“FES fərqli qərar versəydi, dolların kəskin möhkəmlənməsi baş verəcəkdi” - AÇIQLAMALAR

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% -də saxlaması dünya bazarına öz təsirini həmən göstərdi: dollar ucuzlaşmağa, neft isə bahalaşmağa başladı.
FES-in son qərarını ANN.Az-a iqtisadçı ekspertlər Fikrət Yusifov və Vüqar Bayramov şərh ediblər.

Dolların bahalanması ABŞ iqtisadiyyatının inkişafına təsirsiz ötüşməyəcək – Fikrət Yusifov
Sabiq maliyyə naziri Fikrət Yusifov FES-nin bu addımının gözlənilən olduğunu deyib: "ABŞ Federal Ehtiyatlar Sisteminin iki günlük iclasının yekununa dair qəbul etdiyi qərara görə, uçot dərəcəsi 0,25 - 0,50 faiz diapazonunda saxlanılıb. Qərarın dəyişdirilməməsi qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edilir. Əslində bu gün dünya iqtisadiyyatının ¼-nə sahib olan ABŞ FES-nin bu addımı gözlənilən idi. Bu qərarla qlobal iqtisadiyyatın maraqları ABŞ-nın iqtisadi maraqlardan daha üstün tutuldu. Artıq ABŞ qlobal iqtisadiyyatda baş verən təlatümlərin onun öz iqtisadiyyatı üçün nə kimi nəticələrə gətirib çıxaracağının fərqindədir. Digər tərəfdən dolların bahalanması nəticə etibarı ilə Birləşmiş Ştatlarda iqtisadiyyatın inkişafına da təsirsiz ötüşməyəcək, ixrac potensialının zəifləməsinə gətirib çıxaracaq. Məhz bu səbəbdən də FES uçot dərəcəsinin qaldırılmasına getmədi. Dolların bir qədər ucuzlaşması, neftin qiymətlərinin müəyyən qədər artması isə nəticə etibarı ilə qlobal iqtisadiyyatda inkişaf meyllərinin baş qaldırması ilə nəticələnəcək. ABŞ iqtisadiyyatının qlobal iqtisadiyyatın dirçəlməsindən əldə edəcəyi dvidentlər isə kifayət qədərdir. Yəni burada hər qərar üzrə dəqiq hesablamalar mövcuddur. ABŞ bundan əvvəl uçot dərəcəsini artıraraq, dolların sürətlə bahalaşmasına nail oldu və bütün dünyaya göstərdi ki, onun ilk baxışda çox sadə görünən bir qərarı dünya iqtisadiyyatına, maliyyə bazarına necə təsir etmək iqtidarındadır. Sonradan isə bu qərarı dəyişib, əks effekt almaqla, onun istəyi ilə bunu əksinin necə baş verdiyini hər kəsə anlatdı. Bu həm də dünya iqtisadiyyatı və maliyyə sistemi üçün bir əzələ nümayişi idi”.

Uçot dərəcəsinin dəyişdirilməsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil – Vüqar Bayramov
İqtisadçı ekspert Vüqar Bayramov da FES-in uçot dərəcəsinin dəyişməməsini gözlənilən olduğunu vurğulayıb: "Bir neçə gün öncə Avropa Mərkəzi Bankı uçot dərəcəsini azaltdı və əlavə olaraq valyuta bazarına 20 milyard Avroluq emisiya etmək barədə qərar qəbul etdi. Amma əgər FES uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etsəydi, dolların kəskin möhkəmlənməsinə gətirib çıxaracaqdı. Ona görə də uçot dərəcəsini dəyişmədi. Ümumiyyətlə, uçot dərəcəsinin dəyişdirilməsini əvvəlcədn proqnozlaşdırmaq mümkün deyil. Həm də eyni zamanda digər ölkələr də - Avropa Birliyi və Çində də uçot dərəcəsinə baxaraq qərar qəbul olunur. Nəzərə alsaq ki, Avropa Mərkəzi Bankı uçot dərəcəsini yaxın vaxtlarda aşağı salmağı düşünmür. FES-in yığıncağında uçot dərəcəsinin dəyişilməsi yalnız ABŞ-dakı vəziyyət və ordakı əsas ticarət dövriyyəsinin uçot dərəcəsinə uyğun olaraq qəbul ediləcək”.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























