Qonşuya borca getsək, halımız necə olar? - AÇIQLAMALAR

Prezident İlham Əliyev sonuncu müşavirədə xarici dövlət borcumuzun aşağı səviyyədə olmasından, bunu nəzərə alaraq, ölkənin xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb etmənin mümkünlüyündən danışıb.
İqtisadçı ekspertlər hesab edirlər ki, dövlət başçısının bu açıqlaması Azərbaycanın xarici borclarının hansı səviyyədə olmasından və xarici borclanmaya getməkdən xəbər verir.
Samir Əliyev
İqtisadçı ekspert Samir Əliyev ANN.Az-a açıqlamasında ölkədə baş verən devalvasiyalardan sonra xarici borcların daha da artdığını deyib: " Hazırda ölkənin xarici borcları təxminən 20 faiz qədərdir. Ola bilsin 20 faizdən bir qədər azdır, ancaq 12 faiz deyil. Manat ucuzlaşdıqca bu rəqəmin daha da böyüyəcəyini gözləyirəm. SOCAR-ın borcları dövlətin borclarından bir az çoxdur. Təxminən 7 milyard dollara yaxındır. Borcların ikisi birlikdə 40 faiz edir. Avropa Birliyi bildirir ki, ölkələrin xarici borcları 60 faizə qədərdirsə, təhlükəli heç bir məqam yoxdur. 60 faizdən yüksək olduqda artıq vacib islatahatlar aparılmalıdır”.
Ekspert Azərbaycanın xarici borcunun yüksək olmadığı bildirib: "Ancaq buna baxmayaraq, manat ucuzlaşır, dövlət borclanmaya gedir, belə vəziyyətdə xarici borclanmanın miqdarı yüksələcək. Xarici borclanmanın əleyhinə deyilik. Ancaq bu məsələdə yüz ölçülüb, bir biçilməlidir. Nəzərə almaq lazımdır ki, bu borcu qaytarmaq lazımdır. Çünki neftin qiyməti ucuzlaşır, bu da ölkəmizin ödəmə qabiliyyətini zəiflədir. Hökumət ehtiyatlı şəkildə borclanmaya getməlidir. Çünki indiyə kimi alınan borclar çox səmərəsiz yerlərə sərf olunub. Bu sahəyə ciddi nəzarət olmalıdır”.
Samir Əliyev Azərbaycanın əsasən dünyanın aparıcı ölkələrindən borc aldığını vurğulayıb: "Əsasən Avropadan, ərəb ölkərindən, beynəlxalq maliyyə qurumlarından, eləcə də Dünya Bankından, İslam İnkişaf Bankından, Asiya İnkişaf Bankından və s.”
Qalib Toğrul
Digər iqtisadçı ekspert Qalib Toğrula görə, bir il ərzində cəmi 2 faiz xarici borcun artması çox cüzi göstəricidir: "Ölkə başçısı çıxışında xarici borc məsələsini vurğulaması ilə bu istiqamətdə addımlar atacağımızı bildirdi. Ümumiyyətlə, böhrandan çıxmaq üçün ya Neft Fondundan istifadə etməliyik, ya da xarici borclanmaya getməliyik. Bundan sonra ölkəmiz xarici borc alarsa belə, bu, bizlər üçün təhlükə yaratmayacaq. Çünki Azərbaycanın xarici borcu o qədər yüksək səviyyədə deyil”.
Ekspert böhran dövründə dünyada borcvermə prosesinin sayının azalacağını da xüsusi qeyd edib: "Ölkələrin iqtisadi durumuna baxılıb borc veriləcək. Çünki qaytarılma riski nəzərə alınır. Eyni zamanda borc verən təşkilatların şərtlərini yerinə yetirdikdə bu kimi problem yaşanmır. Bu baxımdan Azərbaycan xarici borc ala bilər. Çünki Dünya Bankı, Asiya İnkişaf Bankı ilə ölkəmizin əlaqələri yüksək səviyyədədir”.
Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı növbəti müşavirə keçirilib. Müşavirədə ölkə başçısı xarici borclar, onun səviyyəsi barədə danışıb: "Mən şəxsən heç vaxt tərəfdarı deyildim ki, Azərbaycanın xarici dövlət borcu artsın. Çünki həmişə istəyirdim ki, 10 faizi keçməsin. Ancaq indiki vəziyyətdə nəzərə alsaq ki, bizdə bu səviyyə cəmi 12 faizdir, - bəzi inkişaf etmiş ölkələrdə 100 faizdir, 120 faizdir, 150 faizdir, - yəni, çox az ölkə tapılar ki, orada xarici borc bizdəki səviyyədə olsun. Bunu nəzərə alaraq deyə bilərəm ki, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi bizim üçün heç bir problem yaratmaz. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır”.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























