• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın kosmosa qoyduğu sərmayə necə olacaq? - TƏHLİL

Azərbaycanın kosmosa qoyduğu  sərmayə  necə olacaq? - TƏHLİL
13.10.2022 13:33
Son dövrlər artıq göydə də müharibə başlayıb. Nə qədər məcazi səslənsə də, əslində tam da real olan hadisədir. Kosmosda gedən müharibə dünya gündəmini zəbt edib.

Əslində "kosmik yarış” termini hələ 1957-ci illərdən yaranmağa başladı. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur.

21-ci əsrdə texnologiyanın inkişafı ilə "kosmik yarış” formatını dəyişdi. Hazırda astronomlar səmanın çirklənməsi ilə bağlı, qlobal şirkətlər isə orbitdə yer qalmadığı ilə bağlı şikayət etməyə başlayıblar. Hədəfdə isə İlan Maskdır.

Bəs nə baş verir? Niyə hamı kosmos uğrunda mübarizəyə başlayıb? İlan Mask niyə hədəf seçilib, Azərbaycan bu mübarizəni apara bilirmi?
 
"Morgan Stanley” və "Bank of America” və digər maliyyə təşkilatları ilə birgə hazırlanan hesabata görə, qlobal kosmik iqtisadiyyatın dəyəri 2010-cu ildən bəri 70% artaraq 2020-ci ildə 424 milyard dollara çatıb.

2018-ci ildə rabitə fəaliyyəti (əsasən istehlakçı televiziyası ilə bağlı) ümumi kosmik iqtisadiyyatın təxminən 26 faizini təşkil edib. 2040-cı ilə qədər bu payın internet infrastrukturu üçün peyk və digər kosmos texnologiyaların istifadəyə verilməsi ilə 50 faizdən çox artacağı proqnozlaşdırılır.

2019-cu ildə 95 yeni peyk buraxılıb. Son dövrlərdə peyk buraxılışlarının sayı sənayenin zirvəsi olan 1960-cı illərin ortaları ilə 1970-ci illərin sonu arasında, ildə orta hesabla 128 peykin buraxıldığı vaxtdan azalıb. 2019-cu ildə orbitdə 2514 peyk olub ki, onlardan 1327-si ABŞ-a məxsusdur.

2020-ci ildə NASA-nın büdcəsi 22,5 milyard dollardan çox olmaqla, ABŞ hökuməti ən böyük töhfə verən dövlətdir. Digər əsas hökumət oyunçuları Avropa Kosmik Agentliyi və Çindir.

Azərbaycanda kosmik sənaye

Azərbaycan müasir kosmik sənayeyə 2008-ci ildə qoşulub.  2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb və 2009-cu ildə "Azərbaycanda Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. 
 
Bu fərmandan irəli gələrək hazırda göydə 3 peykimiz var.  2013-cü ildə "Azerspace-1” telekommunikasiya, 2014-ci ildə "Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.  Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədlərindən biri də  kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması və elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.

Son dövrlər göydə işıldayan peyklər Azərbaycanın kosmik sənayesini sual altında qoymağa başlayıb. Artıq dünya böyük həcmli peyklərdən kiçik həcmli peyklərə keçir və bununla da həm səmada yerə, həm də xərclərə qənaət edirlər. Dünyada bu trendi sürətləndirən və rəqabət bazarı yaradan isə İlan Maskdır.
 
Azərbaycanın peykləri nə edir? Qoyulan investisiyaları geri qaytara bilimişikmi?
 
Hazırda Azərbaycanın göydə üç peyki var. İlk peykin orbitə qaldırılmasından 8 ildən çox zaman keçib.

Peyklərin ikisi telekommunikasiya, biri isə müşahidə funksiyasını həyata keçirir. Üç peykin hazırlanması və orbitə qaldırılmasına təxminən 1 milyard manat sərf olunub.
 
Bir sözlə hazırda, belə demək mümkünsə göydə 1 milyard manat pulumuz var.

"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da kosmosa göndərilib. "Azerspace-1” layihəsinin ümumi dəyəri 233 milyon dollar təşkil edib. Bu vəsaitin yalnız 15%-i büdcədən ödənilib, digər hissələri xarici banklardan götürülən  kredit hesabına ödənilib. 
 
"Azərkosmos” 2021-ci ildə rəsmi olaraq bildirib ki, yarı ömrü gedən Azerspace-1-ə yatırılan sərmayələrin 55%-i artıq geri qaytarılıb.
 
Qurum "Azerspace-1”in ömrünün 12-ci ilindən etibarən investisiyaları tam ödəyəcəyini və gəlirlə işləyəcəyini açıqlayıb.
 
"Azerkosmos” əvvəllər bu peykin bütün istismarı müddətində 500-600 milyon dollar qazanacağı haqqında açıqlamalar verib.

Ekspertlər bildiri ki,  hazırda əldə olunan nəticələr peykin gəlirli olacağını düşünməyə əsaslar versə də, qurumun proqnozladığı mənfəət elə də real görsənmir.

"Azerspace-2” peyki isə 2018-ci ilin sentyabrında orbitə qaldırılıb. Layihəyə təxminən 191 milyon dollar xərclənib. Ömrünün 15 ildən çox olacağı nəzərdə tutulub.  2021-ci ilin məlumatına görə, son iki ildə bu peykdən 40 milyon dollar gəlir əldə olunub.
 
"Azərkosmos” bu peykin bütün ömrü müddətində 450 milyon dollar qazanacağı haqqında açıqlamalar verib.

2014-cü ildə "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkətləri arasında "Azersky” peykinin Azərkosmos-un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri 157 milyon avro olub.
 
Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
 
"Azərkosmos”un proqnozlarına əsasən, 12 il ərzində "Azersky” peykinin istismarından təmiz gəlir 220 milyon olacaq.

"Azərkosmos” arada açıqlama verir ki, bu peyklərimzidən əldə olunan gəlirlər artmaq üzrədir.  Qurum təxminən 30 ölkə ilə peyk xidmətlərinin satışı üçün müqavilələr bağlayıb.  Yəni hazırda bu xidmətlərdən ölkəyə xeyli valyuta daxil olur.
 
"Azərkosmosun" məlumatına görə, bu peyklərin ömrü məhduddur.

"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da kosmosa göndərilib. Peykin ömrünün 15 il olacağı nəzərə tutulurdu. Demək artıq bu peykin ömrünün artıq yarısı gedib.

"Azersky” peyki 2014-cü ilin iyununda orbitə buraxılıb və 12 il orbitdə qalacaq. Demək onun da ömrünün çox hissəsi gedib.

Yəni, bəlli bir müddətdən sonraAzərbaycanın  peyklərinin ömrü bitəcək və kosmos qəbirstanlığına göndəriləcək.
 
Xatırladaq ki, təkcə "Azerspace-1” peykinə görə, Fransanın "COFACE” İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Em-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb.
 
Osman Gündüz  bu kreditlərin hələ də ödənilməməsinu qeyd edərək bildirir ki, Azərbaycanın peykləri  hələ də  borcla xidmət göstərir.

"Peyklərimizin ömrü bitəcək və kosmos qəbirstanlığına göndəriləcək. Onda belə sual yaranır ki, "Azərkosmos” ölkələrlə müqavilələri davam etdirmək üçün orbitə yeni peyklər qaldıracaq, yoxsa peyklərin ömrü bitən kimi müqavilələrə də xitam veriləcək ?",  -  ekspert vurğulayıb. 

Rəsmi məlumata görə, 30 ölkənin TV-lərinin "Azərkosmos”la müqaviləsi var və bu ölkələrdən Azərbaycana xeyli valyuta daxil olur.

Əlbəttə çoxlu sayda ölkələrlə olan müqavilələr və onlardan Azərbaycana daxil olan valyutalar mühüm əhəmiyyət kəsb edir.
 
Osman Gündüz həmçinin düşünür ki, bu ölkələr xidmətləri almaqda israrlıdırlarsa, 30 ölkəni əldən vermək nə dərəcədə doğru olardı.
 
"Peyklərimiz 44 günlük Vətən müharibəsi zamanı da qələbəmiz üçün xeyli töhfələr verib və bunu dövlət başçısı da çıxışlarında xüsusi vurğulayıb. Bu baxımdan da yuxarıdakı suallar kifayət qədər ciddi suallardı. Yerin müşahidə peyki ilə bağlı münasibət birmənalı olmalıdır və bu tip peyklərin, daha innovativ modellərinin buraxılması istiqamətində işlər  davam etdirilməlidir", - Gündüz əlavə edib. 

Ekspert Osman Gündüz "Azərkosmos”un vaxt itirmədən "AzerSky2” peykinin hazırlıqlarına başlamasının məntiqli olduğunu bildirib.

Söhbət telekommunikasiya peyklərinin buraxılmasından gedirsə, ekspert bu məsələnin ciddi araşdırmağın vacibliyinə diqqət çəkib. 

Bunları nəzərə alaraq Osman Gündüz hesab edir ki, "Azərkosmos” un daha ucuz, daha kiçik qabaritli, digər ölkələrlə əməkdaşlıqla bu tip peyklərin buraxılmasını nəzərdən keçirməsi məqsədəuyğun olardı.

Osman Gündüz artıq bu bazara yeni oyunçular daxil olduğunu da vurğulayaraq, "Starlink”, "OneVeb” kimi layihələrin göy üzünü bürüdüyünü deyib.

"Yaxın zamanda göydə kiçik qabaritli telekommunikasiya peykləri hökmranlıq edəcək və bu peyklər dünyanın istənilən yerinə internet xidməti təqdim edə bilir. Xüsusən də ənənəvi formada yerin altından və ya üstündən qazıntı aparamaqla şunurların gedə bilmədiyi ucqar yerlərdə artıq internet əlçatandır",  -  ekspert vurğulayıb. 

Bu peykləri gecə vaxtı adi gözlə də müşahidə etmək olur.

"BryceTech” analitik təhlil və mühəndislik şirkətinin dərc etdiyi hesabatlara əsasən, 2020-ci ildə orbitə buraxılan kiçik peyklərin 937-si "SpaceX” şirkətinin "Starlink” və "OneWeb” layihələri çərçivəsində buraxılıb. Hər iki layihə dünyada peyk rabitəsini daha əlçatan və qiymət baxımından münasib etməyi hədəfləyir, üstəlik xidmətləri qeyri-geostasionar orbitlərdən təqdim etməyi planlaşdırır.

Starlink-in rəsmi səhifəsindəki məlumatlara əsasən, artıq Qazaxstan və Ukrayna kimi ölkələr də adı çəkilən şirkətlərlə peyk interneti əldə etmək üçün müqavilələr imzalayıblar.
"Starlink Peyk” operatorunun səhifəsindən görsənir ki, artıq Azərbaycanda bəzi ərazilər bu peyklərin əhatə dairəsinə daxil edilib. 

Osman Gündüz qeyd edib ki, burdan belə qənaətə gəlmək olar ki, bu ərazilərdə yaşayanlar gələn il "Starlink”dən təxminən 50 -500 Mbit sürətində internet xidməti ala biləcəklər.

"Bu xidmətə qoşulmaqla bağlı iki ciddi problem ola biləcək. Birincisi odur ki, peyk interneti əldə etmək istəyənlər peyk antennası  və modem üçün gərək təxminən 500 dolla xərc çəksinlər.  Aylıq abunə isə 100 dollar nəzərdə tutulub.  İkinci əsas problem isə ondan ibarətdir ki, bizim ölkənin tənzimləyici qurumu gərək "Starlink”lə, İlan Maskla peykdən yayımın qəbulu üçün razılığa gəlsinlər", - ekspert vurğulayıb. 
 
Starlink-in səhifəsindəki məlumatalara istinadən, bir çox qonşu ölkələr, Gürcüstan, Qırğızıstan, Qazaxstan və Ukrayna artıq bu istiqamətdə ciddi addımlar atıblar, müqavilələr bağlayıblar. Onlar ucqar ərazilərdə bu xidmətdən istifadəni nəzərdə tuturlar.

Ekspert Osman Gündüz Rəqəmsal İnkişaf Nəqliyyat Agentliyi (RİNN) və "Azərkosmos” peyklərimizin davamlılığı məsələsinə indidən aydınlıq gətirməli olduğu fikirindədir.

Analtiklər hesab edir ki, Azərbaycanda da  hazırda internet infrasturktur olmayan, qurulması baha başa gələn ərazilərdə, həm də ümumiyyətlə alternativlik üçün bu texnologiya ilə internet xidmətlərinə əlçatanlıq faydalı olardı.

Osman Gündüz  qeyd edib ki, ümidlər onadır ki, yaxın vaxtlarda telekommunikasiya sektorunda yaradılması nəzərdə tutulan tənzimləyici qurum bu məsələni də diqqət mərkəzində saxlayacaq.
"Azərkomos” hələ bu trendləri kənardan izləyir
 
Azərbaycanın kiçik həcmli peyklər hazırlaması ilə bağlı , Rəqəmsal İnkişaf Nəqliyyat Agentliyinə və "Azərkosmos”a Anews.az ünvanladığı sorğunun cavabında qeyd edilib ki,  hazırda "Azerspace-1”, "Azerspace-2” və "Azersky” peyklərinin resurslarının daha aktiv kommersiya məqsədilə istifadə olunması üçün fəal işlər aparılır.

"Starlink”in Azərbaycan səmasında görünməsi məsələsinə gəlincə  rəsmi qurum bildirir ki,  hələ yeni telekommunikasiya və aşağı orbitli peyklərin orbitə buraxılması üzrə qlobal miqyasda bazar araşdırması edir və orbitə buraxmadan öncə gələcəkdə bu layihələrdən ölkənin əldə edə biləcəyi iqtisadi faydaları və səmərəliliyi öyrənir.

Rəsmi məlumatda deyilir ki, istehlakçıların gözləntiləri prizmasından yanaşdıqda gündəlik həyatda və biznesdə internetdən istifadə, mobil data, HD yayıma tələbat durmadan artır, sosial media istifadəsi sürətlə genişlənir. Hazırda Azərkosmos da öz xidmətlərinin təqdim edilməsində bu cür trendləri izləyir.

Kosmos sahəsində kiçik peyk qruplaşmalarının orbitə buraxılması, optik peyk təsvirlərinin süni intellektin tətbiqi ilə hazır həllərə çevrilməsi, orbitdə xidmətlərin çeşidliliyinin və tətbiq sahələrinin artması "Azərkosmos” üçün də yeni imkanlar yaratmış olacaq.


Peyk üzərindən internet xidmətlərinin verilməsi ilə bağlı suala cavab olaraq isə nazirlik qeyd edib ki, ötən ildən "Azərkosmos” Azərbaycanda peyk üzərindən yüksək keyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə "Azconnexus” peyk interneti platformasını istifadəyə verib. 

"Azconnexus” platforması Azərkosmosun operatoru olduğu "Azerspace-1” telekommunikasiya peyki vasitəsilə fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir.

"Azconnexus”un mobil rabitə və kabel internetin zəif və ya mövcud olmadığı məkanlarda, 3G /"LTE” şəbəkəsinin sürətinin aşağı olduğu ərazilərdə internet xidmətini təmin etmək imkanları var.

Qurumun rəsmi məlumatına əsasən "Azconnexus” platformasının xidmətlərindən müdafiə və təhlükəsizlik sahəsində, fövqəladə və təbii hadisələrin aradan qaldırılmasında, mədənçilik, dənizçilik, turizm, iaşə obyektləri və digər biznes, sənaye müəssisələrinin iş prosesində istifadə oluna bilər.

"Starlink”lə əməkdaşlıq məsələsinə gəlincə isə qurumdan bildirilib ki,  hazırda Azərkosmos ölkənin ucqar ərazilərində peyk internet xidmətlərinin verilməsi məqsədilə davamlı olaraq beynəlxalq səviyyədə bazar araşdırmaları edir və müvafiq beynəlxalq qurumlarla danışıqlar aparır.
 
Bəs görəsən Azərbaycan niyə bu peyk bazarında maraqlı olmalıdır? Rusiya-Ukrayna müharibəsi   bu sahənin bir dövlət üçün nə qədər vacib olmasına sübut oldu. 
 
Müharibənin şiddətləndiyi dövrdə Rusiya kiber ordusu "Starlink” peykini hədəfə aldı. 

Belə ki, müharibədə Ukraynanın gücü həm də internet və rabitənin dayanıqlığındadır.
Ordunun, Ukrayna xalqının ruh yüksəkliyinin qaldırılmasında, informasiya müharibəsində İnternet, mobil rabitə Ukraynaya misilsiz xidmət göstərir. Ukrayna kommunikasiyaya ciddi önəm verir və onu möhkəm qoruyur.

Bunu nəzərə alan Rusiya ordusu telekommunikasiyanı hədəf seçərək, bir neçə ərazilərdə rabitəni dağıda bildi.

Daha ciddi kommunikasiya problemi olacağını nəzərə alan Ukrayna hökuməti peyk interneti üçün təcili İlan Maska müraciət etdi.

İlan Mask dərhal reaksiya verərək, "Starlink”  vasitəsilə Ukraynada peyk interneti təminatını bir il sürətləndirdi.

Hətta peyk internetini rouminq ilə təmin etdi, yəni hökumət və hərbi rəhbərlik üçün maşınlara "Starlink”in terminalını yerləşdirməklə hərəkətdə olan vasitələri də alternativ internet rabitəsi ilə təmin edildi.

Bunu nəzərə alan Rusiya ordusu "Starlink”in  özünə qarşı kiber hücum təşkil edərək Ukraynadakı peyk internetində problemlər yaratdı.

İlan Mask bildirdi ki, döyüş ərazisində olan terminallarda və peyk siqnallarında kiber hücum nəticəsində problemlər baş verib.

O, bununla bağlı, ümumiyyətlə növbəti peyklərdə kibermüdafiəni gücləndirməklə bağlı peykin proqram təminatlarında yenilənmə aparıldığını bildirdi.

Bir sözlə Ukrayna-Rusiya müharibəsi yerdə, havada və kosmosda davam edir və Ukraynaya Azərbaycanın hələ də anlaşa bilmədiyi "Starlink” göydən dəstək verir.

Osman Gündüzün qənəatinə görə,  bu sahədəki ümumi vəziyyət və rəsmi məlumatları doğru dəyərləndirsək, hələlik Azərbaycanın bu sektorda rəqabətə davamlı ola biləcəyi real görünmür və yaxın zamanda orbitə yeni müasir peyk buraxılmazsa, nəinki əlimizdə olan müştəriləri itirəcək, həmçinin bu peyklərə yatırılan investisiyalar görə alınan kreditlərin içində batacağıq.
 
Məltəm Şahbazova 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol