• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır"

Prezident: “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır"
30.08.2014 12:24

“Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun”

Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edib.

 

APA-nın xəbərinə görə, dövlət başçısı yenidən Füzuli rayonunda olmaqdan şad olduğunu bildirib: “Bu, mənim Füzuli rayonuna beşinci səfərimdir. Hər dəfə burada olarkən yeniliklər görürəm, ürəyim sevinir və əldə edilmiş bütün uğurlar münasibətilə sizi ürəkdən təbrik edirəm. Füzuli rayonunun inkişafı daim diqqət mərkəzindədir. Siz də bunu görürsünüz, bilirsiniz. Dövlət siyasəti ardıcıllıqla aparılır və son illərdə rayonun inkişafı üçün çox böyük işlər görülüb. Sosial obyektlər, infrastruktur obyektləri, yeni müəssisələr yaradılır. Əvvəlki dövrlərdə idman kompleksi, tibbi mərkəz, muğam mərkəzi, digər obyektlər yaradılıb. Nəinki Füzuli rayonu, bütün bölgə üçün böyük məna daşıyan 25 meqavat gücündə su elektrik stansiyası tikilib. Yollar çəkilir, kənd yolları, şəhərlərarası yollar. Əlbəttə ki, Horadiz artıq bir şəhərdir, gündən-günə gözəlləşir, inkişaf edir və bu gün öz gözəlliyi, abadlığı ilə seçilir. Füzuli rayonunda aparılan yenidənqurma işlərinin tərkib hissəsi onun infrastruktur layihələridir. Kənd yolları, içməli su layihələri - bunlar da öz həllini tapır və qazlaşdırma ilə bağlı məsələlər ardıcıllıqla icra edilir. Hazırda qazlaşdırma 70 faizdən çoxdur. Amma bu ilin sonuna qədər bütün yaşayış məntəqələrində 100 faiz qaz olacaq. Bax, budur bugünkü Azərbaycanın reallıqları, Azərbaycanın qüdrəti və regionların inkişafı. Biz bu siyasətə sadiq olaraq gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə aparacağıq ki, inkişaf daha da sürətlə getsin. Mən bu gün də artıq bir neçə tədbirdə iştirak etmişəm və hələ digər tədbirlər olacaqdır. Onlardan biri müharibə zamanı dağıdılmış və ermənilər tərəfindən yandırılmış evlərin bərpası layihəsidir. Bunun çox böyük mənası var. Çünki erməni işğalı zamanı bütün infrastruktur, evlər dağıdılmış, yandırılmışdı. Siz bunu yaxşı xatırlayırsınız və indi nümayiş etdirilən şəkillərdə bunu görmək mümkündür. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu erməniləri buradan çıxararaq, bu bölgəni tamamilə düşməndən azad etmişdir. Erməni işğalçı qüvvələri 22 kənddən qovulmuş, ondan sonra quruculuq və inkişaf prosesi başlamışdır. Ona görə biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətli Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük”.

 

Prezident İlham Əliyev deyib ki, hazırda işğal altındakı bütün torpaqlar işğaldan azad olunandan sonra Horadiz kimi olacaq: “Biz həm Füzuli şəhərini bərpa edəcəyik, hazırda tamamilə dağıdılmış Ağdamı bərpa edəcəyik, Şuşanı, bütün başqa şəhərləri bərpa edəcəyik. Çünki mən tam əminəm, - əminəm ki, Azərbaycan xalqı bunu bilir, - biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycanın buna gücü çatır və bu qaçılmazdır. Sadəcə olaraq hələ çalışırıq ki, bunu danışıqlar yolu ilə, qan tökülmədən həll edək. Amma biz istənilən varianta hazırıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Siz - Qarabağda doğulmuş, yaşamış, bu gün yaşayan insanlar bunu hamıdan yaxşı bilirsiniz. Bu, əzəli Azərbaycan torpağıdır - Xankəndi, Şuşa. Sadəcə müvəqqəti olaraq işğal altındadır, ancaq biz bu işğala son qoyacağıq. Biz öz torpağımızda yaşayırıq, öz torpağımızı müdafiə edirik və müdafiə edəcəyik. Əminəm ki, ərazi bütövlüyümüzün bərpası qaçılmazdır. Bunu düşmən də bilir və bilməlidir”.

 

Prezident xüsusi vurğulayıb ki, bu ayın əvvəlində təmas xəttində baş vermiş hadisələr bir daha Azərbaycan Ordusunun qüdrətini, gücünü, qarşı tərəfin isə gücsüzlüyünü, acizliyini əyani şəkildə göstərdi: “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır. Ona görə biz hələ çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir. Ermənistan özü artıq etiraf edir ki, xarici yardım olmadan yaşaya bilməz, iqtisadi inkişafa nail ola bilməz və hətta öz təhlükəsizliyini qoruya bilməz. Artıq yüksək vəzifəli erməni dövlət məmurları bunu etiraf edirlər. Bu, əslində erməni dövlətinin iflası deməkdir. Çünki hər bir xalq üçün ən böyük nemət müstəqillikdir. Biz bu müstəqillik illərindən səmərəli şəkildə istifadə edərək, bu gün tam şəkildə müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq. Ancaq Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir. Torpaqlarımızı hələ ki, işğal altında saxlayır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir”.

 

Dövlət başçısı əlavə edib ki, bu gün bütün regionlarda görülən işlər Azərbaycan dövlətinin gücünü, Azərbaycan xalqının istedadını göstərir: “Hər bir bölgədə gedən inkişaf məni sevindirir. Mən hər bir rayonda dəfələrlə olmuşam. Füzuliyə beşinci dəfədir gəlirəm. Ancaq Füzuli, Ağdam rayonlarında gedən inkişaf məni xüsusilə sevindirir. Çünki siz düşmənlə üz-üzə yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz. Biz burada, düşmənlə üz-üzə Horadizdə biz bir gülüstan, bir abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir.

 

Mən bu gün Beyləqanda gənclərlə görüş keçirmişəm. Bilirsiniz ki, indi biz gözəl bir proqram icra edirik, gəncləri göndəririk müxtəlif bölgələrə. Yəni bir bölgədən olan gənclər tətildə başqa bölgələrə gedirlər, Azərbaycanla tanış olurlar. “Ölkəmizi tanıyaq” proqramını biz icra edirik. Çox istərdim bu bölgəyə - Ağdama, Füzuliyə daha çox gəlsinlər, görsünlər ki, bura dağılmış vəziyyətdə idi, siz bunu yaxşı bilirsiniz. Erməni vəhşiləri bir dənə də salamat ev qoymamışdılar, hər şeyi dağıtmışdılar və talan etmişdilər, oğurlayıb aparmışdılar. Amma, baxın, biz bərpa etdik. Horadiz şəhərdir, gözəl şəhərdir, yollar, xiyabanlar, ictimai yerlər, parklar, iş yerləri, məktəblər, uşaq bağçaları, muğam mərkəzi, idman kompleksi, hər şey var. Daha da yaxşı olacaq. Füzuli rayonunun inkişafı xüsusi məna daşıyır. Həm Qarabağ üçün, həm Azərbaycan üçün. Ona görə biz bundan sonra da rayonun inkişafı üçün əlimizdən gələni edəcəyik və burada həyata keçiriləcək tədbirlər rayonu daha da gücləndirəcək.

 

227 dağılmış, yandırılmış ev bərpa edildi. Mən bu gün evlərin birində olmuşam. Ancaq hələ ki, müxtəlif yerlərdə 300-dən çox dağılmış evlər var. İndi mən göstəriş vermişəm ki, təklif hazırlasınlar, biz o evlərin də bərpasına başlayaq. Bu gün Füzuli əhalisinin 50 faizdən çoxu artıq burada məskunlaşıb, 16 qəsəbə tikilibdir, evlər bərpa edilibdir, indi mənə deyilər ki, hətta Bakıdan füzulililər qayıdırlar. Əlbəttə, qayıtmalıdırlar. Burada - doğma torpaqda gözəl şərait, gözəl iqlim, abadlıq var. Ona görə bu proses daha da sürətlə getməlidir və buna nail olmaq üçün burada şərait daha da yaxşı olmalıdır. Mən icra başçısından soruşuram ki, biz əlavə nə iş görməliyik. Mənə deyir ki, indi hər şey görülübdür. Amma mən bilirəm ki, əlavə işlər də görülməlidir. Füzuli rayonunun kənd və qəsəbələrinin heç birində heç bir problem olmamalıdır. Biz buna nail olacağıq. İşlərin böyük hissəsi görülüb, qalan işləri də bərabər görəcəyik”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol