Martda Bakının bəzi rayonlarında torpaq ucuzlaşıb

Zonalar | fevral 2014, $/sot | mart 2014, $/sot | orta qiymət dəyişməsi, % |
I zona | 264136 | 263912 | -0,08 |
II zona | 153708 | 139172 | -9,46 |
III zona | 38607 | 44017 | 14,01 |
IV zona | 5465 | 6548 | 19,82 |
Yuxarıdakı cədvəldən göründüyü kimi, hesabat ayında qiymətlərin artması III və IV zonalarda, azalması isə I və II zonalar üzrə qeydə alınıb. Qiymətlərin artması bir tərəfdən artıq yaz mövsümünün olması və tədricən yay mövsümünə hazırlıq ilə izah edilirsə, digər tərəfdən isə əhalinin tədricən fərdi tikintiyə üstünlük vermələri ilə əlaqələndirilir. Torpaq bazarında artan təklif, aktivliyin və qiymətin artması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi. Ay ərzində torpaq bazarına təklif olunan ümumi 815 ədəd torpaq sahəsinin 81%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 20,5%-i köhnə yararsız evlərin sökülməsi, 5,7%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 4,77% artaraq 22,4 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin artması, şəhərin yalnız IV zonasında müşahidə edilib. Bazarda təklifin artması, satışın həcminin və boş torpaq sahələrinin artması ilə bağlı olub. Bu il mart ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər yuxarıda qeyd edildiyi kimi artım ilə yadda qalıb. Qiymət indeksi ay ərzində 6.06% artaraq 9.49 səviyyəsində qərarlaşıb. 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 18 969 dollar/sota çatıb. Tələb müxtəlif templə də olsa, əksər rayonlarda artım ilə seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da öz təsirini göstərib. Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Həsən Əliyev (İnqilab) küçəsində (222 930 $/sot), ən ucuz torpaq sahəsi isə Sabunçu rayonunda, “Vişnyovka” adlanan qəsəbədə (1019$/sot) qeydə alınıb.ANN.Az
























