Dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblər açıqlanıb

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin geyimi ilə bağlı tələblər təsdiqlənib.
Nazirlər Kabinetinin qərarına əsasən, müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyim müəllimin işinə mane olmamalı və şagirdlərin diqqətini yayındırmamalıdır.
Tələblər müəllimlərin məktəbdə vəzifələrini yerinə yetirərkən, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə tətbiq olunur. Milli-mənəvi dəyərlərlə bağlı tədbirlərdə milli geyimdən və ya onun elementlərindən istifadəyə tədris şurasının qərarı ilə icazə verilə bilər.
Qərara görə, kişi müəllimlər üçün klassik kostyum, uzun və ya qısaqol klassik köynək, istəyə uyğun qalstuk, klassik üslubda sviter və ya jilet, həmçinin klassik ayaqqabı nəzərdə tutulur.
Qadın müəllimlər üçün isə klassik kostyum, dizdən aşağı ətək, don, klassik köynək və ya bluza, eləcə də klassik ayaqqabı müəyyən edilib.
Tələblərdə həmçinin geyimin tədris işinin xarakterinə və şagirdlərin yaşına uyğun olması, dünyəvilik prinsipinə riayət edilməsi qeyd olunur.
























