Almaniya-Azərbaycan ticarət palatasının yeni təyin edilmiş direktoru ilə - MÜSAHİBƏ

Tobias Baumann - Almaniya-Azərbaycan ticarət palatasının yeni təyin edilmiş direktorudur. Onun sələfi Florian Şreder olub. O, Almaniya-Baltika ticarət palatası idarə heyətinin sədri təyin edilib.
Tobias Baumann ANN.Az informasiya portalına müsahibəsində gələcək planlarından danışıb.
- Cənab Baumann, Almaniya-Azərbaycan ticarət palatasının gələcəkdə hansı planları var?
- İlk növbədə biz hazırlanmaqda olan layihələri reallaşdırmağa davam edəcəyik. Biz xarici, xüsusən Avropa şirkətləri arasında biznes sorğularını davam etdirmək niyyətindəyik. İlk dəfə bu sorğuları 2016-cı ildə keçirdik və mən düşünürəm ki, əgər layihə üzrə bütün müttəfiqlər razılaşacaqsa, biz onu 2017-ci ildə də keçirəcəyik.
- Sözügedən sorğuda konkret olaraq nəyə xüsusi diqqət yetirilir?
- Biz ölkəmizdə fəaliyyət göstərən Avropa və beynəlxalq şirkətlərdən Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntilər, biznesin aparılmasının perspektivləri ilə bağlı fikirlərini bölüşməyi xahiş edirik. Bu, Azərbaycanın iqtisadi bazarındakı vəziyyətlə bağlı təsəvvürün əldə edilməsi üçün edilir.
- Ötən illərdə bu cür sorğular keçirilibmi?
- Biz bu tip sorğuları yalnız bu il keçirməyə başladıq. Hazırda biz analoji biznes-sorğunu gələn il də keçirməyi planlaşdırırıq, ancaq bu, hələ təsdiq edilməyib.
- Gələcəkdə hansı layihələri reallaşdırmağı planlaşdırırsınız?
- Hazırda biz peşə təhsili ilə bağlı layihəyə baxırıq. Bu, Azərbaycanda və digər ölkələrdə iqtisadiyyatın diversifikasiyası üçün mühüm mövzudur. İxtisaslı kadrlar tərəfindən ortaya qoyulan iş müasirləşməyə doğru aparır. Mən ümid edirəm ki, gələn ildə biz biznez nümayəndə heyətlərini qəbul edəcəyik. Adətən il ərzində bizə bir neçə nümayəndələr gəlir. Həmin şirkətlər bazar və investisiya mühitini öyrənirlər. Biz onların Azərbaycanda bizneslə məşğul olması üçün hər cür yardım edir, əlaqələndirmələr aparırıq.
- Xarici şirkətlərin Azərbaycanda reallaşdırılan layihələrə investisiyalar yatırması üçün nə etmək lazımdır?
- Əsas odur ki, investor pul qazana bilsin. Əgər şirkət investisiya yatırırsa, bu, sərfəli təklif olmalıdır, əks halda şirkət bağlaa bilər. Bu səbəbdən investorlar öz məhsullarını satmaq və istehsal etmək üçün uyğun və sərfəli şərtlər axtarırlar. Bu baxımdan Azərbaycan da digər ölkələr kimi rəqabətdədir.
- Azərbaycanda reallaşsırılan layihələrə investisiya yatırmaqda maraqlı olan konkret alman şirkətləri varmı?
- Almaniya-Azərbaycan ticarət palatasına 130-dan çox şirkət daxildir. Onlar bu və ya digər yollarla alman biznesi ilə əlaqəlidirlər. Ölkədə 170-dən çox alman şirkət fəaliyyətdədir. Biz bu şirkətlərin sayının artırılması üzərində çalışırıq və biz istərdik ki, Azərbaycana daha çox şirkətləri cəlb edə bilək.
- Yerli hökumət qurumları ilə əməkdaşlıq necə gedir?
- Bizim ölkə administrasiyası ilə çox yaxşı əlaqələrimiz və isti əməkdaşlığımız mövcuddur. Hökumət bizim ikitərəfli ticarətin inkişaf etdirilməsi məqsədlərimizi dəstəkləyir və yardım edir. Azərbaycan hökuməti Almaniya-Azərbaycan ticarət palatasının yaradılması ideyasının irəliləməsi üçün böyük töhfələr verib. Hökumətin dəstəyi olmadan 4 il əvvəl palatanı yarada bilməzdik.
Vüsal Əzizov
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























