Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

2022-ci ilin yanvar-avqustunda Azərbaycan "Şahdəniz” yatağından Türkiyəyə 5 milyard 699,17 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,5% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurası (EPDK) məlumat verib.
Şuranın məlumatına görə, 2022-ci ilin avqustunda Azərbaycandan Türkiyəyə qaz ixracı 538,79 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,53% azdır. Avqustda Türkiyəyə ixrac olunan qazın 14% Azərbaycanın payına düşüb.
Ümumilikdə avqustda Azərbaycan Türkiyəyə qaz ixracının həcminə görə üçüncü yerdə qərarlaşıb. Birinci yerdə qaz ixracının 54,84%-ni təşkil edən Rusiya, ikinci yerdə İran (23,49%), dördüncü yerdə Əlcəzair (7,69%) durur.
2022-ci ilin avqustunda Türkiyəyə ümumi qaz ixracı 3 milyard 852,87 milyon kubmetr təşkil edib (2021-ci ilin avqust ayı ilə müqayisədə 7,62% azdır).
Bununla yanaşı, boru kəməri ilə nəql edilən qazın payına 3 milyard 556,73 milyon kubmetr (bütün tədarüklərin 92,31 faizi, artım 0,86 faiz), LNG-nin payına isə 296,14 milyon kubmetr (bütün tədarüklərin 7,69 faizi, azalma 54,04 faiz) düşüb.
Ümumilikdə avqustda Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri, Əlcəzair - LPG) həyata keçirilib.
Türkiyə "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazı ilə təchiz edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Mərhələ-1 - 11 milyard kubmetr təbii qazın alqı-satqısına dair yeni saziş imzalayıb. Müqavilə çərçivəsində tədarüklər 2021-ci il oktyabrın 1-dən başlayıb. Yeni müqavilə üzrə 2022-ci il üçün tədarüklər 2,55 milyard kubmetr həcmində nəzərdə tutulub. Müqavilə üzrə tədarükün həcmi ən yüksək həddə ildə 3,7 milyard kubmetr səviyyəsində təmin edilir.
Azərbaycan 2021-ci ildə ümumilikdə "Şahdəniz” yatağından Türkiyəyə 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























