Ekspert: "Azərbaycanda pensiyaların alıcılıq qabiliyyəti aşağıdır"

Azərbaycanda
son zamanlarda, xüsusilə pandemiya dövründə ərzaq və dərman ləvazimatlarının
qiymətlərinin bahalaşması Azərbaycandakı pensiyaçıların aldığı pensiyaların alıcılıq
qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu sözləri anews.az-a açıqlamasında London İqtisad Məktəbinin (LSE) professoru, iqtisadçı Qubad İbadoğlu bildirib.
İqtisadçı deyir ki, əvvəlki illərlə müqayisədə Azərbaycan orta aylıq pensiya məbləğinə görə, keçmiş SSRİ ölkələrini qabaqlayıb. "Qazaxıstan istisna olmaqla, ölkəmiz Mərkəzi Asiya ölkələrindən və eləcə də, Ermənistandan irəlidədir. Amma orta aylıq pensiyaların artırılması aktual məsələ olmalıdır. Çünki
burda yalnız sadəcə kəmiyyət müqayisəsi əsas deyil. Hər ölkənin pensiyaçısının
aldığı pensiyanın alıcılıq qabiliyyəti var".
Hazırda pensiyaların orta aylıq məbləği 328,8 AZN təşkil edir.

Prezident İlham Əliyev bu ilin fevralında əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Qanunvericiliyə əsasən, əmək pensiyaları əvvəlki ilin nominal orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə görə indeksləşdirilir.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat katibi Fazil Talıbov deyir ki, son 3 ildə sosial ödənişlərə ayrılan illik vəsaitin məbləği 60 faiz artaraq 6 milyard manatı ötüb. O cümlədən orta aylıq pensiya məbləği 60 faiz, minimum aylıq pensiya məbləği 2 dəfə artıb. Pensiya istiqaməti üzrə ayrılan illik vəsait də 50 faiz artıb.
Qurumun sözçüsü bildirib ki, aylıq sosial ödənişləri alanların sayı isə son üç ildə 160 min nəfər və ya 7 faiz artaraq 2,4 milyona çatıb.
"2021ci ilin 7 ayında sosial ödənişlərə 150 milyon manat çox olmaqla 3,5 milyard manat yönəldilib. Bu ilin 7 ayında pensiyaçılara 2,7 milyard manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 101 milyard manat çoxdur", - deyə Fazil Talıbov əlavə edib.
Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























