Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək PLANI

Sovetlər
Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə-general-mayor
zirvəsinə ucalan, kiçik bir Baltik şəhəri Tartuda Qərbə tuşlanan strateji hücum silahlarına nəzarət edən Cövhər Dudayev
imperiyanın çöküşü ilə müstəqil Çeçenistan qurmağa qalxanda ətraf
coğrafiyaların hamısında mərkəz Moskvadan qopmaq prosesi vüsət almışdı. "Qorbaçov islahatları” demokratikləşmə
adı altında bolşevik təməllərini sındıraraq bir çətir altındakı xalqların tarixi yaddaşının oyanmasına, milli özünüdərkə
və radikal hərəkatların siyasi hakimiyyətə gəlişinə yol açmışdı və cəmi bir
neçə ilin içində o vaxta qədər hələ dəqiq iqtisadi, siyasi və geopolitik
baxımdan Qafqazın o biri hissəsindən ayrılmamış Cənubi Qafqazda böyük humanitar fəlakətə, kütləvi insan itkilərinə və
sovetlərin yaratdığı iqtisadi sərvətlərin dağılmasına səbəb oldu.

Gürcüstanda
millətçi Zviad Qamsaxurdia, Ermənistanda adi elmi işçi Levon Ter - Petrosyan,
Azərbaycanda dissident Əbülfəz Elçibəyin idealist
baxışlarını hələ formalaşmayan dövlətlərə daşımalarının ardınca sonuncunun antirusiyaçılıq platformasını
real siyasi birliklərin yaradılması yolu ilə möhkəmləndirmək istəməsi təkcə
hərbi-siyasi avantüra deyildi, eləcə də Amerika və Qərbi Avropanın "soyuq savaş”ı qazandıqdan sonra Qafqazı
tamamilə öz təsir dairəsinə almaq siyasətinin dağıdıcı tərkib hissəsi idi.
Məhz o
vaxtlar Qızıl Ordu ulduzunu Moskvaya qarşı azadlıq müharibəsinə yönəldən
Cövhər Dudayev cəmi bir neçə ildə böyük şahmat taxtasında piyada fiqur olduqlarını dərk edərək, ideya babası Şeyx Şamilin "kiçik xalqlara uzun qılınc”ın 20-ci əsrin
sonunda heç nəyə yaramadığını görüb dərin
sarsıntı keçirmişdi.

Dudayev güclü hərbi biliklərə yiyələnərək 2-ci müsəlman kimi fəth etdiyi ali
aviasiya generalı vəzifəsində çalışdığı zamanlarda xarici kəşfiyyat mərkəzlərinin diqqətini cəlb etdiyini, daha
sonralar çeçen xalqının mübarizəsinə başçılıq edərkən onun Rusiya düşməni
olmasından Qərb mərkəzlərinin çox
ustalıqla bəhrələndiyini və buna görə də dünyanın aparıcı dövlətlərinin istismarçılığını sərt şəkildə pisləmişdi.
Onun acı sözləri bundan ibarət idi ki, "Bizim
milli azadlıq duyğumuzu demokratik mərkəzlər sümürürlər!”
O
vaxtlar, xüsusilə iki paytaxtda - Tbilisi və Bakıda hərbi döyüşlərdə bir-birinin
ardınca yaşanan məğlubiyyətlər Dudayevin
öz millətinin taleyində gəlib çatdığı həqiqəti
bizimkilərin də dərk etməsinə, ondan düzgün nəticələr çıxarmasına deyil, daha
da uzağa-dövlətçiliyin itirilməsinə
aparan xəyallara xərclənirdi. Ermənistanın təcavüzünə qarşı Əbülfəz Elçibəyin
qurduğu strategiyaya şərik olmaq üçün dəvət edilən qoca Şevi -sovetlərin sonuncu Taleyranı-Eduard
Şevardnadze həmin günləri belə xatırlayır: "Elçibəyin kabinetində olarkən, Dudayevlə görüşməyimi istədi. Bir mərtəbə
aşağı düşdük. O, mənə antirusiya ittifaqı qurmağı təklif etdi. Mən Rusiyanın
gücünü bildiyimdən sakitcə Gürcüstanın belə planda olmayacağını bildirdim”.
Göründüyü
kimi, Bakını antimoskva poliqonuna
çevirmək xəyalları o zaman baş verir ki, nəinki Qarabağ ətrafında silsilə məğlubiyyətlər
davam edir, eləcə də Vaşinqtonun, Brüssel və Tehranın bölgə ilə bağlı siyasətində
açıq-aşkar möhtəkirlik, "proxy” müharibə
elementləri özünü göstərir, lakin məhəlli siyasət mühəndisləri, Şərq nağılları ilə silahlanmış cəbhəkratiyamız
"Qafqaz konfederasiyası quraraq” müasir Paskeviçlərdən qisas alacaqlarını zənn
edirlər. Ona görə Şevardnadze "Heydər Əliyevdən sonra məsləhətləşməyə kimsə
qalmadı”, - deyir.
Şərqin
keçmişini böyük auditoriyalarda gələcək nəsillərə öyrədən Elçibəy istər Cümhuriyyəti küncə sıxan ingilis hərbi flotiliyasının
komandanı Uilyam Tomsonu, eləcə də Xiyabanini, daha sonra Şah Pəhləvini
inqilab içində qoyub gedən ingilis donanmalarının siyasi hakimiyyətin etibarlı dayağı olmayacağını da o tarix
kitablarından iqtibas edərək tələbələrə
söyləməyi gərək bilmir.

Milli
demokratiyamızın meydanlarda dəfələrlə həmrəylik
və birlik mesajları ilə yad etdiyi Yeltsin hakimiyyəti illərində Azərbaycan
müqəddəs sərvətlərini, Vətənin varlığı üçün ön şərt olan torpaqlarını daha sürətli şəkildə itirir, bölgə dövlətlərinin
hamısı ilə düşmən olur. Halbuki, sovetlərə son hökmü verənlərin sırasında Qazaxıstan lideri Nursultan Nazarbayev soyuq hesablamaları ilə
nəinki öz xalqının mənafelərini uğurla qoruya bilmişdi, eləcə də sonrakı
illər ölkəsinin yerləşdiyi coğrafiyanı beynəlxalq rəqabətdə olan Çin, ABŞ və
Rusiyanın əməkdaşlıq mərkəzinə çevirmişdi. Əvəzində isə yazıq İslam Kərimov ömrünün sonuna kimi elə
hey şikayət edirdi ki, Azərbaycana hər zaman qardaşlıq və dostluq duyğuları ilə
yanaşdığı halda nədən Bakı bəyləri onun
da hakimiyyətini devirib xalqını Turan ellərinə qatmaq istəyirdilər?
Sovet nomenklaturasının müstəqillik
dövrünün ilk illərində rəhbərlik etmədiyi
bütün müttəfiq respublikalar inzibati idarəçilik, qurucu bürokratizm, milli təhlükəsizlik
maraqları və qlobal siyasətdən baş çıxara bilməyərək, fəlakətlə üzləşdilər.
Məhz
ona görə də Ermənistan son yüz ildə yalnız
Rusiya ilə tarixi birlik, dini ortaqlıq və eyni hərbi strategiyaya tabeçilik
(NATO-ya qarşı) hesabına rus əsgərini Qafqazlarda dövlətçiliyinin güclü sipərinə
çevirməyi bacardı, "tarixi düşmən”i adlandırdığı Azərbaycan və Türkiyənin zərbəsindən
qorunmağın yolunu tapdı. Erməni elitasının və xalqınının yeganə mövcudluq üsulu
kimi seçdiyi bu sərfəli xətdən kənara çıxdığı anda, ATƏT-in 1999-cu il İstanbul
sammitindən sonra başqa paytaxtlara boylanan və Kremlə müttəfiqliyə xəyanət edən spiker Karen Dəmirçiyan və baş
nazir Vazgen Sarkisyanın parlamentdə
linç edilməsi sonrakı dövlət başçıları üçün görk oldu.
Halbuki,
Sovetlər Birliyinin nəhəng imperiya kimi formalaşmasında bir respublika rəhbəri,
daha sonra İttifaq paytaxtına irəliyə çəkilən sistem qurucusu kimi patriarx
Heydər Əliyev ondan əvvəlki orta əsr mirasını hakimiyyətdən təmizləyərək
dünya və qonşularla normal münasibətlər yaradanda yenə də həmin Yeltsin,
Qraçov, Kozırev, Şafrannik kimi 90-cı illər ərazi işğallarına rəhbərlik edən simalar hərbi təhdidlərini,
hətta fiziki yox etmə planlarını dəyişməyəndə Azərbaycanın onlardan qopduğunu
görərək nəhayət, 1997- ci ildə iki dövlət
arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik sazişi imzalamağa məcbur olmuşdular.
Məhz o
illərdə, artıq ölkəsində sarsıdıcı hərbi
məğlubiyyətləri durdurmağı bacaran və qlobal neft savaşını uğurla həll edərək
regionun geopolitikasını müəyyən edən
Heydər Əliyev Amerikaya ilk səfərindəcə
ona qarşı hansı daxili və xarici sui-qəsdlərin olduğunu ilk dəfə açıq dilə gətirmişdi.
Kremlin dəhlizlərini yaxşı tanıyan və
onun kimi xalqının ağır günündə siyasi
olimpə gələn Vladimir Putini ilk dəfə ölkəmizə dəvət edəndə də ata Əliyev
çox sonralar dövlətlərimizin arasında tarixin müxtəlif mərhələlərində, daha
doğrusu, fərqli ideoloji-siyasi quruluşların ağır mirasını-əks səngərlərdə vuruşmaq və qarşılıqlı nifrət sindromunu arxada
qoymağı bacarmışdılar.
21-ci əsrdə
daha mürəkkəb şəraitdə siyasi estafeti qəbul edərkən Moskva
Beynəlxalq Münəsibətlər İnstitutunun yetirməsi olmasına rəğmən, prezident İlham
Əliyev bir çoxu onunla eyni dünya baxışını paylaşan yeni rus elitasına qarşılıqlı hörmətin və etibarın heç bir xarici təsirlərə
baxmayaraq, dağılmaz özül olduğunu irəli sürmüşdü. Hətta yeni minilliyin
başlanğıcında düz bir əsr əvvəllər olduğu kimi, yenə də Tbilisidə yandırılan inqilab məşəli bütün Qafqazları bürüyəndə rəsmi
Bakı təkcə özünü düşünmədi, region dövətlərinin hamısını-Ermənistan istisna
olmaqla-qorumağı bacardı. Əks halda, qığılcımların
etnik-milli palitrası zəngin olan İrana və Rusiyaya keçməsinin hansı fəlakətlər
gətirəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyildi.
Ərazilərində
xarici hərbi bazaları yerləşdirməmək xəttini
seçən İlham Əliyev əvvəlcə heç bir silahlı toqquşmaya getmədən Qəbələ RLS
problemini həll etdi və şimal strateqlərini aydın bir dillə Armavir yüksəkliyindən Hind okeanınadək radiusu
izləməyin mümkün olduğuna inandırdı, daha sonra gürcü lideri Saakaşvilinin təhrik edildiyi Rusiya-Gürcüstan
savaşından ölkəsini və regionun təhlükəsizlik
arteriyalarının toxunulmazlığını təmin etdi.
Ardınca,
2010-cu ildə Medvedev və Əliyev arasında
sərhəd xətlərinin-əslində isə bir dövlətin, millətin varlığının təsdiqi olan
atributların təsdiqlənməsinə nail olundu. Bütün əsrlər boyu Azərbaycan
xalqı məhz bunu arzulamışdı. Cəmisi 4 il sonra "ərəb baharı” dalğasında nəinki
Yaxın Şərqdə, eləcə də öz qan qardaşı
Ukrayna ilə müharibəyə çəkilən Rusiya hələ 2010-cu ilin 3 sentyabrında bütün
mübahisələrə və ziddiyətlərə son qoyaraq, Samur çayının bölgüsü, Kraxoba və Üryanoba kəndləri də daxil
müxtəlif dairələrin əlində nifaq yaratmağa çevrilən torpaq məsələsini həll etdi. Tarixi nailiyyət idi. Lakin soyuq və
rasional hesablamalar dahisi Əliyev bunu milli təntənəyə çevirmədən yola davam
etdi. Məhz bu təməl daşları üzərində Xəzər akvatoriyası ətrafında nəhayət,
ortaq məxrəc tapıldı və bir vaxtlar Əsrin neft kontraktları hesabına Qərbə
açılmasına baxmayaraq, bu qapalı göl üzərində
xarici silahlı birləşmələrin gəlişi qadağan edilərək, su hövzəsi demilitaristləşmiş
zonaya çevrildi.

Razılaşın
ki, müstəqillikdən keçən son 30 ilin siyasi xronikasını bir neçə abzasa yerləşdirərkən
Tovuz hərbi rayonunda Ermənistanın
inqilabi hakimiyyətinin iyul təxribatlarında nə üçün Moskva elitasının neytral,
bir sıra hallarda Bakıya mənəvi-siyasi simpatiyasının elə-belə başa gəlmədiyi,
bundan ötrü Əliyevlərin strategiyasının son yüz ilin sınağından necə uğurla
çıxdığını deməyə imkanımız var. Bəli, Azərbaycanın regional missiyası, ərazi
bütövlüyünü təmin etmək üçün Qərb və Şərq, Şimal və Cənubla qurduğu dostluq
körpüləri tarixin müxtəlif sınaqlarına tab gətirir. İranla konfrontasiyada olan
İsraillə hərbi və iqtisadi əlaqələr inşa edilərkən Tehranın mənafelərinə toxunmamaq, Rusiya ilə Qərbin
savaşında hər iki tərəfin həssasiyətlərini
dəyərləndirmək gənc dövlətlər üçün gerçəkdən kamillik testidir.
Avrasiya qitəsinin bu iki imperiya varisi arasında ən azı 3 əsr davam edən müharibələr, xüsusilə Osmanlı xanədanı və Çarizmin süqutundan sonra Leninin ilk maliyyə yardımları ilə başlayan hərbi və iqtisadi əlaqələr bu gün 21-ci əsrdə daha qlobal məzmun alaraq, regional və beynəlxalq siyasətin əsas faktorlarından biri halına gəlmişdir. Təsadüfi deyil ki, uzun on illər iki ölkənin siyasi sükanı arxasındakı liderlər Putin və Ərdoğan 2008-ci il görüşlərində qarşılıqlı ticarət dövriyyəsinin 100 milyard dolara çatdırılacağına dair son dərəcə ambisiyalı hədəfləri bəyan etmişdilər. Bu da elə-belə deyildi. Avropa Birliyinin qapısında təxminən 60 il gözləyəndən sonra sıraları 6-dan 27-yə çatan bir iqtisadi İttifaqın siyasi qərəzi qarşısında üzünü digər qütblərə çevirməyə Ankara sadəcə məcbur idi.
Məhz ötən il Rusiya Türkiyənin ən böyük ticarət partnyorlarından biri kimi 22 milyarda yaxın böyük bir həcmlə 3-cü yeri tutdu və böyük potensialın möcud olduğunu iki ölkə arasında 2010-cu ildə qurulan Yüksək Dövlət Şurası bəyan etdi.
Uzun illərdir ki, Soçidən Vladivastoka qədər uzanan ərazilər türk firmaları üçün vacib inşaat meydanı kimi mühüm yer tutmaqda davam edir.
Qarşılıqlı investisiyaların miqdarı 10 milyard dollardan çoxdur.
Bu səfərlər, əlbəttə, mədəni yaxınlaşmaya, mənəvi
bağlara keçincə formalaşan on minlərlə
qarışıq nikahlar hər iki ölkə üçün sabit, dayanıqlı və daimi isti ocaqlar
yaradır. Yumşaq gücdən danışılarkən, Rusiyada on iki milyona qədər türk mənşəli xalqların, 20 milyondan artıq İslam
dininə etiqad edənlərin vətənidir və bu Ankaraya imkan verir ki, bir neçə
platformada, məsələn, Türksoy çərçivəsində
Tatarıstan Respublikasını və başqalarını sıralarına ala bilsin. Lakin bu qətiyyən
Moskvanı qorxutmur. Səbəb, ilk növbədə milli
etnik kartlardan bir-birinə qarşı
istifadə etməyin ziyanlarının dərk olunmasıdır. Mürəkkəb PKK məsələsində belə..
Lakin enerji
kimi strateji əməkdaşlıq olmadan iki
dövlətin münasibətlərini yüksək mərhələyə daşımaq sadəcə mümkün olmazdı. Çünki
Türkiyə öz ərazisində neft-qaz resursları məhdud olduğundan illik 120 milyonluq
neft ekvivalentində enerji idxalından daima asılıdır. O üzdən, "Mavi axın”
layihəsini çəkib Türkiyəyə çatdıran "Qazprom” imperiyası Avropa Birliyinin məlum
imtina qərarından sonra Ukraynadan yan keçməklə ikinci bir strateji xətti-"Türk axını” layihəsini işə saldı ki, bu
da Ankaranı nəinki regional, eləcə də beynəlxalq
enerji mərkəzinə çevirir, Çin, ABŞ və Avropa Birliyi qarşısında dayanıqlı
güc sahibi edir. İllik gücü 31 milyard kubmetr olan bir razılaşmanın istər
daxili tələbatın ödənməsində (15 milyard kub metrə qədəri - Z.O.), istərsə də hələ
alıcı olmağa tələsməyən İtaliya, Yunanıstan və İsrail üçün əhəmiyyəti
misilsizdir. Buradaca qeyd edək ki, Azərbaycanın
gerçəkləşdirdiyi TAP və TANAP layihələrini də nəzərə alanda görünür ki, bir ölkənin
"enerji koridoru” gücü necə artır, güclənir.
Suriya liderinə münasibətdə antoqonist baxışlara rəğmən,
24 avqust 2016-cı ildə türk orduları "Fərat
qalxanı” əməliyyatını keçirmək, sərhədlərində təhlükəsizlik zolağı yaratmaq
üçün addım atanda, Rusiya Ankaranın müttəfiqlərinin süngü ilə qarşıladığı tədbirlərinə
dəstək verdi və nəticədə, Qərbdən himayə olunan İraq və Suriya
coğrafiyasında PKK, PYD və YPQ qüvvələrinin mövqelərinə həlledici zərbə vuruldu.
Regionda İŞİD xilafətinin öldürücü zərbə alması, ardınca bir-biri ilə savaşda
olan Suriya qüvvələrinin Astanaya
toplanması yenə də İranın da daxil olduğu Türkiyə-Rusiya alyansının hesabına idi. Rusiya Türkiyənin Yaxin Şərq ambisiyaları ilə hesablaşaraq, ona güzəştə
getməyi bacarır.
Müqavilə qiyməti 2 milyard dollar olan sözügedən qərarın
ABŞ tərəfindən necə qarşılandığı hamıya bəllidir. İlk NATO ölkəsinin belə müstəqil qərarı tərəfdaşlarda "soyuq duş”
effekti yaratmışdı. Başa düşülən reaksiyadır. Axı həmin silahlar Türkiyənin təkcə özünümüdafiəsini gücləndirmir, eləcə də
ambisiyalarını artırır. Çünki bu nəsil raket sistemləri strateji çəkindirmə gücünə malikdir və
xaricdən asılılığın, onu iqnor edən bir sıra NATO ölkəsindən qurtulmanın tək açarıdır.
Kremldə bunun fərqindədilər. Türkiyənin
müstəqil siyasəti Putinin planlarına zidd deyil, əksinə ona hər vəchlə dəstək verir. Necə qiymətləndirilməyindən
asılı olmayaraq.
Bu siyahını 21 milyardlıq Akkuyu atom elektrik
stansiyası, Qara dəniz akvatoriyasında birgə hərbi mövcudluq, yaxud xristian
dünyasında səlib hərəkətlənməsi yaratmış
Aya Sofya məbədi məsələsinə verilən
mötədil reaksiyaları da əlavə etsək, Avrasiya qitəsini örtən bu dövlətlərin
onlarla ortaq nöqtəsini dünyaya açıq
göstərir.
Bəli, indi İrəvanda ayrı siyasi dəyərləri bölüşən bir hakimiyyətdir. Ermənistan özünü siyasi cəhətdən sabit, güclü hakimiyyət institutları, çoxspektrli parlamenti və dövlətçi, monolit müxalifətinin olduğunu göstərərək, sərhədlərində daim elan etdiyi düşmən dövlətlər, yaxud subyektlərə görə-Türkiyə, Gürcüstan, Azərbaycan və Naxçıvana qarşı Rusiyadan yalnız erməni hərbi-siyasi elitasının, yaxud xalqının istəyi ilə cəbhə açılmasını istəyə bilməyəcəyi nöqtəyə gəlib.
Lakin artıq Ermənistan Rusiya maraqlarının qoruyucusu kimi çıxış etmir, əksinə, təhülkə törədir. İrəvanın dostu Moskvanın müttəfiqi, yaxud düşməni rəqibi deyil.
Daxildə Rusiya şirkətlərini məhkəməyə verib, əldə olunacaq pulu orduya yönəldəyəcəyini
söyləyən Paşinyan iyul avantürasının əks-sədasının olacağını yaxşı bilir. Elitasını
neft dünyası və çekist aləmindən saydıqları
Kreml rəhbərlərindən fərqli olaraq, hazırki İrəvan komitəsi özünü
liberal-demokratik mənşəli üstün kasta sayır. Düz bizim 90-cı illərin mənzərəsidir, sadəcə rollar dəyişib. İndi
qeyri-sabitliyin episentri Razdandan keçir.
Ən əsası, erməni
ideoloqlarının daim istismar etdiyi qiymətli arxivləri aça bilər. Göründüyü kimi, Qafqazda regional təhlükəsizlik sistemi 3 dövlətdən-Rusiya, Azərbaycan və Türkiyədən asılıdır.
Konfliktin arxasında keçmişdə, yaxud indi kim olub, fərq etməz, Moskva, yaxud, Vaşinqton,
Pekin, yoxsa, Paris. Lakin bu prinsip
başqaları üçün belə deyil, onlar üçün fərqi var. Donor mənbələrdən aldıqları və əslində münaqişəyə yatırılan investisiya
deyəsən, həmin paralara müqəddəslik qazandırıb, legitimlik verib. Demokratiyanın dalğasında müttəfiqlərsiz aparılan
müharibə Saakaşvilinin aqibəti, Sarkozinin qalstukunun Kremldə sıxılması ilə nəticələnir.
Unutmayın, Rusiya yaxşı bilir ki, Qarabağ dalğası cənub cinahını- Şimali Qafqazı
uzun illər o günə qoydu.
Türkiyənin burada Moskva, Qars müqaviləsində 100
illik imzası, bir millət dediyi qardaşları ilə sarsılmaz mənəvi bağları, vahid
din, dil və mədəni kökləri var. Türkiyədən
çox türk olmaq, NATO-dan Rusiyaya çevrilən Ərdoğanı AXC rəhbərləri yerinə
qoymaqdır.

İrəvanı hərbi-siyasi
meydanda elə təkləmək lazımdır ki, Metsamor və Gümrü bazası artıq onu
qorumasın!
ZAHİD ORUC
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























