• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlərin təməl oxu bacarıqları ilə bağlı ciddi problem qalır- Səbəblər

Şagirdlərin təməl oxu bacarıqları ilə bağlı ciddi problem qalır- Səbəblər
04.09.2026 11:54

Azərbaycanda məktəblilərin təməl oxu bacarıqları ilə bağlı ciddi problemlər qalır və təhsil sistemi media savadlılığı kimi daha mürəkkəb bacarıqlara keçidlə paralel olaraq bu çatışmazlığı aradan qaldırmağa çalışır. Bunu  Təhsil İnstitutunun direktor səlahiyyətlərini əvəz edən Elnur Əliyev bildirib.

“Etiraf edim ki, bizdə problem daha dərindir. Bizdə təməl oxu bacarıqları ilə bağlı hələ də əsaslı problem var”, - Əliyev PISA ilə bağlı təqdimatda deyib.

Onun sözlərinə görə, Azərbaycan məktəblərində dil tədrisi uzun müddət şagirdlərin mətni anlama və təhlil etməsindən daha çox dil qaydalarının öyrənilməsinə və mürəkkəb qaydaların yadda saxlanmasına fokuslanıb.

Əliyev bildirib ki, son illərdə yanaşma dəyişir və diqqət şagirdin oxuduğu mətni anlaması, şərh etməsi, ona münasibət bildirməsi və müəllifin mövqeyini təhlil etməsi kimi bacarıqlara yönəldilir.

Bunun növbəti mərhələsinin media savadlılığı olduğunu deyən Əliyevin sözlərinə görə, şagirdlər qarşılaşdıqları məlumatın etibarlılığını qiymətləndirməyi, onun mənbəyini sorğulamağı və informasiyaya etibar edib-etməmək barədə nəticə çıxarmağı bacarmalıdırlar.

“Bizim hazırkı yeni təhsil proqramlarında və yeni qiymətləndirməmizdə media savadlılığına yavaş-yavaş fokus var. Amma deyim ki, biz tam orada deyilik”, - o bildirib.

Əliyev deyib ki, yenilənmiş informatika kurikulumunda media savadlılığına xüsusi diqqət ayrılıb, dördüncü və altıncı siniflər üzrə monitorinqlərdə istifadə edilən oxu mətnlərində də bu tip bacarıqlar qiymətləndirilir.

Onun sözlərinə görə, Təhsil İnstitutunun keçirdiyi “Dil bacarığı” müsabiqəsində də oxu və mətnlə işləmə bacarıqlarına daha çox diqqət yetirilib.

Əliyev bildirib ki, sistem tədricən daha mürəkkəb informasiya və media savadlılığı bacarıqlarına doğru irəliləyir, lakin bununla yanaşı məktəblilərin təməl oxu bacarıqlarındakı problemlərin həlli əsas prioritet olaraq qalır.

Təhsil eksperti Elçin Əfəndi də, şagirdlərin təməl oxu və oxuyub-anlama bacarıqları ilə bağlı ciddi problemlərinin olduğunu bildirib.

O qeyd edib ki, bu problemlərin əsas səbəblərindən biri ibtidai və məktəbəqədər təhsil pillələrində vaxtilə mövcud olmuş çatışmazlıqlardır.

“İbtidai təhsillə bağlı vaxtında yaşadığımız çətinliklər artıq özünü oxu bacarıqlarının, oxu vərdişlərinin formalaşmamasında göstərir”, –  ekspert bildirib.

Əfəndi məktəbəqədər təhsil müəssisələrində vaxtilə qeyri-ixtisaslı şəxslərin müəllim kimi fəaliyyət göstərməsinin də təhsil prosesinə mənfi təsir etdiyini vurğulayıb.

Onun sözlərinə görə, həmin dövrdə müxtəlif ixtisaslar üzrə ali təhsil almış şəxslər məktəbəqədər təhsil müəssisələrində çalışıblar:

“Bütün bunlar gedişata çox mənfi təsirini göstərdi və biz hazırda bunun nəticələrini yaşayırıq. Beynəlxalq qiymətləndirmələrdə, monitorinqlərdə və buraxılış imtahanlarında şagirdlərin oxuyub-anlama ilə bağlı problemlərinin olduğunu görürük. Təəssüf ki, bu problemi ali təhsilə də daşımışıq. Tələbə birinci və ya ikinci kursda oxumasına baxmayaraq, yenə də oxuyub-anlama ilə bağlı çətinlik çəkir”.

Ekspert bildirib ki, problemin aradan qaldırılması istiqamətində hazırda müvafiq islahatlar həyata keçirilir.

“Bu islahatların əsas istiqamətlərindən biri ixtisas sahiblərinin konkret olaraq təhsil müəssisələrində çalışmasıdır. Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə burada həm şagird qəbulu, həm də müəllim qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Yaxın zamanda attestasiya keçiriləcək. Böyük ehtimalla, qeyri-ixtisas fənn müəllimləri ümumi prosesdən uzaqlaşdırılacaq”, – Əfəndi əlavə edib.

O qeyd edib ki, təhsil sistemində sağlam mühit formalaşdıqdan sonra mövcud problemlərin aradan qaldırılması mümkün olacaq.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Qeyd- Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi çərçivəsində hazırlanıb 

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol