Mərkəzi Bank uçot dərəcəsini artırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%-dən 7.75% kimi artırıldı. Bu barədə Mərkəzi Bankın məlumat verib.
Faiz dəhlizinin aşağı həddi 6%-dən 6.25%, yuxarı həddi isə 9%-dən 9.25% -ə kimi artırılıb.
"Yüksək qeyri-müəyyənliklər makroiqtisadi göstəricilərin proqnozlaşdırılmasını çətinləşdirib. Proqnoz horizontunda inflyasiyanın əsasən xarici təklif amillərindən təsirlənəcəyi gözlənilir. Yaranmış vəziyyət inflyasiya gözləntilərinin lövbərləşdirilməsi vasitəsilə qiymətlər sabitliyinə artırıcı amillərin təsirlərini qabaqlayıcı rejimdə tənzimləmək üçün faiz dəhlizi parametrlərinin artırılıb", - Mərkəzi Bank bildirib.
Requlyatora görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar xarici mühitdə və ölkə iqtisadiyyatında gedən proseslər, maliyyə bazarlarının geosiyasi risklərə reaksiyası, inflyasiyanın dinamikası və proqnozu nəzərə alınmaqla qəbul ediləcəkdir.
Mərkəzi Bankın məlumatına görə, fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6%, xidmətlər üzrə isə 9.3% təşkil edib.
İllik ərzaq inflyasiyasının tempinin yüksək 17,2% səviyyədə qalması dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 5.2%, son bir ildə isə 20.7% artıb. Son ildə qiymətlər un məmulatları üzrə 14.8%, süd məhsulları üzrə 24.8%, yağlar üzrə 36.8% yüksəlmişdir. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatıb.
Ötən iclasdan bəri Azərbaycanın ixracında mühüm paya malik neftin və təbii qazın qiymətinin kəskin artması müşahidə olunub.
Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 96 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin orta qiymətindən (71 ABŞ dolları) 35% çoxdur.
Təbii qazın qiyməti də Avropada rekord həddə çatıb. Azərbaycandan ixrac olunan neft və qazın hasilatının həcminin də cari ildə artacağı gözlənilir.
"Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında Ümumi Daxili Məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir", - Mərkəzi Bank bildirir.
2022-ci ilin 2 ayında ölkənin strateji valyuta ehtiyatları 0.4% və ya 195 mln. ABŞ dolları artaraq 53.4 mlrd. ABŞ dollarını üstələyib. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.2% artaraq 7.2 mlrd. ABŞ dollarına yaxınlaşıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























