Mərkəzi Bank bu il nə qədər vəsait itirdi?

"Mərkəzi Bank valyuta ehtiyatlarını, məhz, 4 milyard həcmində qorumaqda maraqlıdır”.
ANN.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Mərkəzi Bankının (AMB) 2016-cı ildə valyuta ehtiyatı itirməsini şərh edərkən deyib.
İqtisadçının sözlərinə görə, cari ilin 1 yanvar – 1 dekabr 2016-cı il tarixinə olan məlumata əsasən, AMB valyuta ehtiyatlarının təxminən, 1 milyarda qədərini itirib:
"Faizlə ifadə etsək, bu il Mərkəzi Bank ehtiyatlarının 20%-ni itirib. Bankın itkisi 2016-cı ilin ilk üç ayına təsadüf edib. Bundan sonra AMB tamamilə bazardan çəkildi. Ancaq Neft Fondu valyuta satışlarını həyata keçirməyə başladı. Əgər Neft Fondu bazara daxil olub, əsas oyunçuya çevrilməsəydi, ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatı qalmazdı. Bu gün valyuta qıtlığının yaranmasının əsas səbəbi ondan ibarətdir ki, Mərkəzi Bank artıq 4 milyarlıq valyuta ehtiyatlarını qorumağa çalışır. Çünki, Mərkəzi Bankın valyuta ehtiyatları beynəlxalq təşkilatlarla kredit danışıqlarında bir növ girov rolunu oynayır. Mərkəzi Bank valyuta ehtiyatlarını bu həddə qorumaqda maraqlıdır. Bu rezerv, tamamilə, sıfırlanarsa, danışıqlarda müəyyən çətinliklərə səbəb ola bilər. Bu, həmçinin, ölkənin imicinə də mənfi təsir göstərəcək amillərdəndir”.
"Neft Fondu gələn il yenidən əsas oyunçu olmaqda davam edəcək. Ancaq Neft Fondunun da kifayət qədər məhdud bazara çıxarılacaq valyuta marjası var. Fond büdcəsinə görə, cəmi 4 milyarddan bir az çox valyuta sata bilər. Mərkəzi Bank tamamilə bazardan çəkilməyi düşünür. Mart ayından sonra da biz bunun şahidi olduq. Mərkəzi Bankın 4 milyardlıq rezervin qorunması valyuta ilə bağlı çox böyük ajiotaja səbəb olacaq. Yəni, ölkənin valyutaya olan tələbatı, ortalama, ayda 1 milyard dollara yaxındır. Amma, Neft Fondunun il ərzində cəmi 4 milyarddan bir qədər çox valyuta satma imkanı var. Ya qanunvericilikdə yenidən dəyişiklik edib, Neft Fondunun daha artıq valyuta satmasına icazə verilməlidir, ya da digər mənbələrdən bazara valyuta çıxarılması üçün çalışmaq lazımdır. Təəssüf ki, qısa müddətdə əlavə mənbələrin yaranma ehtimalı çox aşağıdır. Mərkəzi Bank bazardan tamamilə çəkilərsə, təkcə Neft Fondu hesabına gələn il manatın məzənnəsinin yumşaq şəkildə dəyərdən düşməsini saxlamaq çox çətin olacaq. Belə olan halda, manatın dəyərdən düşməsi prosesi daha da artacaq”.
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, AMB-nin 2017-ci ilə 4 milyardlıq rezervlə daxil olması bankın valyuta bazarında manevr imkanına mane olacaq:
"Bu rəqəm də valyuta bazarında manevr etməyə imkan vermir. AMB-nin manevr imkanları tükənib. Mərkəzi Bank daha çox Dövlət Neft Fondu hesabına hərraca çıxardığı dollarların satışı ilə çalışır ki, prosesləri tənzimləsin. Bazardan dollar təklifi olmadığı üçün Mərkəzi Bank hərraclardan dollar almır. Çünki dollar təklifi heç yoxdur, tələbat yüksəkdir. Hazırki vəziyyətdə Mərkəzi Bankın dollar ehtiyatları yoxdur, manat ehtiyatları var. Bütövlükdə, dünya bazarında neftin qiymətinin aşağı düşdüyü dövrdən (xüsusilə, 2014-cü ildən) Mərkəzi Bank öz rezervlərinin 11.2 milyardlıq hissəsini itirib. Buna görə də, Mərkəzi Bank çalışır ki, rezerv hissə 4 milyarddan aşağı düşməsin və bazara psixoloji təsiri artırmasın”.
"Strateji Yol Xəritəsində Mərkəzi Bankın növbəti ilə liberal məzənnə siyasəti tətbiq ediləcəyi nəzərdə tutulub. Bu da ondan xəbər verir ki, Mərkəzi Bank növbəti il valyuta bazarında inzibati tənzimləmə həyata keçirməyə çalışsa da, intervensiya baxımından aparıcı oyunçu olmayacaq”, - deyə V. Bayramov əlavə edib.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























