Uçot dərəcəsinin artırılması bazarda inflyasiyaya təsir etməyəcək - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycan Republikası Mərkəzi bankı (AMB) bu gün uçot dərəcəsinin 6,5%-dən 7%-ə kimi artırılması barədə qərar verib. AMB idarə heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, buna səbəb ölkədə inflyasiya gözləntilərinin artmasıdır. Hazırda ölkədə orta inflyasiya 6-6,5% təşkil edir, illik inflyasiyanın isə 9,5-10,5% olacağı gözlənilir.
Elman Rüstəmov həmçinin, pul bazası artarsa AMB-nin bu ilin sonunda sterilizasiya alətlərindən istifadə etmək niyyətində olduğunu da bildirib.
"İnflasiya gücləndiyi, bahalaşma müşahidə olunduğu üçün uçot dərəcəsi artırılmalıdır. Lakin mərkəzi bank şəffaf və məlum qaydalarla kredit vermədiyi üçün bu artımın realda heç bir təsiri olmayacaq", bunu anews.az-a açıqlamasında maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsi ilə bağlı qərara münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə uçot dərəcəsini qaldırmağın təsirləri özünü göstərir, lakin Azərbaycanda vəziyyət fərqlidir.
"Mərkəzi bankın uçot dərəcəsi dedikdə, onun banklara verdiyi kreditin faiz dərəcəsi nəzərdə tutulur. Yəni AMB ölkədəki banklara kredit verir, daha sonra həmin banklar bu məbləğin üzərinə faiz qoyaraq vətəndaşlara kreditin verilməsini təmin edir. Mərkəzi bankın da əsas məqsədi qiymətlərin sabitliyidir. Bu məqsədə çatmaq üçün də uçot dərəcəsindən istifadə edərək, manatın ucuzlaşmasına imkan verməməli, inflasiyanın qarşısını almalıdır. Nəzəriyyəyə fikir versək, bu, doğrudan da, güclü alətdir. İnflasiya başlayanda, bu dərəcə qalxmalıdır. Qalxdıqda kredit alanların sayı azalır və ya kredit alındıqda faiz çox ödənildiyi üçün qiymət artımına təsir etmir. Qiymətlər sabit qaldıqda isə pul dövriyyəsini artırmaq, iqtisadi aktivliyi çoxaltmaq üçün uçot dərəcəsi endirilir. Bildirim ki, inkişaf etmiş ölkələrdə, Avropa, ABŞ bankında uçot dərəcəsinin artım və ya azaldılması təsir edir. Azərbaycanda isə təsiri olmur. Bir nümunə deyim, 5-6 il bundan əvvəl bankın uçot dərəsi 2-3 faiz idi. Amma o vaxt ki, bankların kredit faizləri indikilərdən çox idi”, - deyə ekspert əlavə etdi.
İqtisadçı-eskpert Natiq Cəfərli isə uçot dərəcəsinin artmasının əsas səbəbinin inflasiyanın artması ilə bağlı olmadığını dedi. Onun sözlərinə görə, sahibkarlara, fərdi şəxslərə verilən həm istehlak, həm də biznes kreditlərində 0,5-1 faiz artım olması gözlənilir.
"Mərkəzi bankın uçot dərəcəsinin artırılması dünyada gedən proseslər inflasiyanın yüksək olması ilə izah olunur. Amma Azərbaycanda inflasiyanın sürətli getməsinin əsas səbəbi mərkəzi bankın uçot dərəcəsi deyil. Çünki ölkədə qiymət artımın spesifik xüsusiyyətləri var.Düşünürəm ki, Mərkəzi Bankın bu addımı ölkədə baha olan kredit faizlərini bir az da artıracaq”, - deyə ekspert əlavə etdi.
Mərkəzi bank həmçinin faiz dəhlizinin aşağı həddini 6% saxlayıb, yuxarı həddi isə 7%-dən 8%-ə qədər artırıb.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























