Bahalaşma 30-40 faizdən çox olacaq - AÇIQLAMALAR

21 dekabr devalvasiyasından sonra ölkədə qiymətlər 30-40 faiz bahalaşacaq. İnflyasiyanın isə neçə rəqəmli olduğunu demək indidən çətindir. Bu fikri Mərkəzi Bankın üzən məzənnə rejiminə keçid qərarını şərh edən Milli Məclisin üzvü, iqtisadçı alim Vahid Əhmədov deyib.
Milli valyuta ilə bağlı siyasətin dəyişilməsindən sonra ABŞ dollarının məzənnəsi təxminən 50 faizə qədər qalxıb. Bir il içərisində 2 dəfə devalvasiyanın olması dükan və topdan satış obyektlərində qiymət artmına səbəb olub.
Ekspert və mütəxxəsislər ANN.Az-a açıqlamalarında qiymət artımının yaranmasının inflyasiyaya necə təsir edəcəyindən, onun necə rəqəmli olmasından, dövlətin süni bahalaşmaya qarşı hansı tədbirlər görməsindən danışıblar.
"Gərək ixrac etməyə nəsə olsun ki, idxalı da azaldaq...”
Vahid Əhmədov
Millət vəkili Vahid Əhmədov istənilən ölkədə milli valyutanın ucuzlaşmasının qiymətlərə də təsir etdiyini bildirib: "21 fevral devalvasiyasında sonra bu hadisənin qiymətlərə təsir etməyəcəyini deyirdilər, amma əksinə oldu. Düzdür, qiymət artımında əsas məsuliyyət dövlətin üzərinə düşür. Bu işi əsas İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirməlidir. Bu xidmət qiymətlərin süni şəkildə qalxmasının qarşısını almalı, obyektiv qiymətlərin olmasını təmin etməli, daimi nəzarəti saxlamalıdır. Etiraf edək ki, yaranmış vəziyyətdən sui-istifadə edənlər də az olmur”.
Deputat minimum 30-40 faiz ümumi bahalaşma olacağını deyib: "Təbii ki, bahalaşma da inflyasiyaya təsir edəcək. İnflyasiya rəqəmlərinin daha da artmaması üçün dövlət səviyyəsində işlər görülməlidir. İnflyasiyanın neçə rəqəmli olduğunu isə indidən demək düzgün olmaz”.
Vahid Əhmədov idxalı azaltmaq üçün ölkə daxilində məhsul istehsalının artırılmasının tərəfdarı olduğunu bildirib: "2016-ci ildə idxalın azaldılmasının çox da perspektivli olacağını düşünmürəm. Düzdür, qeyri-neft sektoru inkişaf edir, bəzi problemlər öz həllini tapır. Ancaq bu idxalı azaltmaq, istehsalı artırmaq bir ilin ərzində başa gələn iş deyil. Biz qeyri-neft sektorunun inkişafında, ixracın stimullaşdırılmasında gecikmişik. 21 fevral devalvasiyası olan zaman Mərkəzi Bank bəyanat verdi ki, əsas məsələ ixracı stimullaşdırmaqdır. Bəs ötən 10 ay ərzində ixrac artdımı? Xeyr! Gərək ixrac etməyə nəsə olsun ki, daha sonra da idxalın azalması üçün zəmin yaransın”.
"İnflyasiya 2 rəqəmli olacaq”
Oqtay Haqverdiyev
İqtisadçı ekspert Oqtay Haqverdiyev 2016-cı il üçün inflyasiyanın iki rəqəmli olacağını deyib: "Gələn il üçün inflyasiyanın artacağı danılmazdır. Proqnoz verə bilərəm ki, inflyasiya 2 rəqəmli olacaq. İnflyasiyanı müəyyən etmək ən çox pul kütləsinin hansı miqdarda olmasından asılı olacaq. Əgər Mərkəzi Bank pul kütləsini artırsa, onda əlbəttə ki, qiymətlər artacaq”.
Ekspert 2016-cı ildə idxalın azaldılması prosesinin uzunmüddət davam etməyəcəyini bildirib: "Dövlət bunun faydalı olmadığı görüb, daha uyğun təklif irəli sürəcək. Çünki idxal azalarsa və ya birdəfəlik dayanarsa, bu çox böyük fəsadlara səbəb ola bilər”.
"İkinci devalvasiyadan sonra süni bahalaşma müşahidə edilir”
Qalib Toğrul
Ekspert Qalib Toğrulun sözlərinə görə, bahalaşma inflyasiyanın kəskin artımına səbəb olacaq: "Birinci devalvasiyadan sonra kəskin bahalaşma qeydə alınmadı. Ancaq sonradan qiymətlər birdən-birə deyil, mərtəbəli şəkildə artırıldı. İndi isə bu proses müşahidə olunmur. Elə ilk günlərdən süni qiymət artımı müşahidə edilməyə başlanılıb. Bütün bunlara baxmayaraq, ötən devalvasiya zamanı açıqlanan inflyasiya göstəricisi reallığı əks etdirmir. Əslində, inflyasiya daha çox olmuşdu, cəmiyyətə isə aşağı inflyasiya statistikası təqdim edildi. İkinci devalvasiyadan sonra inflyasiya göstəricilərinin ikirəqəmli olacağına inanıram. Əgər təbii ki, bu rəqəm real şəkildə göstərilərsə... Düşünürəm ki, bu dəfəki infilyasiya cəmiyyətdən gizlədilməz”.
İqtisadçı ekspert hesab edir ki, ölkədə iqtisadiyyat şaxələnməlidir: "Yəni bu addımlar atılmayıbsa, idxal prosesində ərzaq məhsullarımız hələ 4-cü yeri tutursa, istehsalı artırmamışıqsa, biz idxalı necə azalda bilərik? Yəni bir ilin ərzində idxal necə birdən-birə azaldıla bilər? Bu proseslər hamısı mərhələ-mərhələ həyata keçdikdən sonra idxal prosesini azalda bilərik. Ancaq birdən-birə bu addım həyata keçirilmirsə, nəsə etmək mümkün olmayacaq”.
Dekabrın 21-də Azərbaycan Respublikasının Mərkəzi Bankı üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq, Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Qərarın ardınca rəsmi kurs 1 dollara qarşı 1 manat 55 qəpik olub.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1 manat 5 qəpik səviyyəsində müəyyən edilmişdi. Həmin vaxtadək 1 dollar 80 qəpikdən bir az baha satılırdı.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























