Prezidentin fərmanı yerli məhsullarımızın ixracına necə kömək olacaq? - AÇIQLAMALAR

Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.
Ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.
İxracın təşviqi nə deməkdir?
İxrac təşviqləri, ya da digər adı ilə ixraca dövlət yardımları dövlətin ixracatçı şirkətlərə xaricə çıxaraq yeni bazarlar kəşf etmələrini və ixraclarını artırmalarını stimullaşdırmaq üçün verdiyi maliyyə dəstəyidir.
"Demirəm ki, gömrüklə bağlı heç bir problem yoxdur, hər şey aradan qaldırılıb” - Vahid Əhmədov

Deputat Vahid Əhmədov hesab edir ki, sözügedən fərman iş adamlarının daha çox məhsul istehsal edəcəklərinə stimul yaradacaq: "Çünki rəqabət qabiliyyətli məhsul nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Fərmanın imzalanmasında əsas məqsəd ixrac yönümlü qeyri-neft yönümlü məhsulların sayını və miqdarını artırmaqdan ibarətdir. O ki qaldı daxili bazarda istehsalın azalmasına, Azərbaycanda daxili bazarda heç bir porblem yoxdur və bundan sonra da problem olan deyil. Çünki bizim kifayət qədər məhsulumuz var. Buna görə də daxili bazarda qıtlıq yarana bilməz. Burada digər əsas məqsəd odur ki, sahibkarları cəlb edək ki, daha çox məhsul idxal etməkdə maraqlı olsunlar. Fərmanda göstərilib ki, onlara 3 faizlik güzəşt verilib. Ola bilsin, gələcəkdə bu rəqəm daha da artsın. Bu tək kənd təsərrüfatı sahələrinə deyil, bütün qeyri-neft sektoru sahələrinə aid ediləcək. Fərman Azərbaycanda qeyri-neft sektoruna ən böyük təkamül verən amillərdən biri olacaq”.
Xaricə məhsul satan iş adamlarının gömrüklə bağlı problem yaşamaları məsələsinə gəlincə, deputat hələ də müəyyən problemlərin olduğunu etiraf edib: "Amma buna baxmayaraq, gömrüklə əlaqədar müəyyən irəliləyişlərin olduğunu da deməliyik. Əgər hardasa və hansısa bir problem olursa, hansısa bir məmur, cənab prezidentin verdiyi göstərişi pozursa, artıq onlar cəzalandırılırlar. Bundan başqa Dövlət Gömrük Komitəsi "ASAN” Xidmətin rəhbəri ilə görüşüb. Bu görüşlər çərçivəsində komitə ilə ASAN xidmət arasında bəzi razılaşmalar olub ki, komitənin bir neçə xidməti ilə ASAN xidmət məşğul olsun. Demirəm ki, heç bir problem yoxdur, hər şey aradan qaldırılıb. Yox! Ancaq irəliləyişlərin olmasını da nəzərə almalıyıq”.
"Azərbaycan xaricə mal ixracını artırmaq üçün xeyli sayda məhsul istehsalına başlamalıdır” - Cəfər İbrahimli
İqtisadçı ekspert Cəfər İbrahimli hazırda bütün dünyada, xüsusi ilə inkişaf etməkdə olan ölkələrdə mal və xidmət ixracında təşviq məsələsinin olduğunu deyib: "Əslində, hazırda dünyada mal istehsalında problem yoxdur, əksinə mal bolluğu var. Hər kəs çalışır ki, istehsal olunan mal və xidmətlərin satış mərkəzini daha da genişləndirsin. Azərbaycanın da istehsal və satış imkanlarını genişləndirmək, dünya bazarlarına çıxaracaq keyfiyyətdə mal xə xidmətlərin istehsal olunması və ixracını stimullaşdırmaq məqsədi ilə təşviq verilməsi normal qarşılanmalıdır. Buna görə də dövlət burada maraqlıdır ki, olacaq əlavə istehsalı, xarici bazarlara göndərərək həm istesalı artırmaq həm də ölkəyə valyuta axınını artırmaq istəyir. Əslində dünya praktikasında da daxili bazarın tələbatın ödənilməsi ilə bərabər ixracın da artırılması istiqamətində işlər aparılır. Bununla da dövlət ixraca yönəlməyi də təşviq edir”.
İqtisadçı xaricə məhsul ixrac edəndən sonra daxili bazarı təmin edə bilməyəcəyimizi haqqında olan fikirlərlə razılaşmadığını bildirib: "Əgər sərbəst bazar iqtisadiyyatından danışırıqsa, biznesmen üçün ona ən yaxın olan bazarda və sərfəli qiymətlə məhsulu satmaq imkanı varsa digər bazarlara mal satışında maraqlı olmaz. Çünki kənar ölkəyə mal aparılanda daşınma xərcləri, uzaq məsafələrə daşıma riski, maliyyə xərcləri, sertifikat və əlavə sənədlər tələb olunur ki, bu da bəzi sahibkarlar üçün çətinliklər yaradabilir. Düşünürəm ki, bu fərman ixrac yönümlü istehsalla məşğul olan sahibkarların xaricə məhsul satmaq maraqlarını daha da artıracaq”.
Ekspertin sözlərinə görə, xaricə mal satmağın da bəzi tələbləri var: "Yəni xarici bazara mal idxal etməyin özünə məxsus tələbləri var. Yəni hər bir ölkənin özünə məxsus keyfiyyəti, standartları var. Bu standarta cavab verən mal və xidmətləri istehsal edəbilmək çox vacibdir. Məsələn Avropa ölkələri standartına cavab verməyən məsullarının idxalına imkan vermirlər. Bütün bunları nəzərə alıb, Azərbaycan xaricə mal ixracını artırmaq üçün dünya bazarının tələblərinə cavab verən məhsul istehsalı çox vacibdir. Yəni dünyada tanınsın ki, bu Azərbaycan istehsalı və brendidir”.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























