“1915 – Osmanlı Dosyesi”nin təqdimatı baş tutdu

Park İnn otelinin "Nəsimi” zalında Əli Hacızadənin müəllifi olduğu "1915 – Osmanlı Dosyesi” kitabının təqdimat mərasimi keçirildi.
Kitab Birinci dünya müharibəsi zamanı, 1915 – ci ildə Osmanlı İmperiyasında baş vermiş, habelə ondan sonrakı dövrləri əhatə edən hadisə və proseslərə həsr olunub.
Qeyd edək ki, Hacızadə PR texnologiyaları üzrə mütəxəssis olmaqla yanaşı, Rusiya və Azərbaycan KİV-lərində "Erməni məsələsi” və Yaxın Şərq məsələlərinə dair bir çox analiz və məqalənin müəllifi, bir sıra Rusiya KİV-lərinin ekspertidir.
Müəllif kitabın təqdimatında çıxış edərkən qeyd edib ki, rus dilində bu hadisələrə özündə obyetiv baxışı ehtiva edən bir kitabı yazmağı çoxdan planlayırdı. Kitabın Türk millətinə və Türkiyəyə qarşı yayılan şər və böhtanların pik nöqtəyə çatdığı bir dövrdə hazır olması da əlamətdardır. Kitabın anotasiyasında Hacızadə qeyd edib ki, - "Kitab 1915 - ci ildə Osmanlı imperiyasında baş verən hadisələrə və bu təlatümlü zamanda həlak olmuş bütün qurbanlara həsr olunur”.
Kitabda tədqiq olunan tarixi hadisələr qərbdən olan missionerlərin Osmanlı imperiyasında fəaliyyətə başlamasından etibarən XX əsrin 80-ci illərinə kimi müasir Türkiyə respublikasında baş verən hadisələrə qədər olan zaman kəsiyini əhatə edir. Kitabın yazılması əsnasında rus, türk, qərb və erməni mənbələrindən istifadə edilmiş və onlara istinad olunmuşdur.
Habelə başqa ölkələrdə baş vermiş, analoji və oxşar hadisələrin müqayisəli təhlili aparılmışdır.
Ümumilikdə kitab, müəllifin ön sözünü nəzərə almasaq 13 bölmədən ibarətdir.
Bu bölmələr aşağıdakılardır;
"İmperiyanın son döyüşü”, "Osmanlı erməniləri və missionerlər”, "Müharibə zamanı mülki əhalinin deportasiyası”, "Qurbanlar və statistika”, "1919-1920 – ci illərin Türk Hərbi Tribunalı”, "Malta Sürgünləri”, "Tələt Paşanın teleqramları – erməni soyqırımının sübutu kimi”, "Hitlerin sözləri - Oberzalsberg nitqi”, "Erməni soyqırımının Xolokost ilə müqayisəsi”, "Erməni soyqırımı və erməni terrorizmi”, "Türk qətliamları”, "Altı Vilayət”, "1915 – ci il hadisələrini Soyqırım hesab etmək olarmı?”.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, "1915 – Osmanlı Dosyesi”nin unikallığı ondan ibarətdir ki, rus dilində bu mövzuda nəşr olunan tarixi əsər və kitabların mütləq çoxluğunun müəllifləri ya ermənilər ya da türklərə və Türkiyəyə mənfi münasibət bəsləyən insanlar tərəfindən qələmə alınır. Əlbətdəki, bu hal obyektiv və neytral tarixi əsərlərin meydana çıxmasına maneçilik törədir.
www.ann.az
























