İlham Əliyev AYİB-in yeni prezidentini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.
Anews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
– Xanım prezident, hörmətli xanımlar və cənablar, sizi görməyə çox şadam. Sizinlə gələcək planlarımız barədə söhbət etmək imkanına görə şadam. Əlbəttə, bilirsiniz ki, pandemiya səbəbindən biz videokonfrans vasitəsilə görüşmək imkanından istifadə etməli oluruq. İlk növbədə, mən Bankın Azərbaycana göstərdiyi bu diqqətə görə minnətdarlığımı ifadə etmək istərdim. Düşünürəm ki, demək olar son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir.
Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var.
Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları "yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var. Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq. Beləliklə, bu, görülmüş işlərin və bəzi planlarımızın nədən ibarət olmasının kiçik xülasəsi idi. Əlbəttə ki, müzakirələr zamanı biz gələcək tərəfdaşlığımızın praktiki addımlarını daha geniş müzakirə edəcəyik. Görüşmək üçün irəli sürdüyünüz bu təşəbbüsə görə bir daha təşəkkür edirəm. Sizi bir daha görməyə çox şadam.
-Cənab Prezident, çox təşəkkür edirəm. İlk təqdimata görə sağ olun. Sizi COVID-19 böhranı ilə bağlı vəziyyətin uğurla idarə olunmasına görə təbrik etmək istərdim. Bütün ölkələr hazırda bu çağırışla üz-üzədir və bu böhran bir çox yerlərdə iqtisadi problemləri şərtləndirir. Digər ölkələrlə müqayisədə sizdə vəziyyət daha yaxşıdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Basso Azərbaycan hökuməti ilə külək və günəş enerjisi sahələrində əməkdaşlıq etdiklərini deyərək, bununla bağlı qanunvericilik bazasının qəbul edilməsinin önəminə toxundu, bu sahədə əməkdaşlığın əhəmiyyətindən danışdı.
Görüşdə nəqliyyat, bərpa olunan enerji, "Gəncə - Green City” layihəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, telekommunikasiya, bank sektoru və işğaldan azad edilmiş rayonlarda həyata keçirilən və icra olunacaq layihələrlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























