Bu dəfə sullarımızı
AccessBank-ın Marketinq departamentinin rəhbəri Günay Cəlilova cavablandırıb.
O, Bankın bu ilki nəticələrindən tutmuş, keçirilən kampaniyalar, kampaniyaları
hazırlayarkən nələrə fikir verdiklərini, həmçinin AccessBank-ın 2018-ci il üçün planlarından məlumat verdi.
2017-ci ilin sonuna gəlirik.
AccessBank-ın Marketinq Departamenti üçün 2017-ci il necə keçdi?
Bu
il bizim üçün çox əhəmiyyətli il idi, çünki Bankımızın 15 ili tamam oldu. İl ərzində
müştərilərimizə yeni xidmətlər təklif etdik və bir çox kampaniyalar həyata
keçirdik. Rəqəmsal dövrün nəbzini tutaraq, Bankımız istifadədə olduqca rahat
olan "myAccess Mobile” əlavəsini müştərilərə təqdim etdi və, həmçinin, onlayn
bankinq xidmətinə bir çox yeni funksiyalar əlavə etdi. İlin əvvəlində
korporativ müştərilərin tələbatlarına cavab verən və onların nağdsız
hesablaşmalarını asanlaşdırmaq məqsədilə yeni kampaniyaya başladıq. Yay
aylarında 15 illiyimizə hərs olunmuş kredit, əmanət və plastik kartlarla bağlı
müxtəlif kampaniyalar keçirdik. Kampaniyaların uğurlu nəticələrini portfel və
müştəri sayının artımında, eləcə də müştəri məmuniyyətində müşahidə etdik. Yeri
gəlmişkən, təzəlikcə yeni "Hər tərəfdən sərfəli!” kampaniyasına başladıq. Bu
kampaniya çərçivəsində müştərilər Visa və
Mastercard ödəniş kartlarımızı 50% endirimlə əldə edə bilər, eləcə də nağdsız əməliyyatlar
edərək iPhone X qazana bilərlər.
Hansı kampaniyaları uğurlu
saya bilərsiniz?
Qeyd
etdiyim kimi, il ərzində bir neçə kampaniya keçirdik, bunlardan bəziləri hələ də
davam edir. Bütün kampaniyaları uğurlu hesab etmək olar. Xüsusilə, sahibkarlar
üçün nəzərdə tutulmuş "Biznesə 5D”, kreditlərlə bağlı "15=12” adlı və ödəniş kartları ilə bağlı "Bu yay üzünüzə güləcək”
adlı kampaniyalarını qeyd etmək istərdim.
"Biznesə
5D” kampaniyası ilə zamanın nəbzini tutaraq iş adamlarına 5 məhsul və xidməti
pulsuz təklif edərək dəstək olduq. "15=12” kampaniyası çərçivəsində müştərilər
15 aylıq kredit götürüb, 12 ay üzrə faizi ödəmək imkanı qazandılar. "Bu yay
üzünüzə güləcək” lotereyası ilə bir daha nağdsız ödənişlərin inkişafına töhfə
verdik, müştərilərimiz isə maraqlı hədiyyələr əldə etdilər.
Marketinq kampaniyaları
hazırlayarkən nələrə fikir verirsiniz?
Kampaniyaları
hazırlayarkən ilk öncə bazarın tələbatını və Bankın biznes məqsədlərini nəzərə
alırıq. Bunun üçün bazarın və məhsulların təhlilini, müştərilərin tələbatları və
gözləntiləri üzrə araşdırma aparırıq, eləcə də bençmarkinq edirik. Əlbəttə ki,
Bankın öz daxili resurları baxımından
(texnoloji, insan və s.) imkanlarını da nəzərə alırıq. Bundan başqa,
kampaniyanın təşviqi üçün əvvəlcədən ən effektiv kommunikasiya kanallarını
seçirik - bu, kampaniyanın məqsədindən və hədəf müştəri seqmentindən asılı
olaraq fərqli reklam kanalları ola bilər (sosial şəbəkələr, radio, televiziya,
birbaşa marketinq, bilbordlar və s.). Çalışırıq ki, kommunikasiyamız müştərilərə
aydın və maraqlı olsun, bunu kampaniyanın
konsepsiyasını hazırlayarkən ilk növbədə düşünürük.
KSM sahəsində AccessBank həmişə
aktiv olub, bu il hansı layihələr olub?
Doğrudur,
Bankımız üçün korporativ sosial məsuliyyət üzrə layihələr hər zaman önəmli
olub, 15 il ərzində cəmiyyətimizə müsbət töhfə verən 200-ə yaxın sosial layihə
həyata keçirmişik. Bu il ərzində də bir sıra sosial layihələrimiz olub. Bir neçə
layihəni xüsusilə qeyd etmək istərdim. İlin əvvəlində başladığımız "Qayğıkeş Ana”
adlı layihə çərçivəsində insanlara bir çox faydalı məsləhətlər verən virtual
obrazı yaratdıq. NFS (Non-Financial Services) layihəsi çərçivəsində
sahibkarlara qeyri-maliyyə xidmətləri göstərməklə onların malıyyə
savadlılığının artırılmasına dəstək olduq. Ayrıca Uşaqların Beynəlxalq Müdafiəsi
Günü ilə bağlı dəstək olduğumuz "Səsli kitablar” layihəsini qeyd etmək istərdim.
Bu "danışan” kitablar görmə qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına yardım
etməsi üçün hazırlanmışdır. Bu ilin sonunadək cəmiyyət üçün faydalı bir neçə
sosial layihələr keçirməyi planlaşdırırıq.
Sizin bank media nümayəndələri
arasında çox sevilir. Bunun üçün nələr edirsiniz?
Biz
media nümayəndələrini özümüzə dost hesab edirik. Çünki, məhz onların sayəsində
bank haqqında xəbərləri, kampaniyaları ictimaiyyətə çatdıra bilirik. Biz hər
zaman onların suallarını cavabsız qoymamağa çalışırıq. İşdən əlavə onlarla
görüşlər keçiririk, onları maraqlandıran sahələr üzrə müxtəlif mövzulu
treyninqlər təşkil edirik. Hesab edirəm ki, AccessBank-ın bu qədər tanınmasında
və cəmiyyət arasında yaxşı qarşılanmasında məhz onların rolu çox böyükdür.
Rəqəmsal marketinq sahəsində nələr
edirsiniz?
Son
illərin trendi olan rəqəmsal marketinq bank sahəsində getdikcə daha da
aktuallaşır. Məsələn, onlayn satışları artırmaq və istifadəçilər üçün daha
rahat etmək məqsədilə veb səhifəmizin yenilənməsi üzərində işləyirik. Müştərilərlə
effektiv kommunikasiya yaratmaq üçün rəqəmsal marketinqin demək olar ki, bütün alətlərindən
istifadə edirik. Bundan əlavə, sosial şəbəkələrdə aktiv və maraqlı olmağa
çalışırıq. Bunun nəticəsi olaraq Facebook sosial şəbəkəsində keçirilmiş müsabiqədə
"Ən Sevimli Bank” adına layiq görüldük.
Sizcə müştərilər niyə
AccessBank-ı seçir?
Son
illərdə əhali arasında AccessBank-ın bir brend kimi necə tanınılmasını öyrənmək
üçün bir neçə araşdırma keçirmişdik və nəticə olaraq deyə bilərəm ki, Bankımız
bazarda və əhali arasında yüksək idarəetmə standartları, şəffaflıq və peşəkar
işçi heyəti ilə tanınılır. Sadə bir misal olaraq deyə bilərəm ki, bizim müştəri
xidmətlərində çalışan hər bir əməkdaşımız müştərilərə müxtəlif bank xidmətləri
göstərərək onların hərtərəfli bank məsləhətçisi kimi çıxış edir.
Bankın gələn il üçün marketinq
planları nədən ibarətdir?
Bu
il olduğu kimi, gələn il də Marketinq departamenti olaraq Bankın bütün biznes
istiqamətlərinə dəstək olacayıq. Bunu təkcə yeni kampaniyalarla deyil, həm də
onlayn satış kanallarının da gücləndirilməsi
sayəsində həyata keçirəcəyik. İrəli gedərək gələn ilin bir neçə prioritet sahələrini
qeyd edə bilərəm. Məsələn, onlayn bankinq xidməti, ödəniş kartları və əlbəttə
ki, biznesimizin əsas istiqamətlərindən olan kredit məhsulları üzrə təşviqat
(promoşn) işləri planlaşdırılır. Sözsüz ki, planlarımızı bazarın
konyukturasında baş verəcək dəyişikliklərə uyğunlaşdıracayıq. Rəqəmsal
marketinq üzrə də, xüsusilə də müştərilərlə effektiv kommunikasiya istiqamətində
maraqlı layihələrimiz olacaq. Odur ki, AccessBank-ın Marketinq Departamenti
2018-ci il üçün hazırdır!
www.anews.az