Banklar ilin xarici valyutanın nağd alqı-satqısını 38% artırıb

2022-ci ilin yanvar-iyununda Azərbaycanda banklar ümumilikdə 2,6 milyard ABŞ dolları məbləğində nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar həyata keçirib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 38,2% çoxdur.
"Hesabat dövründə bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi 2,6 milyard ABŞ dolları təşkil edib ki, bunun da 87,6 faizi ABŞ dollarının payına düşüb”, - deyə Mərkəzi Bankdan bildirilib.
Eyni zamanda, 2022-ci ilin birinci rübündə belə əməliyyatların həcmi 1,2 milyard dollar, ikinci rübdə isə 1,4 milyard dollar təşkil edib.
Mərkəzi Bank qeyd edib ki, bu ilin birinci rübündə nağd xarici valyuta satışının yüksək olması səbəbindən 6 ayda nağd xarici valyutanın xalis satışı 40,8% artıb. Eyni zamanda, aprel-iyun aylarında vəziyyət dəyişib və banklar tərəfindən valyuta alışı satışı üstələyib.
Mərkəzi Bank vurğulayıb ki, 2022-ci ilin birinci yarısında Azərbaycanda nağdsız valyuta bazarının həcmi 14,6 milyard dollar təşkil edib (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 20% artım ).
"Valyuta bazarında aparılan əməliyyatların 84,9%-i dolların, 15,1%-i isə digər valyutaların payına düşüb”, - Mərkəzi Bank bildirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, nağdsız valyuta əməliyyatlarının 28,4 faizi banklararası valyuta bazarında, 71,6 faizi isə bankdaxili valyuta bazarında aparılıb.
Yarım il ərzində banklararası valyuta bazarında əməliyyatların 98,7%-i ABŞ dolları ilə aparılıb. "Hesabat dövründə əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7% artaraq 4,2 milyard dollar ekvivalentində olub. Banklararası valyuta bazarında valyuta əməliyyatlarının dövriyyəsi əsasən Bloomberg platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının həcmi 10,5 milyard ABŞ dolları (artım 22,1%) ekvivalentində olub ki, bunun da 79,4 faizi ABŞ dolları ilə aparılıb. Bankdaxili valyuta bazarında aparılan valyuta əməliyyatlarının 93,1 faizi hüquqi şəxslərlə aparılan əməliyyatların payına düşüb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























