Komitə sədri: Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 3 milyondan çox azalıb

Azərbaycanda xırdabuynuzlu heyvanların sayı üç milyondan, iribuynuzlu heyvanların sayı isə bir milyondan çox azalıb. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Rzayev azalmanın əsas səbəblərindən biri kimi quzu və buzovların yetişdirilmədən kütləvi şəkildə kəsilməsini göstərib.
“Bu quzu gələcəkdə qoyun və ya qoç, buzov isə inək olmalıdır. Amma heyvanlar böyümədən kəsilir və təsərrüfatın davamı yaranmır”, - o, parlamentdə deyib.
Komitə sədrinin sözlərinə görə, aqrar siyasətin məqsədi daha iri və məhsuldar təsərrüfatların yaradılması olmalıdır, çünki subsidiyaların belə təsərrüfatlarda istifadəsi daha böyük iqtisadi səmərə verə bilər.
“Orta və kiçik sahibkarlıq inkişaf etdirilməlidir. Ancaq qarşıya qoyulan məqsəd daha iri təsərrüfatlar yaratmaq və subsidiyaların faydasını artırmaqdır”, -Rzayev bildirib.
O əlavə edib ki, fermerlərin maliyyə imkanlarının genişlənməsi gübrə, texnika və digər resurslar bazarında rəqabəti artıracaq.
“Fermerin pulu olacaqsa, gübrə satan da, texnikası olan da onun yanına gələcək. Fermer seçim edə biləcək və ona keyfiyyətsiz gübrə satmaq çətinləşəcək”, - komitə sədri deyib.
Rzayev bildirib ki, “məhsul şəhadətnaməsi” buraxan fermer götürdüyü öhdəliyi yerinə yetirməli, bunu etmədikdə isə sənəd birbaşa icraya yönəldilməlidir.
“Məhsul şəhadətnaməsini buraxan şəxsin məsuliyyəti olacaq ki, gələcəkdə öhdəliyini yerinə yetirsin, məhsulu vaxtında və keyfiyyətli şəkildə təqdim etsin”, - o deyib.
İqtisadi ekspert Asif İbrahimovun fikrincə, Azərbaycanda xırda və iri buynuzlu heyvanların sayının əhəmiyyətli dərəcədə azalmasının əsas səbəbi quzu və buzovların erkən kəsilməsi deyil.
Onun sözlərinə görə, quzu və buzovların erkən kəsilməsi heyvan sayının azalmasının səbəbi deyil, nəticəsidir.
“Bir çox hallarda nəticələr üzərində baş sındırırıq. Əsl səbəb tamamilə başqadır – qanunvericilikdə olan boşluqlardır”, – ekspert bildirib.
İbrahimov qeyd edib ki, heyvandarlığın inkişafına yem bazasının zəifləməsi, istehsal xərclərinin yüksəlməsi, heyvandarlığın rentabelliyinin aşağı düşməsi, eləcə də damazlıq və reproduksiya sisteminin kifayət qədər effektiv olmaması təsir göstərir.
“Heyvandarlıq siyasətinin əsas məqsədi yalnız mövcud heyvan sayını qorumaqla məhdudlaşmamalıdır. Sürünün keyfiyyətinin və təbii artımının təmin edilməsi də vacibdir. Bunlar kompleks aqrar siyasətin tərkib elementləridir”, – ekspert vurğulayıb.
Ekspertin sözlərinə görə, təklifin azalması, istehsal xərclərinin artması, yem bazasının zəifləməsi və heyvandarlığın rentabelliyinin aşağı düşməsi ət qiymətlərinin formalaşmasına təsir edən amillər sırasındadır.
“Düzgün aqrar siyasət həyata keçirilsə və onun icrası düzgün təmin olunsa, bu problemlər artıq baş verməyə bilərdi. Düzgün aqrar siyasətin həyata keçirilməməsinin nəticəsi olaraq bu gün iri və xırda buynuzlu heyvanların sayı azalıb. Bunun təsiri isə qiymətdə özünü göstərir”, – İbrahimov deyib.
İstiqamət- 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Qeyd- Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Gülnar Nazimqızı
























