Beynəlxalq təşkilatlar Azərbaycana MHŞT-ya görə kredit vermir? - AÇIQLAMA

Azərbaycanın MHŞT-də "namizəd ölkə" statusu saxlanıldı.
Dövlət Neft Fondundan ANN.Az-a verilən məlumata görə, Qazaxıstanın paytaxtı Astana şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin təşkil etdiyi iclasda Azərbaycanın Qiymətləndirilməsinə və statusuna dair müzakirə keçirilib. MHŞT üzrə İdarə Heyəti Azərbaycanda ikinci Qiymətləndirmə zamanı ümumilikdə, nəzərəçarpan proqresin əldə edildiyini və bir neçə fərdi tələb üzrə mühüm irəliləyişlərin əldə olunduğunu nəzərə alaraq, Azərbaycanın "namizəd ölkə” statusunda saxlanılmasına qərar verib.
Azərbaycan yenidən MHŞT-yə üzv kimi qəbul olunacaq? Üzv olmadığımıza görə beynəlxalq qurumlar Azərbaycana kredit ayırmaqdan imtina edəcəkmi?
Bu sualları ANN.Az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban və Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı şərh edib.

Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı
"Hökumət qarşısına qoyduğu öhdəlikləri yerinə yetirmədiyinə görə, üzv qəbul edilmirik” - Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ANN.Az-a açıqlamasında Azərbaycanın MHŞT-ya yenidən üzv ola bilməməsinin səbəblərini açıqlayıb:
"MHŞT üzv olduğu ölkələrdən istəyir ki, qazancını və xərclədiyin məbləği açıqla. Azərbaycan bu prosesə qoşulan ölkələrdən biri idi. 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı çox böyük bir səhv siyasət yürüdüldü. Hökumət ayırd etmədən, bütün vətəndaş cəmiyyətinə demək olar ki, total rejimə keçdi. Total hücumun nəticəsində ayırd edilməmə, qrant, QHT haqqında qanuna edilən dəyişilik tamamilə hər şeyi iflic etdi. Məhz həmin dövrdə Azərbaycana işlərin dəyərini ölçməklə əlaqədar qiymətləndirici gəlmişdi. Bir neçə QHT-lərlə görüşən qiymətləndirici mənimlə görüşəndə də bu hadisələri çox pis qiymətləndirdi. 2015-ci ilin sonunda beynəlxalq qurum Azərbaycanda olan fəaliyyətləri qiymətləndirib, bizə yenidən şans vermək qərarına gəldi”.
M. Qəhrəmanlı bildirib ki, Azərbaycanın MHŞT-yə üzvlüyü yenidən bərpa olunmasını çox istərdim:
"MHŞT-də qalmaq Azərbaycan cəmiyyəti üçün lazımdır. Ölkəmiz öz imici üçün çalışır. Birdəfəlik çıxarılsaydıq, uduzan Azərbaycan ictimaiyyəti olacaqdı. Azərbaycan-MHŞT koalisiyası çox gücsüz koalisiyadır. Hökumətin bu koalisiyanı möhkəmləndirməsi üçün güclü üzvləri olması lazımdır. Vətəndaş cəmiyyəti protokolunda da göstərilir ki, Şura üzvləri siyasətdən kənar olmalıdır. İndiki Şura isə siyasi partiya üzvlərindən ibarətdir. Azərbaycan MHŞT koalisiyasından bir çox mütəxəssisləri, bu sahəni daha yaxşı bilənləri uzaqlaşdırdılar. Bundan sonra çox da yaxşı olmayan proseslər davam etdi. Hətta istərdim ki, indiki koalisiya üzvləri ilə əlaqədar, yenidən seçki keçirilsin. Çünki koalisiya gücləndirilməlidir, mükəmməl olmalıdır. Azərbaycanın son vaxtlar gördüyü işlər nəticəsində MHŞT-yə yenidən üzv olunmasına ümid edirəm.
Mirvari Qəhrəmanlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB - EBRD) Azərbaycanın MHŞT-yə üzv olmadığına görə kredit verilməməsi məsələsinə də münasibət bildirib:
"AYİB-nin siyasətində var ki, hansı ölkədə insan hüquqları pozulursa, həmin ölkəyə pul ayrılmır. AYİB-in siyasətində MHŞT-yə üzv olan ölkələrə üstünlük verilməsi qeyd edilib. Ancaq MHŞT-yə üzv olmadığına görə Azərbaycana kredit ayırmayacaq və ya kredit verilməsini dayandıracaq kimi söyləntilərin olması əsassızdır. AYİB Azərbaycanla uzun müddətdir ki, əməkdaşlıq edir. Bir çox enerji və digər sahələrə kredit ayırıb”.

İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanın MHŞT-yə hələ 2015-ci ilin hesabatını vermədiyini bildirdi:
"2014-cü ilin martın 20-də Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə (MHŞT-EITI) statusu aşağı endirilmişdi. O vaxt ümumiyyətlə, Azərbaycanın MHŞT-dən çıxarılma təhlükəsi vardı. Ancaq Azərbaycan höküməti qoşulduğu müddətdən sonra özünü yaxşı şəkildə göstərsə də, sonradan baş verən neqativ hallara görə, daha kiçik olan ölkələr bizi keçdilər və biz gerilədik. Hazırda, 2016-ci il bitir, amma biz hələ də, 2015-ci ilin hesabatını açıqlamamışıq. 2014-cü ilin hesabatını isə bu yaxınlarda ictimaiyyətə açıqladılar. Ancaq buna baxmayaraq olanları nəzərə alaraq, MHŞT rəhbərliyi Azərbaycana yeni şans verdi. Bundan sonrakı mərhələdə Azərbaycan özünün fəaliyyətini gücləndirsin. Necə ki, Şəffaflıq Təşəbbüsündə 10 il ərzində fəal idi, o istiqamətdə fəaliyyətini davam etdirib, üzvlüyünü bərpa etsin. Ümid edirik ki, Azərbaycan yenidən MHŞT-yə üzv olacaq”.
"Azərbaycan tək Avropa İttifaqından TAP layihəsi üçün 1 milyard borc almır. Şahdəniz və Cənubi Qaz Dəhlizi çərçivəsində enerji layihələrinə 5 milyard kredit almaq niyyətindədir. Çünki vəsait olmadan iş görmək mümkün deyil. Biznes layihələrinə Dövlət Neft Fondundan çox kiçik miqdarda vəsait cəlb edilir. Bəs qalan vəsaiti necə bərpa etməliyik? Buna görə də, ümumi dəyəri 5 milyard olan kredit cəlb etməyi düşünürlər”, – deyə İlham Şaban əlavə edib.
Xatırladaq ki, 2003-cü ildə MHŞT prosesinə qoşulan Azərbaycan 2014-cü ildə üzvlükdən çıxarılıb. Qurum 2016-ci ildə isə Azərbaycanın "namizəd ölkə" statusunu saxlayıb.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























