Lisenziyaların ləğvı iqtisadiyyata nə verəcək? - TƏHLİL

Bir müddətdir ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə lisenziyaların dövlət icazələrinin minimuma endirilməsi prosesinə başlanıb. Bu, ölkədə kiçik və orta biznesi stimullaşdırırmı?
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul hesab edir ki, Azərbaycanda kiçik və orta biznesin dövlətdən almalı olduğu "saysız-hesabsız izacələr” var idi: "Bu lisenziyaların sayı həddindən artıq çox idi və sirr deyil ki, həm də korrupsiyalaşmışdı. Ötən ilin sonlarına qədər 300-dən çox lisenziya, şəhadətnamə, rəy və ya ümumiləşdirsək, icazələr var idi. Prezidentin 2015-ci il dekabrında verdiyi fərmanından sonra icazələrin lisenziya hissəsi, hansı təxminən, 50 idi, 37-yə endirildi və bu, inqilabi bir qərar idi”.
Qalib Toğrul hesab edir ki, bu, sahibkarlar üçün ciddi dəstək idi: "Sahibkarlar bu lisenziyanı əldə edənə qədər çox incidilirdilər. Ancaq indi ASAN Xidmət vasitəsilə alırlar və üstəlik, dövlət rüsumları da azaldıldı”.
Ekspert vurğulayır ki, təkcə istehsal və satışla yox, həm də idxalla bağlı da lisenziyalar azaldılıb: "Bu, həm də Ümumdünya Ticarət Təşkilatının Azərbaycan qarşısında qoyduğu tələblərdən biridir”.
Tədqiqatda təklif olunur...
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birlyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda isə təklif olunur ki, hökümət lisenziyaları biznes subyektlərinin onların iddia etdikləri fəaliyyətləri yerinə yetirmək üçün lazım olan hazırlıqlara və maddi-texniki bazaya sahib olduqlarından əmin olan kimi versin: " Bu zaman yalnız minimum keyfiyyətlər tələb olunmalıdır”.
Tədqiqat müəllifləri vurğulayırlar ki, bir neçə lisenziyanın eyni anda tələb olunduğu fəaliyyət sahələrində onların alınma ardıcıllığı və prosedurları aydın ifadə edilməli və dövlət orqanlarının öz aralarında səmərəli şəkildə koordinasiya edilməlidir: "Hökümət hansı fəaliyyət növündən hansı meyar və əsaslandırmalarla lisenziya tələb olunmasını dəqiq müəyyən etməli və bu hüquqi sənədlərdə öz əksini tapmalıdır”.
"Vahid qanun olmalıdır”
Hüquqşünas Abil Bayramov isə hesab edir ki, yeni yaradılan və daha çox innovasiya tutumlu fəaliyyətə yönələn orta müəssisələr, eyni zamanda sosial-iqtisadi göstəriciləri ölkə üzrə ortalamadan aşağı olan bölgələrdə fəaliyyətə başlayan kiçik müəssisələr üçün lisenziyalaşdırma qaydaları sadələşdirilə bilər. Onun fikrincə, www.icazeler.gov.az portalı daha interaktiv bir formatda hər bir lisenziya və ya icazə növü üçün tələb olunan əlavə şərtlər də daxil edilməklə tətbiq edilməlidir: "Bu saytda lisenziyalaşdırılan fəaliyyət sahələrində işlərin təşkilinə, avadanlıqlara, zəruri bilk və bacarıqlara qarşı qoyulan tələblər dəqiq əks etdirilməlidir.
Bundan başqa, lisenziyalaşdırma ilə bağlı bütün normativ-hüquqi aktlar onlardakı müddəaların kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə hüquqi təfsirə ehtiyac duyulmadan anlaşıla bilən olması baxımından yenidən işlənməlidir”.
Eskpert vurğulayır ki, beynəlxalq təcrübədə lisenziyalaşdırma ilə bağlı əsas normativ sənədləri birləşdirən vahid qanun var və Azərbaycan da lisenziyaları vahid qanunda birləşdirməlidir. Abil Bayramov onu da təklif edir ki, kiçik və orta sahibkarların lisenziya alması zamanı qarşılaşdıqları problemlərin daha operativ həlli üçün daha mobil nəzarət qrupları formalaşdırılsın.
Bəs lisenziyaların azaldılması fonunda kiçik və orta sahibkarlıq ölkə iqtisadiyyatına töhfə verə bilirmi? İqtisadçı Qalib Toğrul deyir ki, bunu söyləmək tez olardı, üstəlik, ölkədə müşahidə edilən iqtisadi böhran bunu hiss etməyə imkan vermir: "Maliyyə bazarındakı problemlər bəllidir, nəzərə alsaq ki, sahibkarlığın inkişafı üçün həm də bank kreditlərinə ehtiyac var, o zaman kiçik və orta biznesin iqtisadiyyata bu gün ciddi töhfə verməsini söyləyə bilmərik”.
S.Mehdiyeva
























