• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan postmodernistləri yetim qalacaq” - Heydər Oğuz

“Azərbaycan postmodernistləri yetim qalacaq” - Heydər Oğuz
17.03.2014 15:32
Heydər Oğuz: “Postmodernist ədəbiyyat bir müddətdən sonra söyüşşunaslıq ədəbiyyatına çevriləcək.”Postmodernist dəyərlər adı altında ədəbiyyatımızda əxlaqsızlığın təbliğ olunması nə qədər doğrudur? Bu ənənə haradan gəlir və belə əsərlər ədəbiyyat nümunəsi hesab oluna bilərmi?ANN.Az-ın suallarını cavablandıran şair-publisist Heydər Oğuz, postmodernist ədəbiyyatın üslub və ideyalarını bəyənməsə də bir çoxlarından fərqli olaraq ona xüsusi ikrah hissiylə də baxmır. Onun fikrincə, cəmiyyət hər zaman inkişafdadır:“Min illər boyu müxtəlif tərəqqi prosesini keçirən dünyada bir çox şeylər dəyişib. İnsanın ilahi ehkamlardan tutmuş, ictimai davranış qaydalarına, əmək alətlərinə qədər hər şey. Hətta bəşər oğlu bir hissəsi olduğu təbiəti belə dəyişib. Bütün sahələrdə baş verən bu dəyişiklik istər-istəməz onlara münasibətimizi də dəyişir. Bir zamanlar ildırım çaxanda Allahın qəzəbləndiyini fikirləşən və qorxuya düşən insan indi onu elektrik enerjisinə necə çevirib iqtisadiyyata verəcəyi nailiyyət haqqında düşünür”.

Heydər Oğuza görə, insanlıq bütün bu qazandıqlarına görə "köhnəliyin inkarı"na borcludur: “Köhnəlik inkar edilə-edilə yeniliklər ortaya çıxır, bir müddətdən sonra dünənin yenisi bu günün mürtəce qüvvəsinə çevrilir və ona qarşı mübarizə başlayır. Beləcə dünənin inkarı da inkar olunur. İstər iqtisadiyyatda, istər elmdə, istər siyasətdə, istərsə də mədəniyyətdə bütün inkişafların səbəbi bu inkarçılığa bağlıdır. İnkarçılığa qapısını bağlayan toplumlar hər zaman geridə qalır, ya kimlərinsə yeminə çevrilir, ya da yer üzündən silinirlər".

Postmodernist ədəbiyyatı da bir inkar hadisəsi adlandıran şair-publisist xüsusilə, Qərb ölkələrində bunun üçün bir zəminin olduğunu düşünür:“Qərb ölkələri sənayedə, mədəni mühitdə xeyli məsafələr qət ediblər. Özəlliklə, onların iqtisadi inkişafları, elmi-texniki tərəqqiləri mənəvi dəyərlərə münasibətlərini də dəyişib. Sözü gedən dəyişiklik ədəbiyyatda da baş verib və bu özünü əsasən üç mərhələdə göstərib. Əvvəl, klassik ədəbiyyatın inkarıyla başlayan proses nəticəsində modern ədəbiyyat yaranıb. Modern ədəbiyyat klassikanın tabularını yıxıb yeni qaydalar meydana gətirib. Qərb cəmiyyətinin azadlıqsevərliyi hər hansı qaydanın çərçivəsinə sığmadığından zamanla bu yeni qaydalar da inkar edildi. Heç bir qayda-qanuna uymamaq yeni tabuya çevrildi. Beləcə, post-modernist ədəbiyyat ortaya çıxdı. Kəlimə mənası modern sonrası olan bu ədəbiyyat da çox yaşamayacaq. Ən azı ona görə ki, onun öz fəlsəfəsi öz mahiyyətinə ziddir. Postmodernist ədəbiyyatın fəlsəfəsinə görə qaydalar azadlığı məhdudlaşdırdığından o, inkar olunmalıdır. Amma bu prinsipin özü də bir qaydadır ki, əslində özünüinkar deməkdir. Bir müddətdən sonra Qərb ölkələri bu prinsiplə əslində ədəbiyyatı yox etdiklərini anlayacaq və onu inkara çalışacaqlar. Beləcə, yenidən klassik ənənələrə dönüş başlayacaq".

Mühasibimiz Şərq ölkələrində, o cümlədən Azərbaycanda da postmodernist ədəbi ənənələrin formalaşması üçün zəminin hələ yaranmadığını düşünür: “Şərq insanı ehkamlara bağlı olduğundan inkara da o qədər meylli deyil. Bu da istər-istəməz Şərq dünyasını elmi-iqtisadi tərəqqidən xeyli geri salıb. Bir çox hallarda biz hələ də feodal toplum halından çıxa bilməmişik. İstər modern, istər postmodern ədəbiyyat isə feodal toplumların xarakterindən uzaqdır. Bizə hətta modern ədəbiyyat belə zorla qəbul etdirilib, postmodern ədəbiyyatın inkişafı üçün də eləcə xarici dövlətlər tərəfindən hər cür maddi və mənəvi dəstək verilir. Ancaq bu ədəbiyyatın asanlıqla yayılması və ciddi oxucu kütləsi tapması çətin olacaq. Çünki cəmiyyətimizdə hələ də feodal münasibətləri öz varlığını qoruduğundan bunun üçün sosial zəmin yoxdur. Yəqin ki, inkarçılığa meylli Qərb ölkələri bir müddətdən sonra postmodernizmdən də imtina edəcək və bizim postmodernistlər tamamilə yetim qalacaqlar. Bu mənada Aəzrbaycan postmodernistlərindən vahimələnməyə dəyməz”.O ki qaldı ədəbsiz ifadələrin postmodernist əsərlərdə yer almasına, Heydər Oğuz bunun ədəbiyyatla bir araya sığmadığını düşünür: “Ədəbiyyat ədəb sözündəndir. Ədəbi əsər də gərək ədəbli ola. Hər kəs ağzına gələni yazsa, ədəbiyyat söyüş lüğətindən başqa bir şey olmayacaq. Bu gün nə yazıq ki, özlərini postmodernist olaraq görənlər söyüş ədəbiyyatı yaradırlar. Anlamırlar ki, tarix onlara elə bu adı verəcək - söyüş ədəbiyyatı. Söyüş ədəbiyyatının isə bədii ədəbiyyata heç bir dəxli yoxdur. Ona qalsa, tibb haqqında yazılanlara tibb ədəbiyyatı, elmi kitablara elmi ədəbiyyat deyilir. Onlar nə qədər bədii ədəbiyyat demək deyillərsə, söyüş kitabları da bir o qədər başqa sahənin məhsulu olacaq. Və bəlkə də bir müddətdən sonra söyüşşunaslıq adlı yeni bir elm meydana gələcək və bu kitablar da o elmin ədəbiyyatı olaraq bilinəcək.”SeymurANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol