Ermənistan miqrasiya təzyiqi ilə üz-üzədir

"Beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan və ermənilərin nəzarətində olan Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalar daha da intensivləşib. Regionda yaranan bu vəziyyət qlobal səviyyədə diqqətin Cənubi Qafqaz ölkələrinə yönəldilməsinə səbəb olub”.
Anews.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.
"BMT-nin 2019-cu il üzrə Beynəlxalq Miqrasiya hesabatına əsasən, 1990-cı ildən bu günədək Ermənistanda ölkə əhalisi təxminən 16% azalıb. Bu cür kəskin azalma tendensiyası ölkədə doğum nisbətinin aşağı düşməsi, daha da önəmlisi isə miqrasiya səviyyəsinin artması ilə əlaqədardır. 2018-ci ilin hesablamalarına görə, bu ölkədə xalis miqrasiya əmsalı mənfi olub və hər 1000 nəfərə 5.6 mühacir təşkil edib.
Ermənistandakı ümumi sosial-demoqrafik mənzərə bizə əsaslı olaraq iddia etməyə imkan verir ki, mühacirətin davamlı xarakter alması bu ölkə üçün tükəndirici faktora çevrilə bilər və hazırda elə həm də çevrilməkdədir. Demoqraflar həyəcan təbili çalaraq bildirirlər ki, Ermənistan "yaşlanır” və bunun əsas səbəblərindən biri də miqrasiyadır. Ölkədən gedən insanların yaş qrupları üzrə bölgüsünə baxdıqda problemin daha da dərin olduğunu görürük. 2019-cu il dövlət büdcəsi layihəsinin parlamentdə müzakirəsi zamanı millət vəkili Ruzanna Arakelyan Ermənistanın bəzi kəndlərindən böyük sayda mühacirət olduğunu və kəndlərdə artıq gənclərin demək olar ki, qalmadığını söyləyib (Armenpress.am). UNFPA layihə koordinatoru Anna Hovhannisyan bildirirdi ki, "Ölkədən miqrasiya axını yaş qruplarının tərkibində ciddi kənarlaşmalara səbəb olur” . Son 30 ildəki illik emiqrasiya səviyyəsini nəzərə aldıqda, bu fikirlər təəccüb doğurmur.
Ermənistanda miqrasiya heç də yeni fenomen deyil. Ölkənin müstəqillikdən sonrakı dövrü davamlı olaraq ölkədən miqrant axını ilə xarakterizə olunur. 1990-cı illərdə miqrasiya daha sərt xarakter almış, bir milyondan çox insan ölkəni tərk edib. Sovet İttifaqının dağılmasından sonra ölkənin üzləşdiyi ağır iqtisadi böhran, habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə nəzarətin ələ keçirilməsi uğrunda müharibənin ağır yükü bu illərdə ölkədən miqrasiyanın artmasına səbəb olan əsas amillərdəndir. Müstəqilliyin ilk illərində təqribən 20 faiz əhalinin ölkədən getməsinin ölkədə sosial-iqtisadi və siyasi problemləri daha da dərinləşdirdiyi fikri ilə yəqin ki, bir çoxları razılaşar.
Beləliklə, heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, miqrasiya və çoxtərkibli diaspora (olduqca həssas və mübahisəli məsələdir) bir tərəfdən Ermənistanın iqtisadi həyatından qaynaqlanır, digər tərəfdən ona ciddi təsir göstərir. Mütəxəssislərin hesablamalarına görə, Ermənistandakı ailələrin üçdə biri miqrantların, xüsusilə mövsümi əmək miqrantlarının evlərinə göndərdikləri pul köçürmələri hesabına yaşayırlar . Qısamüddətli perspektivdə ölkənin tədiyyə balansı üçün müsbət amil kimi görünsə də, uzunmüddətli perspektivdə xaricdən pul köçürmələrindən bu cür asılılıq ölkənin xarici iqtisadi şoklara qarşı həssaslığını olduqca artırır.
Digər tərəfdən, erməni diasporunun ölkə iqtisadiyyatına töhfəsi əsasən investisiya və ianələr şəklində həyata keçirilir. Hökumət də dünyadakı erməni diasporalarını ölkənin iqtisadi inkişafına töhfə verməyə çağırır ki, bu da, öz növbəsində, mahiyyət etibarilə diasporanın siyasətdə də iştirakına gətirib çıxara bilir. Bu cür iştirakın ölkənin çiçəklənməsi baxımından nə qədər effektiv olması aydın deyildir, lakin görünən budur ki, artıq miqrasiya hökuməti tənqid etmək istəyən, ölkənin siyasi mənzərəsinə təsir etməyə çalışan siyasi müxalifət üçün aktual mövzuya çevrilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























