• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Oqtay Zülfüqarovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Oqtay Zülfüqarovun vəfatı ilə bağlı nekroloq imzaladı
31.08.2016 20:14

Azərbaycan Prezidenti İlham Əliyev tanınmış bəstəkar, xalq artisti Oqtay Zülfüqarovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

ANN.Az xəbər verir, nekroloqda Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verdiyi deyilir.

"Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat edib.

Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxuyub, 1952–1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən 1949-cu ildə 1 saylı musiqi məktəbində violonçel müəllimi kimi başlayan Oqtay Zülfüqarov, eyni zamanda, müxtəlif mədəniyyət evlərində də xormeyster kimi çalışıb, 1958–1962-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri vəzifələrində işləyib.

1991–2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olub.

Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq üzü görüb. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar vardır. Oqtay Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirib.

Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay Zülfüqarovun böyük xidmətləri olub. Onun öz sadəliyi və rahat qavranılması ilə seçilən əsərləri, eyni zamanda, dərin milli-mənəvi ruh, zəngin kolorit və yaddaqalan ritmləri ilə səciyyələnir. Geniş yaradıcılıq diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə sədaqət müasirliklə harmonik vəhdət təşkil edir. Onun kino və teatr musiqisi sahəsində fəaliyyəti də təqdirə layiqdir. Sənətkarın müxtəlif dövrlərdə yaratdığı əsərlər musiqişünaslar tərəfindən yüksək qiymətləndirilib.

Oqtay Zülfüqarovun bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət qazandırıb. Onun "Telefon”, "Qatar”, "Kim sevirsə idmanı” və başqa mahnıları bir neçə nəslin dillər əzbəri olub. Uşaqlar üçün yazdığı balet, nağıl-opera və digər əsərləri ilə o, gənc musiqi həvəskarlarının sevimlisinə çevrilib. Bəstəkarın rəhbərliyi altında yaranan uşaq kollektivləri, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik tərbiyəsində böyük rol oynayıb.

Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Qədir oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu imzalayıblar:

İlham Əliyev

Artur Rasi-zadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Arif Məlikov

Firəngiz Əlizadə

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Tofiq Bakıxanov

Xəyyam Mirzəzadə

Ramiz Zöhrabov


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol