"Yeni qaydalar bütün taksi sürücülərinə aid deyil" - Ekspert

Azərbaycan Parlamentinin plenar iclasında taksi sürücüləri və taksi fəaliyyəti ilə məşğul olan şirkətlər üçün İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib.
Məcəlləyə edilən dəyişikliklərə görə, taksi xidməti göstərən maşınlar dayanacaqda və ya 5.14 nişanı ilə nişanlanmış xüsusi təyin olunan yerlərdən kənarda dayanmaq qadağandır. Bu qaydanı pozanlar 40-50 manatadək cərimələnəcəklər.
Bununla əlaqədar bir sıra suallar yaranır: Əgər insan evinə taksi çağırır və orada 5.14 nişanı (taksilər üçün xüsusi dayanma yerini bildirən yol nişanı) yoxdursa, bu zaman necə olacaq? Buna görə DYP əməkdaşları cərimə tətbiq edəcəklər?
Yol hərəkəti məsələləri üzrə ekspert Ərşad Hüseynov ANN.Az-a açıqlamasında bildirib ki, yeni qaydalar bu cür hallar üçün nəzərdə tutulmayıb:
"Belə olduqda, taksi sürücüsünün konkret sifarişi olur. Ona görə də, yeni qaydalar belə hallara şamil olunmur. Əgər sürücü sərnişinini mənzil başına gətiribsə, o zaman onun 15 dəqiqə gözləmə hüququ var. Yeni qadağalar xüsusi olaraq, müştəri gözləyən taksi sürücülərinə aiddir".
Bundan başqa, qanunvericiliyə görə, taksometri və fərglənmə nişanı olmayan taksi sürücüləri üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Azərbaycandakı əksər taksilərdə taksometr yoxdur.
Ərşad Hüseynov hesab edir ki, qanun sürücüləri və sahibkarları qoruyur, amma onu praktikada tətbiq etmək çətin olacaq:
"Əgər bu qayda indi tətbiq olunsa, taksi sürücülərinin 90%-i işsiz qala bilər".
Elşən Məmmədov adlı taksi sürücüsü əməkdaşımıza bildirib ki, taksi fəaliyyəti onun yeganə gəlir yeridir:
"Mənim ailəmdə heç kim işləmir. Taksi kimi fəaliyyətim yeganə gəlir mənbəyimdir. Əgər taksometr olmamasına görə cərimə tətbiq olunacaqsa, o zaman mən əvvəlki kimi işləyə bilməyəcəm. Bu da o deməkdir ki, mən ailəmi saxlaya bilməyəcəm. Və bu hal bir çox taksi sürücüləri üçün eynidir”.
Vüsal Əzizov
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























