"Vergilər Nazirliyi əksər operativ nəzarət tədbirlərini dayandırıb"

"Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət (əmək müqavilələrinin bağlanması, aksizli məhsullalrın satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla, əksər operativ nəzarət tədbirlərini dayandırıb"
ANN.Az xəbər verir ki, bunu Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidmətinin müşaviri Sahib Ələkbərov bu gün nazirlikdə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək, biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə, saxta aksizli əmtəələri satışının təşkili və.s kimi qanun pozuntularına yol verilməsi hallarının sayı hələ də çoxdur. Nazirlik rəsmisi cari ilin ötən dövrü ərzində keçirilmiş xronometraj müşahidələr nəticəsində, habelə məsafədən məlumat ötürmə qurğuları quraşdırılmış bir sıra iri ticarət obyektlərində ticarət dövriyyəsinin dəfələrlə, hətta bəzən 10 dəfədən də çox azaldığının aşkar edildiyini bildirib. O, belə vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutlmuş inzibati tədbirlərin görüldüyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini və vergi qanunverciliyinə əməl etməyənlərə qarşı daha sərt tədbirlər görüləcəyini vurğulayıb”.
Son günlər mətbuatda iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyi belədir, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğundur.
Sahib Ələkbərov ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən üçdə birini təşkil etdiyi, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyi, beynəlxalq təcrübədə bu cür vergi güzəştlərin bir qayda olaraq, dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı – ayrı regionların və iqtisadiyyatın ayrı – ayrı sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunduğunu nəzərə çatdırıb: "Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, aidiyyatı dövlət qurumlarının ölçülüb – biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlilər nəticəsində müəyyən müddət verilir".
Vergi qanunvericiliyində ayrı – ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlərin mövcud olduğunu qeyd edən nazir müavini indiki mərhələdə ayrı – ayrı sahələrin ticarət şəbəkələrində ƏDV ilə bağlı vergi güzəştlərinin verilməsinin məqbul hesab olunmadığını bildirib.
Orxan Aslanlı
www.ann.az
























