Region yollarında vəziyyət necədir?

"Bu il çəkdiyimiz magistral yolun uzunluğunu 299, yerli əhəmiyyətli yolların uzunluğunu isə 180 kilometrə çatdırmışıq"
ANN.Az xəbər verir ki, bunu AzərTac-a müsahibəsində "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib.
Sədrin sözlərinə görə, kollektivimiz 115 kilometrlik Muğanlı-Yevlax, 29 kilometrlik Qaraməryəm-İsmayıllı, Qobustan rayonunda 17 kilometrlik Təklə-Sündü-Xilmilli, Yardımlı rayonunda 46 kilometrlik Yardımlı-Deman-Arvana, Qəbələ rayonunda 122 kilometrlik Nohurqışlaq-Tüntün-Yengicə, Biləsuvar rayonunda 6 kilometrlik Əsgərəbad-Muğan-Çaylı, Qusar rayonunda 24,7 kilometrlik Qusar-İmamqulukənd-Quxuroba, Xaçmaz rayonunda 24,8 kilometrlik Xudat-Yalama-Zuxuloba, Qazax rayonunda 8 kilometrlik Kosalar yollarını tamamilə yenidən qurub. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd avtomobil yolunun 23,4 kilometrlik, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhəd avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin tikintisi də başa çatıb. Eyni zamanda, Salyan rayonunda Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən, uzunluğu 200, eni 14,5 metr olan müasir tipli körpü tikib istifadəyə vermişik. Bununla, Babazanan yaşayış massivində yaşayan 6 mindən artıq əhalinin Salyan rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşıb. Yeri gəlmişkən qeyd edim ki, ölkə üzrə ümumi istifadədə olan 12 yeni avtomobil körpüsü tikmiş, 5 körpünü isə təmir etmişik. Həmçinin Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində piyada keçid salmışıq".
"Məlum olduğu kimi, dekabrın əvvəllərində Prezident İlham Əliyev ölkənin strateji əhəmiyyətli ərazisində - Tərtər rayonunun Sarıcallı kəndində Tərtər çayı üzərində inşa etdiyimiz körpünün açılışında iştirak edib. Bu, yol inşaatçılarımızın böyük ruh yüksəkliyinə səbəb olub. Biz qürur duyuruq ki, Prezident yol inşaatçılarının ən yaxın dostudur. Təsadüfi deyil ki, dövlət başçısı təkcə cari ildə 17 dəfə avtomobil yolu, körpülər və yol qurğularının açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Onu da qeyd edim ki, Prezidentin birbaşa göstərişi ilə 2013, 2014 və 2015-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının inşasının başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən etibarən "Azəravtoyol” ASC-yə həvalə edilmişdir və bu, bizə göstərilən çox böyük etimaddır. Bu etimada cavab olaraq biz yol infrastrukturunu dəyişmək, müasir tipli yollar çəkmək üçün var qüvvəmizi əsirgəmirik. İcra olunası layihələrimiz isə çoxdur. Hazırda kollektivimiz dövlət başçısının imzaladığı 46 sərəncama əsasən, 34 rayon və şəhərdə uzunluğu 823,5 kilometr olan avtomobil yollarının tikintisini və 2 körpünün bərpası ilə məşğuldur. İndiyəcən isə şəhər tipli məntəqələrdə yaşayan 1,5 milyon əhalinin gediş-gəlişini asanlaşdırmışıq. 20 kəndlərarası və qəsəbələrarası avtomobil yollarının tikintisini artıq başa çatdırmışıq. Ümumi uzunluğu 370 kilometr olan bu yollar 147 yaşayış məntəqəsini birləşdirir. Daha 610 min əhalinin yaşadığı 47 yaşayış məntəqəsini birləşdirən 6 kənd və qəsəbələrarası 120 kilometrlik yolların tikintisini və bir avtomobil körpüsünün bərpasını isə yekunlaşdırmaq üzrəyik. Bütövlükdə ölkə ərazisində 84 kəndlərarası avtomobil yolu layihələrini həyata keçirməyi düşünürük. Həmin yolların uzunluğu 2101 kilometrdir ki, onun da 1149 kilometri yeni tikiləcək. Həmin layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək. Bu da həmin kəndlərin əhalisinin təzə avtomobil yollarından rahatlıqla istifadə etməsi, tədarük etdikləri kənd təsərrüfatı məhsullarını qısa vaxt ərzində istədikləri ünvanlara çatdıra bilmələri deməkdir", - deyə "Azəravtoyol” ASC sədri əlavə edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























