Payızlıq əkinlərinin bəyanı bu tarixdən başlayır

Sentyabrın 1-dən Azərbaycanda 2022-ci il üçün əkin bəyanlarının qəbuluna başlanılır.
"Anews" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat yayıb.
Məlumata görə, sentyabrın 1-dən 30 dekabr tarixinə qədər
payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə
onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, eləcə də
Sabirabad, Masallı, Şəki, Kürdəmir, Ağcəbədi, Bərdə, Qəbələ, İmişli, Şamaxı,
Tovuz, Balakən, Gəncə Regional ASAN xidmət mərkəzlərinə, Xaçmaz və Yevlax KOB
evlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
"Fermer bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir". - bunu AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal deyib.
Elektron kabinet ildə bir dəfə yenilənir. Əgər fermer onu ilin əvvəli aktivləşdiribsə, yenidən aktivləşdirməsi tələb olunmayacaq. Bəyan olunan bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, "Müraciət et" düyməsinə sıxaraq fermer elektron ərizəni formalaşdırır və sonradan onu dəyişmək imkanı olmur. Əgər yanvar ayına qədər əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib "Müraciət et" düyməsinə sıxmadan fermer 30 dekabra qədər bəyanı dəyişdirə bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.
"Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının 2022-ci ilin ilk aylarında ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq olunacaq", - deyə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal əlavə edib.
Bəyanların
qəbulu dekabrın 30-da başa çatacaq.
Fehruz Rza
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























