İşğaldan azad olmuş ərazilərdə yeni su anbarları tikiləcək

İşğaldan azad edilmiş ərazilərdə Həkəri və Bərgüşad çaylarının üzərində yeni su anbarlarının tikintisi ilə bağlı layihələr artıq razılaşdırılıb. Növbəti mərhələlərdə həmin su anbarlarının tikinti layihələri və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlı işlər görüləcək. Bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov anews.az-a deyib.
"Su ehtiyatlarımız azalan istiqamətdədir. Baxmayaraq ki, 2020-ci ilin faktiki göstəriciləri ilə müqayisədə bu il 36.3 mlrd kub metrdir, ancaq keçən ilki su ehtiyatları hesablananda işğaldan azad olunmuş ərazilərdə, Şərqi Zəngəzur və Qarabağ bölgəsində olan ərazilərdəki su həcmləri həmin su balansına daxil edilməmişdi. Amma bu ildən həmin bölgələrdəki su həcmləri də ölkəmizin su ehtiyatlarına daxil edilib",-deyə Kərimov əlavə edib.
Kərimov deyir ki, işğaldan azad edilmiş ərazilərin su ehtiyatının göstəriciləri iqlim dəyişikliyi səbəbindən su həcminin azalma tendensiyasını nəzərə almaqla hesablanıb.
"Azad olmuş ərazilərimizdə 1.8-2 milyard kub metrə yaxın su ehtiyatları var. Bunlar Araz çayı da daxil olmaqla 14 çay, 9 su anbarı, 3 təbii göl-Böyük Alagöl, Kiçik Alagöl və Qaragöllərdə formalaşan su ehtiyatlarıdır",-deyə o əlavə edib.
Azərbaycanın 2021-ci il üçün təsdiqlənmiş proqnoz su ehtiyatlarının 27.7 milyard kub metri yerüstü su ehtiyatları, 8.6 milyard kub metr isə yeraltı su ehtiyatlarıdır.
2020-ci ildə ölkənin su ehtiyatları 33.8 milyard kub metr olub. Bu, 2019-cu illə müqayisədə 8-10 faiz azalma deməkdir. 2019-cu ildə su ehtiyatları isə 36.8 milyard kub metr təşkil edib.
Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























