Alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə davam etdirilir

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı vergi sistemi
qarşısında duran prioritet məsələləri müəyyən edərək, vergi qanunvericiliyinə əməl
olunmasının vacibliyi, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi,
vergidən yayınma hallarına son qoyulması və qaçaqmalçılığın qarşısının alınması
sahəsində qətiyyətli tədbirlərin həyata keçirilməsi zərurətini vurğulayıb.
Qarşıya
qoyulan vəzifələrin icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən
bu sahədə təhlillər aparılaraq vergidən yayınma hallarının baş verdiyi əsas sahələr
müəyyənləşdirilib. Əldə edilən məlumatlar belə bir qənaətə gəlməyə əsas verir
ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə ciddi
qanun pozuntularına, o cümlədən cinayət tərkibli əməllərə yol verilir. Bu səbəbdən,
Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə
istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Ağsu
rayonu ərazisində fəaliyyət göstərən "Qradus
40" MMC-nin istehsalat sahəsində və Bakı şəhəri, Qaradağ rayonunun Ələt
qəsəbəsində yerləşən "Fidan” istehsalat müəssisəsində, həmçinin paytaxtda və
regionlarda yerləşən iri topdansatış obyektlərində və anbarlarda operativ vergi
nəzarəti tədbirləri keçirilib. Yoxlamalar zamanı
"Qradus 40" MMC-nin istehsal obyektində 136.624 ədəd, "Fidan"
istehsalat müəssisəsində 247.826 ədəd, topdansatış obyektlərində və anbarlarda isə
342.721 ədəd sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların
üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib. Bununla yanaşı, aparılmış nəzarət tədbirləri
zamanı "Fidan" istehsalat müəssisəsində 53 nəfərin əmək müqaviləsi
hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb olunduğu aşkar edilib. Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin
vergidən yayınmaq məqsədilə ikili mühasibatlıq apardıqları müəyyən edilib və "qara mühasibatlıq" sənədləri götürülüb.
Əldə olunmuş nəticələr
göstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi
ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz
markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların
çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Belə ki, bu
müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən
yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi
dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq
şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal
prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu
bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara
yapışdırılır.
Aksiz markalarından qanunsuz
istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu
içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil
olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib
çıxarır.
Göstərilən halların
qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə
məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz - nəzarət
postlarının qurulması ilə bağlı qərar qəbul edib.
Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və
satıcılarına sonuncu dəfə xəbərdarlıq edərək, onları aksiz markası olmadan,
yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və
könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən
yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə
qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı
yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni
zamanda, diqqətə çatdırlır ki, bütün topdan və pərakəndə satış əməliyyatları
mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.
Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta
aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının
saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların
çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların
qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində
tədbirləri davam etdirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























