13 ölkədən nümayəndələrin iştirakı ilə 2-ci ABB Regional Hakatonu başlandı

Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
strateji tərəfdaşlığı ilə keçirilən 2-ci ABB Regional Hakatonunun bu gün
açılışı olub. Hakatonda iştirak üçün Azərbaycandan başqa 13 ölkədən müraciətlər
təqdim edilib. Müraciəti qəbul olunan 250-ə yaxın iştirakçıdan 30-dan çox
komanda formalaşdırılıb. Hakatona Türkiyədən, Gürcüstandan, Ukraynadan,
Qazaxıstandan, Rusiyadan, Kanadadan, Almaniyadan, Macarıstandan, Çindən,
Hindistandan, Cənubi Afrika Respublikasından, Belçikadan, Lüksemburqdan
iştirakçılar qatılıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Hakatonda ayrı-ayrı ölkələrdən
olan müxtəlif təhsilli insanlara iştirak imkanının yaradılmasını təqdir edərək
vurğulayıb ki, müxtəliflik innovativliyin vacib amilidir. Nazir innovativ
mühitin üç qatdan ibarət piramida kimi təsəvvür edildiyini diqqətə çatdırıb. Sağlam
idarəetmə sistemi, elm və texnologiyalara
əsaslanan sənaye və real biznes problemlərini
həll edən ixtiralar, eləcə də davamlı startap ekosistemi bu piramidanın mühüm
qatlarıdır: "Belə bir Hakatonun keçirilməsi təşəbbüsü innovativ ideyalara
malik istedadlı gənclərə dəstək olmaqla yanaşı, ölkəmizdə innovasiya
ekosisteminin inkişafına da təkan verir. Həm problemlərin həllinə bu yanaşma, həm
də tədbirin əsasını təşkil edən ana xətt Azərbaycanda innovasiyaya baxışımızla
üst-üstə düşür”. Rəşad Nəbiyev Azəbaycan Beynəlxalq Bankı ilə bu cür faydalı
layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə
qeyd edib ki, bu ideya marafonu Bankın ölkəmizdə innovasiyaların inkişafı
istiqamətində gördüyü işlərin tərkib hissəsidir: "Ötən ilin əvvəlində
ilk ABB Regional Hakatonunu uğurla keçirdik. Hakatonda iştirak edən
komandalardan bir neçəsini sonradan yaratdığımız ABB İnnovasiya Mərkəzinə də cəlb
etdik. Onlar Mərkəzimizin ilk rezidentlərindən oldular. Əminəm ki, ikinci hakatonumuzun
bir çox iştirakçıları ilə də elə bu gündən uzunmüddətli faydalı tərəfdaşlıqlarımız
başlanacaq. Azərbaycan Beynəlxalq Bankı olaraq biz hər zaman istedadların
yanındayıq".
Abbas İbrahimov bildirib ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq
ruhunu özünün əsas korporativ dəyərlərindən kimi müəyyənləşdirib. Sahibkarlıq
ruhuna sahib hər kəs həmişə inkişaf üçün yeni imkanlar axtarışındadır: "Biz
də innovasiyaları bugünkü və gələcək fəaliyyətimiz üçün böyük imkanlar kimi
görürük. İstedadlara dəstək verərək, tərəfdaşlarımızla birgə ümumi inkişaf
ekosistemi quraraq bu məqsədə nail olmaq istəyirik”.
Komandalara kömək üçün onlarla dünyanın müxtəlif
ölkələrindən cəlb edilmiş peşəkar mentorlar çalışacaq. Ən yaxşı layihələr
mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 3000, 2-ci yerin qalibi üçün
2000, 3-cü yerin qalibi üçün 1000 manat məbləğində mükafat nəzərdə tutulub.
Xüsusi seçilmiş layihələrə strateji partnyor olan Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi tərəfindən də mükafatların verilməsi nəzərdə tutulub.
İştirakçı irəli sürdüyü ideyanın pərakəndə xidmətlər sahəsinə gələcək
faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək
verəcək. Layihələrin ABB İnnovasiya Mərkəzində inkubasiyasına şərait yaradılacaq.
Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə
birgə reallaşdırmaq imkanı qazanacaqlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























