Asim Mollazadə: “Avropa Parlamentinin qətnaməsi informasiya müharibəsinin bir hissəsidir”

"Avropa Parlamentinin bu qətnaməsi informasiya müharibəsinin bir hissəsidir.”
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin iclasında Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin müzakirəsi zamanı belə deyib.
"Üç tip lobbi var ki, onlar Azərbaycana qarşı bu informasiya hücumunu təşkil edirlər. Bunlardan biri, ABŞ və Latın Amerikası ölkələrində qondarma "erməni soyqırımı” iddiaları hesabına topladıqları vəsaitin böyük bir hissəsini Azərbaycana qarşı yönəldənlərdir. Digəri enerji lobbisidir ki, onlar Azərbaycan və Türkiyənin iştirakçısı olduğu beynəlxalq və regional enerji layihələri əleyhinə iş aparırlar. Üçüncülər isə, Azərbaycanın önəm verdiyi multikulturalizm əleyhinə fəaliyyət göstərən islamofob, antisemit, həmçinin dünyada terrorizmi dəstəkləyən qüvvələrdir. İndi bu qüvvələr birləşərək Azərbaycana qarşı mübarizə aparırlar” - deyə Asim Mollazadə bildirib.
O qeyd edib ki, Avropanın tanınmış siyasətçiləri işğal olunmuş Azərbaycan torpaqlarına səfər edirlər və buna görə onlara ciddi məbləğdə pullar verilir: "Avropa Parlamentinin Dağlıq Qarabağa gedən deputatlarına 50 mindən 80 min avroya qədər vəsait verilir.” Millət vəkili Avropa Parlamentinin sözügedən qərarına rəsmi etiraz bildirmək lazım gəldiyini deyib: "Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırırlar. Onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Avropa Parlamentinin qarşısında öz etirazlarımızı bildirməliyik.” Asim Mollazadə Azərbaycanın müstəqilliyinin hər şeydən üstün olduğunu da vurğulayıb: "Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq yox demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























