Azərbaycanın Rus İcmasından Ermənistanın təxribatları barədə BƏYANAT

Azərbaycanın Rus İcması Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları ilə əlaqədar bəyanatla çıxış edib.
Anews.az xəbər verir ki, bəyanatda deyilir:
"Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini, Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub.
Biz – Azərbaycanın etnik rus əhalisi Ermənistan rəhbərliyinin münaqişənin gərginləşməsinə və suveren Azərbaycan dövlətinin yeni ərazilərini ələ keçirmək cəhdinə yönələn təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik.
Azərbaycan, onun rəhbərliyi 25 ildən çoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlamağa çalışır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regionda sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir. Beynəlxalq təşkilatlara – BMT, ATƏT və onun Minsk qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesinin sabitliyini pozmaq üçün təkrarlanan cəhdlərə görə məsuliyyətə çağırmaq barədə müraciətlər edilib. Ermənistanın bu il iyul ayında Tovuz istiqamətində hərbi təxribatı növbəti dəfə sübut etdi ki, rəsmi Yerevan bütün beynəlxalq razılaşmalara zidd olaraq danışıqlar prosesini pozmağa çalışır və qeyri-qanuni şəkildə erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan uzaqda yerləşən rəsmi sərhəd istiqamətində hücuma keçərək məqsədli şəkildə münaqişə zonasını genişləndirir.
Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən başlanmış silahlı münaqişə müstəqil və suveren Azərbaycan Respublikasının ərazisində artıq 30 ildən çoxdur ki, davam edir. Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb. Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulub, Xocalı şəhərinin faciəsi baş verib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilib.
Azərbaycanın rus icması beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə və öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























