlədir və bizə işıqlı gələcək üçün ümid verir. Biz həmçinin rus xalqına da müaciət etməyə bilmərik.
Bir fakt tamamilə dəyişilməz qalır - daxili əlaqə və çarizm vaxtlarının rus imperialistlərinin və rus inqilabçı bolşevizm rəhbərlərinin təcavüzkar doktrinalarının üst-üstə düşməsi. Hətta bizimlə bərabər səviyyədə ultra-liberal rus millətçi-demokratları ağır milli sınaqların qarşısındadırlar və onlar həminki təcavüzkar siyasətin davam etdirilməsini arzulayırlar.
Və bunun üzərində düşünən kimi, təbiət etibarilə bizi belə qonşuyla yaxın etdiyi üçün taleyi lənətləməkdən özünü saxlaya bilmirsən!
Bəli, ruslara xatırlatmağa imkanımız olacaq ki, Rusiya əsl xoşbəxtliyi öz əsl milli sərhədləri daxilində tapacaq, daha Ukraynada, Qafqazda və Türküstanda yox. Rusiyanın bu ölkələrə yolu əvvəlcədən atəşlə və qanla sərhədlənib.
Bolşevik rejimi də çar rejimi kimi yıxılacaq. Milli müstəqilliyimiz uğrunda mübarizə o vaxta qədər davam edəcək ki, düşmənlər onun müqəddəs mahiyyətini dərk edib, geri çəkiləcəklər. Bizim milli müstəqilliyimizin həyata keçirməsi - həyatın tələbidir. Bu, qaçılmazdır”.
ANN.Az
























