Fermerlerə yeni texnologiyaların tətbiqi öyrədiləcək

Kənd Təsərrüfatı Nazirliyi bu gün Ucar rayonunda (Ucar, Ağdaş, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə), dekabrın 29-da isə Şəki rayonunda (Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə zona müşavirələri keçirəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, zona müşavirələrinin gündəliyinə rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr, habelə "Heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili və mövcud olan heyvan cinslərinin məhsuldarlığının yüksəldilməsi yolları”, "Yem istehsalında yeni texnologiyaların tətbiqi”, "Respublikanın müxtəlif bölgələri üzrə heyvanlarda rast gəlinən infeksion və invazion xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” kimi mövzularda təqdimatlar daxildir. Təqdimatlar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən ediləcək.
Müşavirələrdə yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə olunacaq.
Müşavirələrin mövzusuna uyğun olaraq innovativ təcrübələrin nümayişi məqsədi ilə təsərrüfatlara səfərlər təşkil ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























