Azərbaycanın yeni Napoleon hücumu planı

Azərbaycan çətin çıxarılan neft yataqlarının işlənməsi üzrə yeni planını gerçəkləşdirməyə başlayıb və "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqlarının istismarına ikinci nəfəs verilməsi bunun başlanğıcı ola bilər.
İstiPress-in məlumatına görə, yanvarın ilk günlərində yerli KİV-lərə məlumat verən Kanada şirkəti "Zenith Energy” bildirib ki, 2020-ci ilə qədər 44 quyunun əsaslı təmirini və bərpasını başa çatdıracaq.
"Zenith Energy” yatağın işlənməsi üzrə sazişi 2016-cı ilin mart ayında imzalayıb. Həmin vaxt bu məsələyə məqalə həsr etmiş Rusiyanın "Nefteqaz” portalı bunu obarzlı şəkildə "Azərbaycanın yeni Napoleon hücumu planı” adlandırmışdı. Səbəb də aydındır - müxtəlif qiymətləndirilmələrə görə, 1971-ci ildə açılmış "Muradxanlı", 1984-cü ildə açılmış "Cəfərli" və 1981-ci ildə açılmış "Zərdab" yataqlar bloku Azərbaycanın Bakı - Abşeron yataqlar blokundan sonra ikinci ən böyük neftli sahəsi sayılır. Məsələn, 2000-ci illərdə yatağın işlənməsi ilə məşğul olan "Ramko” şirkəti blokda 4 milyard barrelə qədər neftin olduğunu bildirirdi. Amma göründüyü kimi hələ ki, yataqlarda böyük neft hasilatından söhbət getmir və yataqlar blokunda yerləşən ərazilərdə Ermənistanın işğal etdiyi ərazilərdən qaçmış məcburi köçkünlər yerləşdirilib.
Lakin Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində nəzəri cəhətdən söylənən bu ehtiyatların böyük hissəsinin istismarının hələ rentabelli olmadığını bildirib:
"İndiki texnologiyaları nəzərə alaraq yataqda 100 milyon barrel neftin olduğunu demək olar. Bu da böyük rəqəmdir - 13 milyon ton neft deməkdir. Ümumiyyətlə, yatağın nefti ağır və çətin çıxarılandır, ona görə də indiyə kimi diqqətdən kənarda qalıb”.
Sirr deyil ki, yaxın gələcəkdə çətin çıxarılan neft yataqlarının əsas sahibləri - Kanada, Braziliya və ABŞ dünya üzrə neft hasilatı artımının liderləri sayılacaqlar. Bu ölkələrdə inkişaf etdirilən mütərəqqi texnologiyalar əvvəllər rentabelsiz sayılan yataqları istismar etməyə imkan verir.Təbii ki, ilkin mərhələdə yataqda işlərin fəallaşdırılmasının və hasilatın artırılmasının əhəmiyyəti regional miqyası əhatə edəcək. Açılan yeni iş yerləri, görülən abadlıq işləri və büdcəyə ödənilən vəsaitlər daha çox yataqların yerləşdiyi regionlara təsir edəcək. Amma "Muradxanlı” blokunun işə salınmasını Azərbaycanda üçüncü neft erasının - çətin çıxarılan yataqların istismarı erasının başlanğıcı ola bilər.
Bu texnologiyalar həm də Azərbaycanın Abşeron hazırda işlədilməsi rentabelsiz sayılan quru yataqlarının istismarının yenidən bərpasına imkan yarada bilər. Həmin yataqlarda isə nə az, nə də çox - 3 milyard tona, yəni 18 milyard barrelə qədər neft olduğu güman edilir. Bunun üzərinə 4 milyard barrellik "Muradxanlı” bloku gələnirsə, yer altında Azərbaycan xalqına məxsus və indiki qiymətlərlə 1,5 trilyon dollarlıq sərvətin yatdığını anlamaq olur. Həmin sərvət çıxarılaraq sahibinə çatdırılmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























