Bakıda mənzillər ucuzlaşır

"2017-ci ilin sonuna doğru mənzil bazarında qiymətlərdə dəyişiklik ötən ilin davamı kimi stabil olacaq”.
Bu barədə ANN.Az-a daşınmaz əmlak məsələləri üzrə ekspert Rövşən Talıbzadə deyib.
Onun sözlərinə görə son illərdə mənzil bazarında qiymətlər azalmağa doğru gedir:
"Daşınmaz əmlak bazarının tendensiyasını izləsək görərik ki, 2007-ci ilin sonlarından 2008-ci ilə kimi qiymətlərdə artım müşahidə edilib. Hətta həmin dövrdə mənzillərin qiymətlərindəki artım artıq pik həddə çatmışdı. Burada təbii ki, həm iqtisadi faktorlar əsas rol oynaryırdı, həm də kreditləşmə imkanları var idi. Bundan əlavə, əhalinin sosial vəziyyəti də buna yol veriridi. Həmçinin, həmin dövrdə infrastruktur layihələri həyata keçirilirdi və bu da mənzillərə olan tələbatı artırırdı. Lakin təxminən, 2010-cu ildən etibarən qiymətlərdə stabilləşmə müşahidə olundu. 2013-cü ildə isə yeniden mənzillərin qiymətləri bahalaşdı. Burada da əsas rolu əvvəlki illərdə olduğu kimi infrastruktur layihələri və digər amillər oynayırdu. Amma bu, elə də uzun vaxt çəkmədi”.
R. Talıbzadə bildirib ki, son bir neçə ilə nəzər yetirdikdə, qiymətlərin azalmağa meyil etdiyini görmək olar:
"Alğı-satqı şirkətlərinin, rieltorların (maklerlərin) müştərilərə təklif etdikləri süni qiymətlərə son qoymaq məqsədilə alğı-satqı məsələlərinə müəyyən vergilər və məhdudiyyətlər tədbiq olundu. Bu məhdudiyətlər alğı-satqı şirkətlərinin gəlirini azaltdı. Artıq sadəcə mənzilə olan tələbatı olanlar mənzil bazarının iştirakçısı olurdular. Bu sistem hazırda da davam edir. Buna əlavə olaraq, ipoteka kreditləşməsinin fəaliyyət göstərməsi nisbətən də olsa, mənzil bazarında canlanmaya səbəb olur. 2017-ci ilin sonuna doğru qiymətlərdəki dəyişiklik ötən ilin davamı kimi olacaq. Yəni qiymətlərdə stabillik davam edəcək. Bunu psixoloji və iqtisadi faktorlar da təsdiq edir ki, artıq əhali daşınmaz əmlak alğı-satqısına investisya kimi yanaşmır".
Ekspertin fikrincə, may ayından etibarən, sosial evlər üçün başlayacaq elektron müraciətlər mənzil satışına birbaşa təsir göstərməyəcək:
"Ümumiyyətlə, bu layihənin mənzil bazarında qiymət artımına və ya azalmasına təsirini fikirləşmək məntiqsiz olardı. Çünki sosial evlər aztəminantlı ailələr üçün nəzərdə tutulub. Hazırda kirayə mənzil bazarında canlanma hiss olunur və bu davamlı olacaq. Qiymətlər də ola bilər ki, tələbatdan asılı olaraq, artım müşahidə olunsun. Bunu da onunla əlaqələndirmək olar ki, artıq paytaxtın bir çox rayonlarında müəyyən layihələr həyata keçirilir. Belə ki, köhnə, şəhərin görüntüsü üçün tam uyğun olan binaların söküntüsü davam edir və həmin binalardan köçürülən əhali bir müddətlik kirayə evlərlə təmin olunur. Bu, kirayə bazarına təlabatın yaranmasına səbəb olur".
Məsələyə münasibət bildirən Daşınmaz Əmlak üzrə ekspert Emil Cəfərovun sözlərinə görə, 2017-ci ilin sonlarına doğru mənzil bazarında qiymətlərdə artım olacaq:
"Demək olmaz ki, bu artım çox olacaq. Qiymətlərin təxminən, 5-10%-ə qədər qalxacağı gözlənilir, ancaq bu, dollarla yox, manatla olacaq".
Ekspert qeyd edib ki, sosial evlərə elektron müraciət layihəsi may ayından başlayacaq və cüzi də olsa, 2017-ci ildə ev alğı-satqısına təsir göstərəcək:
"Kirayə mənzil bazarında qiymətlər stabil olaraq qalacaq. Bunu da onunla əlaqələndirə bilərik ki, əvvəllər ölkəmizə gələn xarici vətəndaşlar və şirkətlər əvvəlki dövrlərə nisbətən azalıb".
Şəbnəm Cavadzadə
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























