Beynəlxalq bankdan daha 4 milyard “YOXA ÇIXIB”! - İDDİA

Martın 14-də "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı radikal dəyişikliklərlə müşayiət olunub. Bankın Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılaraq, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və ABB İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar. İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası da sədrin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
ABB-nin Audit Komitəsi (AK) isə hələ də bütövlükdə Maliyyə Nazirliyinin əlindədir. Üzvlərin hamısı nazirliyin vəzifəli işçiləridir.
İndi də bank iki nazirlik və bir fond arasında bölünüb!
Barəsində danışdığımız bu radikal dəyişikliklər isə, heç şübhəsiz ki, əvvəlki rəhbərliyin işini düzgün aparmadığından xəbər verir. Bankın Müşahidə Şurası və İdarə Heyətindəki yenilik hökumətin bankda gedən proseslərdən narazı qaldığının göstəricisidir. Dövlətin vəsaitlərini zərərə uğradanlara qarşı qanunvericilikdə cəza nəzərdə tutulub. Statusu, bankda tutduğu mövqe və qərarlara təsirindən dolayı ən çox məsuliyyət isə Şərifovun üzərinə düşür. Bank, eyni zamanda səhmdar cəmiyyətidir və müəssisənin idarəetməsində yanlışlıqlardan dolayı zərər yaradan rəhbərlik mülki və hüquqi məsuliyyət
daşıyır. Dövləti təmsil edən adamın yarıtmaz idarəçiliyinin ucbatından zərərləri digər səhmdarların boynuna qoymaq ədalətsizlikdir.
Müşahidə Şurasının yenilənməsi Cahangir Hacıyevin söylədiklərini təsdiqləyir
Beynəlxalq Bankın sabiq sədri məhkəmədəki çıxışında maliyyə naziri Samir Şərifovun məhkəməyə gəlib, ifadə verməli olduğunu bildirirdi: "Samir Şərifov gəlib ifadə verməlidir. Hətta özü burada, mənim yanımda əyləşməlidir”.
Məhkəmədəki son sözündə də Hacıyev demişdi ki, bankın Audit Komitəsinin rəhbərinin ifadə verməsini istintaqda tələb etsə də, bu tələbi təmin edilməyib. Cahangir Hacıyev bildirib ki, Beynəlxalq Bankın Audit komissiyasının bütün əməkdaşları Maliyyə Nazirliyinin işçiləridir: "Onlar bankda oturub qol çəkirdilər”.
Həbsxanadan mətbuata verdiyi müsahibəsində isə Hacıyev demişdi ki, bütün qərarları şəxsən maliyyə naziri – ABB-nin ümumi yığıncağının sədri, onun müavini isə bankın Müşahidə Şurasının rəhbəri kimi təsdiq edirdilər.
Vəkili də Maliyyə Nazirliyini ittiham edib: "Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib və orada təmsil olunan Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və niyə vaxtında adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan nazirliyin söz sahibi olduğu Müşahidə Şurasıdır”.
ABB rəhbərliyinin hazırda bankdan uzaqlaşdırılması Hacıyevin Müşahidə Şurası və Audit Komitəsini məsuliyyətli tutmasında haqlı olduğunu bir daha təsdiqləyir. Deməli, hökumətdə də hesab edirlər ki, Beynəlxalq Bankda maliyyə problemləri Maliyyə Nazirliyinin nəzarətində olan Müşahidə Şurasının düzgün fəaliyyət göstərməməsi səbəbindən ortaya çıxıb və qərara gəlinib ki, nazirliyin orada iştirakı məhdudlaşdırılsın.
Ümumi yığıncaqda Qanunun tələbləri pozulub!
"Banklar haqqında” Qanunun 25-ci maddəsinin 2-ci bəndinə görə, Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Amma göründüyü kimi, ABB-nin ümumi yığıncağında Qanunun bu müddəası pozulub, Şurada 4 nəfər təmsil olunur.
Audit Komitəsi də bankın Müşahidə Şurası tərəfindən yaradılır və ona tabedir. "Banklar haqqında” Qanunun 27-ci maddəsinin 3-cü bəndinə əsasən, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Bəlli ki, Mövsümov tezliklə Audit Komitəsini yenidən formalaşdırmaqla, cənab Şərifovun monopoliyasından çıxaracaq. Audit Komitəsi üzvlərinin sayı da qanunvericiliyin əksinə – 4 nəfərdir.
Ötən il 4 milyard manat ortadan çıxarılıb!
2017-ci il üçün mənfəət və zərər haqqında hesabata əsasən, ötən il ABB-nin xalis mənfəəti 806 004 000 manat təşkil edib. Xəclənən 20 milyarda yaxın vəsaitə qarşı qazanc heç 1 milyard da deyil. Keçən il öhdəliklərin restruktruzasiyası zamanı dövlət ABB-yə 5 milyard manat bağışladı. Bu, bankın xalis mənfəəti sayılırdı. Bankın ili 806 milyon manat xalis mənfəətlə başa vurması o deməkdir ki, 4 milyard manat ortada yoxdur.
Dövlət bankı hər səhmə qarşı 17 qəpik, özəl bank 6 manat qazanıb!
Bankın 2017-ci il 9 aylıq hesabatına görə, 4 milyard 597 milyon 360 min ədəd səhmi var. Bu qazancdan hər səhmə, təxminən 17 qəpik dividend düşür. Müqayisə üçün deyək ki, eyni gündə ümumi yığıncağını keçirən "Kapital Bank” ASC 95 milyon manatlıq bir xalis mənfəət göstərib (beynəlxalq standartlarla 112,4 milyon-red.). Hər bir səhm üzrə 51 faizlik xalis mənfəət var və pulu tam şəkildə səhmdarlar arasında bölüşdürüblər. Halbuki, adıçəkilən bank iri layihələrin maliyyələşdirilməsində iştirak etmir və dövlətdən də birbaşa iriməbləğli yardımlar almır. "Kapital Bank”ı Beynəlxalq Bank kimi ölkənin maliyyə naziri idarə etmir, paket sahibi adi bir holdinqdir. Hər səhmə 17 qəpik hara, 6,32 manat hara? Bu da bir daha sübut edir ki, dövlətin malını yemək daha asandır…
Samir Şərifov ümumi yığıncağı kiminlə keçirib?
"Mağdur” olan təkcə dövlət deyil!
Görünür, hesabat üzə çıxarılacaq vəziyyətdə deyil və bankın idarə edilməsində çox böyük yanlışlıqlar var. Halbuki, Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə hesabatını bankın səhmdarlarına təqdim etməlidir.ABB-də isə səhmdar kimi yalnız dövlət, onun simasında da Maliyyə Nazirliyi başa düşülür.
Proseslərdən təkcə dövlət zərərçəkən kimi göstərilir, amma burada dövlətdən başqa xeyli sayda kiçik ortaq da, türklər demiş, mağdur durumdadır. Bankın 2016-cı ilin məlumatına əsasən 1777 səhmdarı (1762 fiziki, 15 hüquqi şəxs) var. Onlar da bu müddətdə dividend almayıb.
Şahmar Mövsümovun hansı uğuru onu ABB-yə gətirib?
2017-ci ildə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər cəmi 1 milyard 83 milyon 600 min manata bərabər olub. Yəni, indiki kursla 637 373 520 dollar. 2018-ci il yanvarın 1-nə Fondun aktivlərinin 35 806,5 milyon dollar olduğunu nəzərə alsaq, bu da o deməkdir ki, Fondun vəsaitlərinin idarə olunmasından gələn gəlir cəmi 1,8 faiz təşkil edib. Halbuki, kapitalı Fondunkundan 4 dəfə az olan bank C.Hacıyevin sədrliyi dövründə bundan yüksək nəticə göstərib. Hələliksə, ABB-ni ayağa qaldırmaq (bəlkə də qaldırmamaq) üçün "eksperimentlər” davam etdirilir.
Murad MƏMMƏDOV
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























