Cənubi Qafqaz Boru Kəmərinə nə qədər pul xərclənib?

2016-cı ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat xərcləri və 764 milyon dollar əsaslı xərclər sərf edilib.
"BP Azerbaijan” şirkətindən ANN.Az-a verilən məlumata görə, bu ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülüyü təqribən 20 milyon kubmetr qaz olub.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib. Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Məlumatda həmçinin qeyd olunub ki, bu ilin üçüncü rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib.
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib - təqribən, 196 km uzunluğunda borular artıq qaynaq edilib, 177 km boru örtüklənib və 168 km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri irəliləməkdədir.
Üçüncü rübdə Gürcüstan ərazisində də xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam edib. Kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib - 59 kilometrə yaxın boru qaynaq edilib və örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.
Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 80% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin 2018-ci ildə tamamlanması planlaşdırılır.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























