"Şahdəniz" layihəsinə 3.1 mlrd dollar xərclənib

"2016-cı ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən, 334 milyon dollar əməliyyat xərcləri və təqribən, 2,77 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz - Mərhələ 2" layihəsinə aiddir".
ANN.Az xəbər verir ki, bu barədə "BP-Azerbaijan” şirkətinin hesabatında qeyd olunub.
Məlumatda bildirilib ki, doqquz ay ərzində Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam edib. Həmin dövr ərzində yataqdan 8 milyard standart kubmetr qaz və 1,9 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.
Həmçinin bildirilib ki, bu ilin üçüncü rübündə "Şahdəniz - Mərhələ 1"-in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusunun alt seksiyaları qazılıb və tamamlama işlərinə başlanıb. Bu işlər hazırda davam edir.
İstiqlal qazma qurğusunun yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarına başa çatdırılıb. Bunun ardınca, qurğu SDC04 quyusunda tamamlama işlərinə başlayıb və bu işlər indi də davam edir.
Heydər Əliyev qazma qurğusu SDG03 quyusunu qazdıqdan sonra SDG02 quyusunun lay seksiyasında qazma işləri aparır.
Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-nin başlanması və hasilatın ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində on hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Qeyd edək ki, Şahdənizdə iştirak payları belədir:
BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























