"Rusiya səfirinin ölümü son hadisələrlə bağlıdır" - Ələsgər Məmmədli

"Rusiya səfirinin öldürülməsi son vaxtlar baş verən hadisələrlə sıx bağlıdır. Xüsusilə, Suriyada Hələb və onun ətrafında baş verən olaylar, orada çox saylı sivil insanların öldürülməsi və Rusiyanın da bu işlərə dəstək olması ilə əlaqədardır”.
Bunu ANN.Az-a açıqlamasında politoloq Ələsgər Məmmədli Ankarada Rusiya səfiri Andrey Karlovun güllələnərək öldürülməsini şərh edərkən deyib.
Politoloq deyib ki, düşünmürəm Rusiya ilk təyyarə qəzasında olduğu kimi sərt reaksiya göstərsin:
"Çünki bu çox fərdi hadisədir. Belə bir hadisə zaman-zaman bir çox ölkədə olub. Türkiyənin bir çox diplomatı dünyanın müxtəlif ölkələrində fərqli məkanlarda öldürülüb. Məsələn, Fransada türkiyəli diplomatın erməni terrorist tərəfindən öldürülməsi və digərləri. Bu cür hadisələr heç vaxt iki dövlət arasında münasibətlərin gərginləşməsinə səbəb olmayıb. Fikrimcə, Rusiya bu hadisə ilə bağlı soyuqqanlı münasibət göstərəcək, dərin araşdırmalar aparıb, təhlillər edib, cinayəti həyata keçirən qüvvələri tapacaq”.
Belə bir hadisənin törədilməsi kimə sərf edirdi və ya kimlər tərəfindən törədilə bilər? Və bu hadisənin törədilməsi hansı münasibətlərə yönəldilə bilər? Məsələsini analiz edən politoloq burada əsas hədəfin Türkiyə-Rusiya münasibətlərinin gərginləşdirmək istəyən qüvvələrin olduğuna diqqət çəkib:
"Bu qüvvələrin kimlər olduğuna gəldikdə, düşünürəm ki, Türkiyə-Rusiya münasibətlərini sevməyənlər var. İlk növbədə, burada İran və İran mənşəli qruplaşmalar ola bilər. Çünki İran proseslərdə Türkiyənin əleyhinə olan tərəfdir və Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi İranın bölgədə nüfuzunun artmasına kömək edir. Amma burada tək İran deyil, Suriya daxilindəki müxalif qrupların da bununla bağlı müəyyən yanaşması ola bilər.
Ayrıca, Türkiyə-Rusiya münasibətlərini həzm etməyən digər qüvvələrin də bu məsələdə iştirakı ehtimal edilir.”
"Terrorçunun öldürülməsi yanlış addım idi. Hər halda canlı tuta bilsəydilər, hadisə barədə ip uclarını tapmaq olardı. Ancaq terroristin öldürülməsi, məsələnin çox da dərinə getmədən bağlanılması ilə nəticələnəcək. Türkiyənin bu prosesdə ən ciddi itkisi fikrimcə, ölkənin beynəlxalq imicinə vurulan zərbədir. Türkiyə dövlətinin təhlükəsizliyə verdiyi önəm hər zaman yüksək səviyyədə olub. Amma indi bir rəsmi şəxsin qoruna bilməməsi, özü özlüyündə xeyli problem kimi görünür. Həmin şəxsin polis forması və kimliyi ilə içəriyə keçməsilə bağlı deyilənlər bir daha sübut edir ki, həmin şəxs sıradan biri olmayıb, təhlükəsizlik əməkdaşları ilə əlaqəsi olub. Bu hadisə Türkiyə təhlükəsizlik qüvvələrinin imicinə daha bir şübhə yaradacaq. Məhz, bu səbəbdən, Türkiyənin ən çox zərər görəcəyi tərəf təhlükəsizliklə bağlı etibarın itirilməsi olacaq. Ancaq bir rəsmi şəxsin sui-qəsd nəticəsində öldürülməsi iki dövlət arasında münasibətlərin gərilməsinə səbəb olmayacaq. Əlbəttə, müəyyən təsirlər olacaq, amma ciddi təsirlərin olacağını düşünmürəm”, - deyə Ə. Məmmədli əlavə edib.
Xatırladaq ki, dekabrın 19-da Türkiyənin paytaxtı Ankara şəhərində Rusiyanın həmin ölkədəki səfiri Andrey Karlov terrorçu tərəfindən güllələnib. Türkiyə mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində terrorçu zərərsizləşdirilib. Ağır güllə yarası alan səfir xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Orxan Aslanlı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























