Bakı restoranlarında son vəziyyət - Qiymət artımı gözlənilir

Tarif Şurası dekabrın 1-dən etibarən təbii qazın və elektrik enejisinin qiymətini müəyyən edilmiş limitdən çox istifadə etmə şərti ilə bahalaşdırıb. Kommunal xidmətlərdəki qiymət artımı digər sahələrə də təsir göstərməyə başlayıb.
ANN.Az məsələ ilə əlaqədar paytaxtda yerləşən kafe və restoranlardakı qiymətləri dəqiqləşdirib.
Qiymət artımı "Dərya Fish House” restoranına təsirsiz ötüşməyib. Restorandan ANN.Az-a bildirilib ki, qiymət artımı əlbətdə olacaq:
"Hamıda necə, bizdə də elə. Əgər dövlət qazın, işığın qiymətini artırırsa, biz də məcburi şəkildə qiymətləri artıracayıq. Bahalaşmanın olmağı müştərilərin sayının azalmasına da təsir göstərir. Tək işıq və qaz bahalaşmayıb, ərzaq məhsullarının da qiymətində artım var. Qiymətlərin nə qədər artırılması isə qaza və işığa ödəcəyimiz aylıq qiymətdən asılı olaraq dəyişəcək”.
"Hollywood” restoranından hələ ki, qiymət artımı edilməyib bildirilib:
"Doğrudur, qazın, işığın qiyməti bahalaşıb. Ancaq bu qiymətlərlə bağlı hələ ki, ödəniş etməmişik. Əslində, qiymətləri qaldırmaq istəmirik, ancaq hamı necə, bizdə elə. Növbəti aylardan qiymət artımı edəcəyimiz gözləniləndir”.
"NİAQARA” restoranı qiymətləri dəyişməsə də, müştəri azalığından şikayətlənir:
"Qiymətlər əvvəlki kimidir. Kiminsə məclisinə hesab deyilirsə, bunun qiymət artımı ilə əlaqəsi yoxdur. Yəni, necə deyək, qaz pulu qalxıb, ona görə qiymətləri artırırıq, yox. Rəhbərlik qiymətlərin artırılması ilə bağlı qəti qadağa qoyub. Bahalaşma olandan sonra müştərilərin sayında azalma var. Keçən il hansı menyu ilə işləyirdiksə, bu il də həmin meynu ilə davam edirik. Dəyişiklik yoxdur”.
Bahalaşma "Planet” şadlıq sarayında da müştəri azlığına səbəb olub:
"Qiymətləri özümüz qaldırmırıq ki, heç olmasa, müştəri "tuta” bilək. Onsuz da, bahalaşma var. Bir də bu bahalaşma olsa, heç müştəri tapa bilməcəyik. Köhnə qiymətlərlə işləyirik.
"Çanaqqala” restoranından bildirilib ki, qiymət artımı restorandakı qiymətlərə təsir etməyib:
"Qiymətləri artırmaq niyyətində deyilik. Əvvəlki qiymətlərlə işləsək də, müştərilərin sayında ciddi azalma var.
"Cafe City”-dən bildirilib ki, hazırda qiymət artımı yoxdur:
"Qiymətlərin bahalaşması ilə əlaqədar rəhbərlik növbəti aylarda hansı qərarı qəbul etsə, onu da icra edəcəyik”.
"1953” kafedən qeyd edilib ki, kafedə qiymət artımı hazırda mövcud deyil:
"Gələn ay olub-olmamayacağı haqqında isə hələ ki, heç bir məlumat yoxdur”.
"Oazis” restoranından qiymətlərin artırılması gözlənilmədiyi deyilib:
"Köhnə qiymətlərlə işlədiyimiz üçün müştərilərimiz sayında azalma yoxdur”.
"Eleven” restoranından deyilib ki, restoranda qiymət artımı və ya bununla bağlı hər hansı dəyişilik yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl manatın devalvasiyası zamanı kafe və restoranlardakı ciddi qiymət artımı müşahidə edilmişdi.
Xatırladaq ki, Tarif Şurasının müəyyən etdiyi yeni qaydalara görə, əhali üzrə qazın qiyməti illik istehlak həcmi 1500 kubmetrdən çox olan istehlakçılar əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Əhali üzrə işığın qiyməti isə istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 11 qəpik ödəyəcəklər.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























